PDF Oxu

Siyasət

  • 615

Kəlbəcər: tarixi qayıdışdan möhtəşəm dirçəlişə - ŞƏRH

Kəlbəcər: tarixi qayıdışdan möhtəşəm dirçəlişə - ŞƏRH

Kəlbəcər Azərbaycanın tarixində yalnız coğrafi məkan deyil, minilliklər boyu formalaşmış zəngin mədəniyyətin və milli yaddaşın mühüm daşıyıcısıdır. “Kəlbəcər” toponiminin qədim türk dili ilə əlaqələndirilərək “çay üstündə qala” kimi izah edilməsi bu diyarın tarixi kimliyinin göstəricilərindən biridir. Ərazidə aşkar edilmiş qədim yaşayış izləri, qayaüstü təsvirlər, mağara düşərgələri və müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri Kəlbəcərin qədim məskunlaşma məkanlarından biri olduğunu təsdiqləyir. Daş abidələrdə müxtəlif dini və mədəni dövrlərin izlərinin qorunması isə bölgənin çoxqatlı tarixi irsini nümayiş etdirir. Bu irs yalnız Kəlbəcərin deyil, bütövlükdə Azərbaycanın milli sərvətidir.

Zəngin təbiəti, əlverişli coğrafi mövqeyi və mineral su ehtiyatları ilə seçilən Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində işğal edildi. İşğal rayonun tarixi-mədəni irsinə və sosial-iqtisadi həyatına ağır zərbə vurdu. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu, yaşayış məntəqələri, məktəblər, kitabxanalar, səhiyyə və mədəniyyət müəssisələri dağıdıldı və talan edildi. Dinc sakinlərin qətlə yetirilməsi, əsir və itkin düşməsi faciənin miqyasını daha da ağırlaşdırdı. İşğal dövründə tarixi abidələrin dağıdılması, təbii sərvətlərin talanması və ərazinin demoqrafik-mədəni simasının dəyişdirilməsinə yönəlmiş addımlar bölgənin irsinə ciddi ziyan vurdu. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsi işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər yeni işğal olunmuş rayonlarından çıxarılmasını tələb etsə də, bu tələb uzun müddət yerinə yetirilmədi. Azərbaycan isə ərazi bütövlüyünü bərpa etmək əzmindən dönmədi.

2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə Azərbaycanın hərbi-siyasi qüdrətini və xalqımızın qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində formalaşmış yeni hərbi-siyasi reallıq Kəlbəcərin də taleyini dəyişdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, həmin il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, uzun illər davam edən işğala son qoyuldu, doğma yurd həsrəti ilə yaşayan kəlbəcərlilərin qayıdışına yol açıldı. Kəlbəcərin Azərbaycana qaytarılması yalnız ərazi üzərində suveren hüquqlarımızın bərpası deyil, həm də tarixi ədalətin və milli iradənin təntənəsi idi.

İşğalçı qüvvələrin ərazini tərk edərkən yaşayış evlərinə və mülki infrastruktura ziyan vurması, meşələri yandırması Kəlbəcərə qarşı törədilmiş dağıntıların miqyasını bir daha göstərdi. Lakin bu vandalizm xalqımızın quruculuq əzmini sarsıda bilmədi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu tarixi qayıdışın dövlətçilik yaddaşında əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bölgənin dirçəlişi yalnız yeni infrastrukturun yaradılması ilə məhdudlaşmamalı, tarixi abidələrin qorunması, mədəni irsin bərpası və qədim məkanların elmi əsaslarla öyrənilməsi də diqqət mərkəzində saxlanılmalıdır.

Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri keçmişin ağrılarını gələcəyə yönəlmiş inkişaf enerjisinə çevirir. Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli qərarı ilə Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq edilib. Sənəd şəhərin yaşayış, sosial xidmət, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun kompleks şəkildə qurulmasını nəzərdə tutur. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və Murovdağ tuneli bölgənin nəqliyyat əlçatanlığını yaxşılaşdırmaq, iqtisadi əlaqələrini genişləndirmək baxımından strateji əhəmiyyət daşıyır. 2024-cü il sentyabrın 2-də “İstisu” mineral su zavodunun açılması isə Kəlbəcərin təbii sərvətlərinin iqtisadi dövriyyəyə qaytarılmasının konkret nümunəsidir.

Böyük Qayıdışın mühüm mərhələsi kimi 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışı başlanıb. Bu proses doğma yurda dönüşün artıq real həyata çevrildiyini göstərir. Qarşıda duran əsas vəzifə insanların təhlükəsiz və rahat yaşayışını təmin etmək, məşğulluq imkanlarını genişləndirmək, sosial xidmətləri əlçatan etmək və iqtisadi fəallığı artırmaqdır. Kəlbəcərin dirçəlişi təkcə binaların, yolların və istehsal müəssisələrinin bərpası deyil; bu, həm də tarixi yaddaşın, milli kimliyin və həyat ənənələrinin yenidən canlandırılmasıdır. Bir vaxtlar dağıntılara məruz qalmış bu diyar bu gün Azərbaycanın güclü dövlətçilik iradəsinin, quruculuq potensialının və gələcəyə inamının parlaq təcəssümünə çevrilir. Kəlbəcər tarixi qayıdışdan möhtəşəm dirçəlişə uzanan yolun bariz nümunəsidir.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri

Digər xəbərlər