PDF Oxu

Siyasət

  • 323

Azad Kəlbəcər: Tarixi ədalətin və dövlətçilik əzminin təntənəsi - ŞƏRH

Azad Kəlbəcər: Tarixi ədalətin və dövlətçilik əzminin təntənəsi - ŞƏRH

25 noyabr Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, milli qürur və Zəfər salnaməmizin parlaq səhifələrindən biri kimi qeyd olunan əlamətdar gündür. Bu tarix 2020-ci ildə Kəlbəcər rayonunun, o cümlədən Kəlbəcər şəhərinin Ermənistanın işğalından azad edilməsini, tarixi ədalətin bərpasını və doğma torpaqlarımıza qayıdışın yeni mərhələsinin başlanmasını təcəssüm etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edilmişdir. Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə, misilsiz təbii sərvətlərə və füsunkar təbiətə malik bölgələrindən biridir. Rayonun tarixi keçmişi, arxeoloji abidələri, qədim yaşayış məskənləri və mədəniyyət nümunələri onun Azərbaycan xalqının milli-mənəvi irsində mühüm yer tutduğunu təsdiqləyir. Bölgədə aşkar edilmiş qədim yaşayış izləri, qayaüstü təsvirlər, tarixi memarlıq abidələri və məbədlər Kəlbəcərin minilliklərə söykənən zəngin tarixindən xəbər verir. Xüsusilə Xudavəng monastır kompleksi, qədim alban memarlığı nümunələri və müxtəlif tarixi abidələr bölgənin mədəni irsinin əhəmiyyətini nümayiş etdirir. Kəlbəcərin hər bir daşı, qayası və tarixi abidəsi xalqımızın keçmişindən xəbər verən qiymətli yaddaş nümunəsidir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Kiçik Qafqazın qoynunda yerləşən rayon yüksək dağlıq relyefi, zəngin meşələri, mineral su ehtiyatları, dağ çayları və təbii landşaftı ilə seçilir. Murovdağ, Dəlidağ və digər dağ silsilələri bölgəyə xüsusi gözəllik bəxş edir. Tərtər çayı və onun qolları, eləcə də məşhur İstisu mineral bulaqları Kəlbəcərin təbii sərvətlərinin mühüm hissəsini təşkil edir. Bu zənginliklər rayonun turizm, kənd təsərrüfatı, sənaye və alternativ enerji sahələrində böyük potensiala malik olduğunu göstərir. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər 27 ildən artıq müddətdə ağır işğal və dağıntılara məruz qalmışdır. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, tarixi və mədəniyyət abidələri, sosial infrastrukturu dağıdılmış, minlərlə sakin doğma yurd-yuvasından didərgin salınmışdır. Lakin Azərbaycan xalqı heç zaman öz tarixi torpaqlarına qayıdacağına olan inamını itirməmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpasına aparan tarixi yolun əsas mərhələsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində tarixi Zəfər qazandı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, uzun illər davam edən həsrətə son qoyuldu, Kəlbəcər yenidən öz əzəli sahibinə qovuşdu. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində bölgənin sosial-iqtisadi potensialının bərpası, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərin kəndlərinin yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Yanşaq kəndinin müasir tələblərə uyğun bərpası və burada ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb. Layihə çərçivəsində fərdi yaşayış evlərinin, təhsil və sosial obyektlərin, eləcə də zəruri infrastrukturun yaradılması nəzərdə tutulur. Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması planlaşdırılır. Bu yaşayış məntəqələrində müasir yol-nəqliyyat infrastrukturu, məktəblər, uşaq bağçaları və digər sosial obyektlər inşa edilir. Həyata keçirilən layihələr sakinlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə, kənd həyatının yenidən canlandırılmasına xidmət edir. Kəlbəcərin iqtisadi potensialının bərpasında mühüm istiqamətlərdən biri də məşhur İstisu mineral sularının yenidən istehsal və iqtisadi dövriyyəyə qaytarılmasıdır. Uzun illər ərzində Azərbaycanın ən tanınmış müalicəvi mineral su mənbələrindən biri kimi şöhrət qazanan İstisu özünəməxsus kimyəvi tərkibi və müalicəvi xüsusiyyətləri ilə seçilir. İşğal dövründə fəaliyyəti dayandırılmış bu qiymətli təbii sərvətin yenidən ölkə iqtisadiyyatına qazandırılması dövlətimizin həyata keçirdiyi bərpa siyasətinin mühüm nəticələrindəndir. 2024-cü ildə istifadəyə verilmiş “İstisu” mineral su zavodu bölgənin sənaye potensialının inkişafında mühüm rol oynayır. Müasir texnologiyalar əsasında qurulmuş müəssisənin illik istehsal gücü 100 milyon şüşədən artıqdır. Zavodun fəaliyyəti yeni iş yerlərinin yaradılması, yerli iqtisadiyyatın inkişafı və Azərbaycanın mineral su məhsullarının tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, “İstisu” Müalicə-İstirahət Kompleksinin yaradılması Kəlbəcərin gələcəkdə mühüm sağlamlıq və turizm mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar açır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş Kəlbəcərə səfərləri bölgənin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının 25 avqust 2023-cü il tarixində Kəlbəcərə səfəri zamanı bir sıra mühüm infrastruktur layihələrinin açılışı və tikinti işləri ilə tanışlıq həyata keçirilmişdir.Səfər çərçivəsində Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı olmuş, “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıq keçirilmişdir. Eyni zamanda, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları istifadəyə verilmiş, Zar kəndinin təməlqoyma mərasimi keçirilmişdir. Bu layihələr Kəlbəcərin enerji potensialının reallaşdırılması, iqtisadi fəallığın artırılması və bölgənin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.Kəlbəcərdə həyata keçirilən quruculuq işlərinin digər mühüm istiqaməti nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun inşası bölgənin ölkənin digər əraziləri ilə əlaqəsinin yaxşılaşdırılmasına, turizm imkanlarının genişləndirilməsinə və iqtisadi inkişafına xidmət edir. Yol üzərində inşa edilən Murovdağ tuneli mürəkkəb mühəndislik həlləri və strateji əhəmiyyəti ilə seçilir. Bütün bu layihələr Kəlbəcərin gələcək inkişafının möhkəm təməlini formalaşdırır. Kəlbəcərdə görülən işlər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş əraziləri yalnız bərpa etmir, həm də həmin torpaqlarda müasir həyat standartlarına uyğun yeni yaşayış mühiti yaradır. Burada qurulan hər bir yaşayış evi, çəkilən hər bir yol, istifadəyə verilən hər bir müəssisə xalqımızın Böyük Qayıdış arzusunun gerçəkləşməsinə xidmət edir. Bu gün Kəlbəcər yenidən dirçəlir, öz tarixi simasına qovuşur. Doğma yurdlarına qayıdan sakinlərin sevinci, tikilən yeni evlər, yaradılan müasir infrastruktur və istifadəyə verilən müəssisələr Böyük Qayıdışın real nəticələridir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, dövlət-xalq birliyinin və Azərbaycan xalqının sarsılmaz iradəsinin təntənəsidir.25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə hər bir azərbaycanlının qəlbində böyük qürur və sevinc hissi yaşanır. Bu əlamətdar tarix bizə Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etməyi, qazilərimizin qəhrəmanlığını daim yüksək tutmağı və tarixi Zəfərimizin əhəmiyyətini gələcək nəsillərə çatdırmağı bir daha xatırladır. Kəlbəcər artıq işğalın deyil, Zəfərin, quruculuğun, dirçəlişin və Böyük Qayıdışın ünvanıdır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın ən gözəl, abad və inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.

Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər