Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq tarixi hadisələrdən biri Kəlbəcərin işğaldan azad edilməsidir. 2020-ci il noyabrın 25-də bu qədim Azərbaycan diyarının işğaldan azad olunması ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nailiyyət olmaqla yanaşı, xalqımızın uzun illər davam edən mübarizəsinin məntiqi nəticəsi idi. Bu tarix Azərbaycanın hərbi-siyasi qüdrətinin və milli həmrəyliyinin təcəssümünə çevrildi.
Kəlbəcər Azərbaycanın zəngin tarixi-mədəni irsə və böyük təbii sərvətlərə malik bölgələrindən biridir. Qədim yaşayış məskənləri, tarixi abidələri, möhtəşəm dağ silsilələri, şəfalı mineral bulaqları və əlverişli təbii imkanları bu diyarın əhəmiyyətini daha da artırır. Kəlbəcər əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin və özünəməxsus mədəniyyətinin yaşadıldığı məkanlardan biri olub.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi bölgənin sosial, iqtisadi və mədəni həyatına ağır zərbə vurdu. Minlərlə ailə məcburi köçkün vəziyyətinə düşdü, yaşayış məntəqələri dağıdıldı, rayonun təbii sərvətlərinə və tarixi-mədəni irsinə ciddi ziyan dəydi. Uzun illər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan kəlbəcərlilər doğma torpaqlarına bağlılıqlarını qoruyub saxladılar və bir gün öz yurdlarına qayıdacaqlarına inandılar.
Azərbaycan ötən illər ərzində ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdi. Ölkənin iqtisadi imkanlarının genişləndirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi tarixi qələbəni şərtləndirən əsas amillər sırasında idi.
2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın qarşısında yeni tarixi imkanlar açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar regionda yeni hərbi-siyasi reallıqlar yaratdı. Nəticədə Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu.
Bəyanatın müddəalarına uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Rayonun təhvil verilməsi zamanı əlavə döyüş əməliyyatlarına ehtiyac qalmaması Azərbaycanın hərbi üstünlüyünün siyasi və diplomatik nəticəyə çevrilməsinin mühüm göstəricisi idi. Bununla da Kəlbəcərin 27 ildən artıq davam edən işğal dövrü başa çatdı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə noyabrın 25-nin Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin milli yaddaşımızda əbədiləşdirilməsinə xidmət edir. Həmin günün qeyd olunması gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və tarixi Zəfərimizin mahiyyətinin dərk edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müharibədən sonrakı dövrdə Azərbaycanın qarşısında dayanan başlıca vəzifələrdən biri azad edilmiş ərazilərin yenidən qurulmasıdır. Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir. Müasir avtomobil yollarının çəkilməsi, tunellərin və körpülərin inşası, enerji təminatı sistemlərinin yaradılması, yaşayış komplekslərinin və sosial obyektlərin tikilməsi rayonun dayanıqlı inkişafına hesablanıb.
Kəlbəcərin yenidən qurulmasında əsas məqsəd müasir standartlara cavab verən yaşayış mühitinin formalaşdırılmasıdır. Bu baxımdan, əhalinin təhlükəsizliyinin təmin olunması, sosial xidmətlərin əlçatanlığı, məşğulluq imkanlarının genişləndirilməsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi prioritet istiqamətlərdəndir.
2025-ci il avqustun 20-dən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması Böyük Qayıdış siyasətinin mühüm nəticələrindən biridir. Uzun illər doğma torpaqlarından ayrı yaşayan insanların öz yurdlarına qovuşması Azərbaycanın tarixi qələbəsinin sosial və mənəvi mahiyyətini daha aydın nümayiş etdirir.
Rayonun zəngin iqtisadi potensialı gələcək inkişaf üçün geniş perspektivlər vəd edir. Kəlbəcərin mineral su ehtiyatları, kənd təsərrüfatı imkanları, dağlıq relyefi və təbii gözəllikləri müxtəlif iqtisadi sahələrin inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. Xüsusilə sağlamlıq turizminin, ekoturizmin və dağ turizminin inkişafı bölgənin iqtisadi fəallığının artırılmasına mühüm töhfə verə bilər.
Kəlbəcərin dirçəlişi Azərbaycanın müharibədən sonrakı strateji inkişaf kursunun bariz nümunəsidir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində işğalın ağır fəsadları aradan qaldırılır, bölgənin iqtisadi potensialı bərpa olunur və insanların doğma torpaqlarında layiqli həyat sürməsi üçün zəruri şərait yaradılır.
25 noyabr həm də Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi gündür. Onların fədakarlığı, Azərbaycan hərbçisinin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə olunan tarixi Zəfər bu gün quruculuq və inkişafla davam etdirilir.
Azad Kəlbəcər Azərbaycanın milli iradəsinin, dövlətçilik qüdrətinin və gələcəyə yönəlmiş inkişaf strategiyasının canlı ifadəsidir. Bu qədim diyarın yenidən qurulması ölkəmizin tarixində yeni və mühüm bir mərhələnin başlanğıcıdır.
Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini