PDF Oxu

Siyasət

  • 345

Azad Kəlbəcər – quruculuq və inkişafın yeni mərhələsi - ŞƏRH

Azad Kəlbəcər – quruculuq və inkişafın yeni mərhələsi - ŞƏRH

Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik bölgələrindən biri olan Kəlbəcər xalqımızın yaddaşında xüsusi yer tutur. Uca dağları, sıx meşələri, şəfalı bulaqları, zəngin təbii sərvətləri və qədim yaşayış məskənləri ilə seçilən bu diyar ölkəmizin ən gözəl guşələrindən biridir. Kəlbəcər yalnız öz təbii gözəllikləri ilə deyil, həm də xalqımızın tarixi keçmişini, milli-mənəvi dəyərlərini və doğma yurda bağlılığını özündə yaşatması ilə böyük əhəmiyyət daşıyır.
Uzun illər işğal altında qalan Kəlbəcər xalqımızın yaddaşında ağır həsrət və nisgil dolu bir dövrün rəmzinə çevrilmişdi. Lakin Azərbaycan dövləti və xalqı doğma torpaqlarımızın işğalı ilə heç zaman barışmadı. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət, güclü ordu quruculuğu və milli birlik ölkəmizin tarixi Zəfərinə möhkəm zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni bir səhifə açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın azadlığı uğrunda mübarizəni Zəfərlə başa çatdırdı. Döyüş meydanında əldə edilən uğurlar, xalqımızın sarsılmaz həmrəyliyi və dövlətimizin qətiyyətli mövqeyi regionda yeni reallıqlar yaratdı. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun Azərbaycana qaytarılması isə bu tarixi Qələbənin mühüm nəticələrindən biri oldu. Beləliklə, uzun illər doğma yurd həsrəti çəkən kəlbəcərlilərin öz torpaqlarına qayıtması üçün yeni imkan yarandı.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təsis edildi. Bu əlamətdar tarix xalqımızın tarixi yaddaşında azadlığın, milli qürurun və ədalətin bərpasının rəmzi kimi xüsusi yer tutur. Kəlbəcər Şəhəri Gününün qeyd olunması həm də bu qədim diyarın ölkəmiz üçün daşıdığı siyasi, tarixi və mənəvi əhəmiyyətin ifadəsidir.
Bu gün azad Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimizin diqqət və qayğısı nəticəsində şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və əhalinin doğma yurda qayıdışının təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan bölgənin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Sənədə uyğun olaraq, yeni yaşayış məhəllələrinin salınması, sosial obyektlərin inşası, yolların çəkilməsi, elektrik, su və digər kommunal sistemlərin qurulması nəzərdə tutulur. Bütün bu layihələr Kəlbəcərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasına və burada rahat yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.
Quruculuq işlərinin əsas məqsədi yalnız dağıdılmış infrastrukturu bərpa etmək deyil, həm də Kəlbəcərdə yeni iqtisadi və sosial həyatın əsasını yaratmaqdır. Doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təmin olunması, təhsil və səhiyyə xidmətlərinin təşkili, sosial rifahın yüksəldilməsi bu prosesin mühüm istiqamətlərindəndir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər Kəlbəcərin yenidən məskunlaşan, inkişaf edən və gələcəyə inamla baxan yaşayış məkanına çevrilməsinə imkan yaradır.
Kəlbəcərin zəngin təbii potensialı bölgənin iqtisadi inkişafında mühüm rol oynayır. Xüsusilə su ehtiyatları və alternativ enerji imkanları bu ərazini yaşıl enerji layihələri baxımından perspektivli bölgələrdən birinə çevirir. Dağ çayları üzərində kiçik su elektrik stansiyalarının bərpası və yenilərinin yaradılması ekoloji cəhətdən təmiz enerji istehsalının genişləndirilməsinə xidmət edir. Tərtərçay və digər su mənbələrinin potensialından istifadə, eləcə də günəş və külək enerjisi imkanlarının qiymətləndirilməsi Kəlbəcərin dayanıqlı enerji təminatı üçün mühüm əhəmiyyət daşıyır. Bu layihələr Azərbaycanın yaşıl enerji strategiyasının həyata keçirilməsinə də töhfə verir.
Bölgənin digər mühüm üstünlüyü onun turizm imkanlarıdır. İstisu mineral bulaqları, füsunkar dağ mənzərələri, zəngin meşə örtüyü və təmiz havası Kəlbəcəri ölkəmizin perspektivli turizm məkanlarından birinə çevirir. Burada sağlamlıq, ekoloji və dağ turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Müasir turizm infrastrukturunun yaradılması gələcəkdə bölgəyə daha çox ziyarətçinin cəlb olunmasına, yeni iş yerlərinin açılmasına və yerli iqtisadiyyatın canlanmasına şərait yaradacaq.
Kəlbəcərdə həyata keçirilən bütün bu layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qurduğu yeni həyatın mühüm tərkib hissəsidir. Vaxtilə doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması, burada yeni yaşayış məntəqələrinin salınması və iqtisadi fəaliyyətin bərpası dövlətimizin ardıcıl siyasətinin nəticəsidir. Bu proses bir daha göstərir ki, Azərbaycan azad etdiyi torpaqları yalnız geri qaytarmaqla kifayətlənmir, həmin ərazilərin hərtərəfli inkişafı və sakinlərin rifahı üçün də bütün zəruri tədbirləri həyata keçirir.
Bu gün Kəlbəcər özünün yeni inkişaf dövrünü yaşayır. Bir zamanlar işğalın ağır izlərini daşıyan bu qədim diyar indi quruculuq, abadlıq və yenilənmə ilə diqqət çəkir. Burada salınan yeni yollar, yaradılan infrastruktur və həyata keçirilən layihələr şəhərin gələcək inkişafına xidmət edir. Əminliklə demək olar ki, dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Kəlbəcər yaxın illərdə Azərbaycanın ən müasir və cəlbedici yaşayış məkanlarından birinə çevriləcək.
Azad Kəlbəcər Azərbaycanın tarixi Qələbəsinin, milli birliyinin və dövlətçilik qüdrətinin parlaq nümunəsidir. Bu qədim diyarın yenidən dirçəlməsi xalqımızın doğma torpaqlarına bağlılığını, dövlətimizin gücünü və gələcəyə olan inamını nümayiş etdirir. Kəlbəcər bu gün azaddır, qurulur və öz sakinləri ilə birlikdə yeni həyata qovuşur. Kəlbəcər Şəhəri Günü isə xalqımızın Zəfər sevincini, tarixi qürurunu və quruculuq əzmini özündə birləşdirən əlamətdar gündür.

İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər