PDF Oxu

Siyasət

  • 316

Kəlbəcərin azadlığı – Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər strategiyasının təntənəsi - ŞƏRH

Kəlbəcərin azadlığı – Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər strategiyasının təntənəsi - ŞƏRH

25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqı üçün uzun illər işğal altında saxlanılan doğma torpağa qovuşmağın, pozulmuş ədalətin bərpasının və dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan tarixi addımın rəmzidir.

Kəlbəcərin taleyi Azərbaycanın müstəqillik tarixinin ən ağrılı səhifələrindən biri olmuşdur. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu əhalisinin doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələnən ağır humanitar faciə ilə üzləşdi. Dağlıq relyefi, strateji coğrafi mövqeyi, zəngin təbii sərvətləri, tarixi-mədəni abidələri və özünəməxsus təbiəti ilə seçilən bu diyarın işğalı təkcə Azərbaycanın ərazi bütövlüyünə deyil, həm də xalqımızın tarixi-mədəni irsinə vurulan ağır zərbə idi. Kəlbəcərin işğalı nəticəsində minlərlə insan öz evindən, torpağından, doğulduğu yurddan ayrılmağa məcbur oldu. Bir zamanlar həyatın qaynadığı kəndlər, yaşayış məntəqələri, məktəblər, mədəniyyət ocaqları boşaldı, ailələrin illərlə qurduğu həyat dağıldı. İnsanların yaddaşında qalan doğma evlər, uşaqlıq xatirələri, ata-baba ocaqları uzun illər həsrətə çevrildi. Beləliklə, Kəlbəcər yalnız coğrafi ərazi kimi deyil, bütöv bir elin taleyi, minlərlə insanın qırılmış həyat hekayəsi kimi işğal altında qaldı. Kəlbəcərin işğal altında qaldığı 27 ildən artıq müddət ərzində rayonun maddi və mənəvi sərvətləri ciddi dağıntılara və talana məruz qaldı. İşğalın nəticələri yalnız yaşayış evlərinin, inzibati binaların və sosial obyektlərin dağıdılması ilə məhdudlaşmadı. Rayonun zəngin təbii ehtiyatları, mineral su mənbələri, meşələri, faydalı qazıntıları və digər sərvətləri də qanunsuz istismar təhlükəsi ilə üzləşdi. Kəlbəcərin təbii sərvətlərinin qanunsuz mənimsənilməsi, ekoloji tarazlığının pozulması və ətraf mühitə vurulan zərər işğalın maddi nəticələrini daha da ağırlaşdırdı. Rayonun mədəni irsinə vurulan zərbə isə ayrıca faciə idi. Tarixi və dini abidələr, qəbiristanlıqlar, muzeylər, təhsil və mədəniyyət müəssisələri dağıdıldı, talan edildi, xalqımızın əsrlər boyu qoruyub saxladığı tarixi yaddaşın izlərini silməyə yönəlmiş əməllər törədildi. Rəsmi məlumatlara əsasən, işğal zamanı 97 məktəb, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana və çoxsaylı digər sosial obyektlər talan edilərək dağıdılmışdı. 511 dinc sakinin öldürülməsi, 321 nəfərin əsir götürülməsi və ya itkin düşməsi isə bu işğalın insan faciəsinin miqyasını göstərən ağır faktlardır. İşğalın son günlərində baş verənlər də bu dağıntıların təsadüfi olmadığını göstərirdi. 2020-ci ilin noyabrında Ermənistan qüvvələri və bölgədən çıxan erməni sakinlər tərəfindən yaşayış evlərinin yandırılması, ağacların kəsilməsi, təsərrüfat və infrastruktur obyektlərinin dağıdılması barədə məlumatlar yayıldı. Ərazilərdə minaların basdırılması isə Kəlbəcərin gələcək inkişafı və insanların təhlükəsiz qayıdışı qarşısında ciddi maneəyə çevrildi. 2021-ci il iyunun 4-də Susuzluq kəndi ərazisində minaya düşən avtomobildə iki jurnalistin və bir dövlət qulluqçusunun həlak olması bu təhlükənin nə qədər ağır nəticələr doğurduğunu göstərdi. Beləliklə, Kəlbəcər 27 ildən artıq müddətdə yalnız işğal altında saxlanılmadı, həm də onun təbiətinə, iqtisadi potensialına, tarixi-mədəni irsinə və insan yaddaşına ağır zərbələr vuruldu. Lakin bütün bu dağıntılara baxmayaraq, Kəlbəcərin kimliyi, Azərbaycan xalqına məxsusluğu və doğma sakinlərinin qayıdış ümidi yaşamaqda davam etdi.

Kəlbəcərin taleyində dönüş yaradan əsas hadisə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə regionda yeni reallıqlar yaratdı. Uzun illər davam edən işğala son qoyulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapmış tələblərin Azərbaycanın öz gücü hesabına həyata keçirilməsi dövlətimizin hərbi qüdrətini və siyasi iradəsini nümayiş etdirdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və diplomatik fəaliyyət, ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar və müharibənin yekununda yaranmış yeni geosiyasi vəziyyət Kəlbəcərin Azərbaycana qaytarılmasını mümkün etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarıldı. Burada mühüm məqam ondan ibarətdir ki, Kəlbəcərin azad edilməsi ayrıca genişmiqyaslı döyüş əməliyyatı ilə deyil, Vətən müharibəsində qazanılmış Qələbənin yaratdığı hərbi-siyasi üstünlük nəticəsində təmin olundu. Ermənistan əvvəlcə noyabrın 15-dək ərazini boşaltmalı olsa da, müraciət əsasında müddət noyabrın 25-dək uzadılmışdı. Bu hadisə bir daha göstərdi ki, Azərbaycanın qarşıya qoyduğu tarixi məqsədlər ardıcıl dövlət siyasəti, güclü ordu, düzgün strateji qərarlar və milli birlik sayəsində reallaşa bilər. Kəlbəcərin qaytarılması təkcə bir rayonun işğaldan azad edilməsi deyildi. Bu, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ və tarixi ədalətin təntənəsi idi.

25 noyabr 2020-ci il Kəlbəcərin tarixində yeni bir dövrün başlanğıcı oldu. Azərbaycan bayrağının doğma torpaqda yenidən dalğalanması, illərlə yurd həsrəti çəkən insanların qayıdış ümidlərinin gerçəkləşməsi və dövlət suverenliyinin ərazi bütövlüyü çərçivəsində təmin olunması xalqımızın yaddaşına əbədi həkk edildi. Kəlbəcərin Azərbaycana qaytarılmasından sonra qarşıda duran əsas vəzifə işğalın vurduğu yaraları sağaltmaq, dağıdılmış infrastrukturu bərpa etmək və doğma sakinlərin təhlükəsiz, layiqli yaşayışını təmin etmək idi. Bu istiqamətdə dövlət tərəfindən genişmiqyaslı quruculuq və yenidənqurma işlərinə başlanıldı. Kəlbəcərə yeni avtomobil yolları çəkildi, tunellər və körpülər inşa olundu, elektrik enerjisi infrastrukturu yeniləndi, sosial və iqtisadi layihələr həyata keçirilməyə başlandı. İstisu mineral su mənbələrinin və turizm potensialının yenidən dirçəldilməsi istiqamətində də mühüm addımlar atıldı. Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri Azərbaycanın postmüharibə dövründə qarşıya qoyduğu Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. Məqsəd yalnız dağıdılmış şəhər və kəndləri yenidən qurmaq deyil, həm də sakinlərin doğma torpaqlarında müasir yaşayış şəraiti, məşğulluq imkanları və davamlı inkişaf üçün zəruri mühit yaratmaqdır. 2023-cü il iyulun 31-də imzalanmış Sərəncamla 25 noyabr tarixinin Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi də bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir.

Kəlbəcərin taleyi Azərbaycanın müasir tarixində işğaldan azadlığa, məğlubiyyət acısından tarixi Qələbəyə, dağıntıdan quruculuğa uzanan böyük bir yolun təcəssümüdür. 1993-cü ildə doğma yurdlarından didərgin salınan insanların 2020-ci ildə qayıdış ümidlərinin gerçəkləşməsi Azərbaycan dövlətinin öz tarixi torpaqlarına sahib çıxmaq əzminin nəticəsi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiya, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın milli həmrəyliyi Kəlbəcərin 27 illik işğalına son qoyulmasında həlledici rol oynadı. Bu tarixi hadisənin ən mühüm nəticəsi isə ondan ibarətdir ki, vaxtilə işğalın, talanın və dağıntıların simvoluna çevrilmiş Kəlbəcər bu gün müstəqil Azərbaycanın quruculuq və dirçəliş məkanına çevrilməkdədir. Kəlbəcərin azadlığı bir daha sübut etdi ki, torpaq yalnız hərbi güclə deyil, dövlətçilik iradəsi, siyasi qətiyyət, milli birlik və gələcəyə hesablanmış strategiya ilə öz sahibinə qovuşur. Bu gün Kəlbəcərdə dalğalanan üçrəngli bayrağımız xalqımızın əbədi qürurunun, dövlətimizin suverenliyinin və Böyük Qayıdışın rəmzidir.

Kəlbəcər azaddır, Kəlbəcər dirçəlir və Kəlbəcərin gələcəyi Azərbaycan xalqının gələcəyi ilə birgə yazılır!

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər