PDF Oxu

Siyasət

  • 549

Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə "yaşıl enerji" və təbii ehtiyatların bərpası - FOTO

Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə "yaşıl enerji" və təbii ehtiyatların bərpası - FOTO

25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycanın dövlətçilik tarixində Zəfərin və böyük quruculuğun təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli 822 saylı Qətnaməsinin tələblərinə məhəl qoyulmayaraq işğal altında saxlanılan və ərazisində qeyri-qanuni məskunlaşdırma siyasəti aparılan Kəlbəcər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti nəticəsində azadlığına qovuşdu. 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi həm tarixi ədalətin bərpasının, həm də bölgənin zəngin təbii-coğrafi potensialının yenidən xalqımızın rifahına yönəldilməsinin rəmzinə çevrildi.
Kəlbəcərin mürəkkəb yüksək dağlıq relyefi, dərin çay dərələri və bol sulu dağ çayları – xüsusilə Tərtər çayı və onun qolları – bölgəni hidroenergetika baxımından strateji məkana çevirir. Prezident İlham Əliyevin müəyyən etdiyi "yaşıl enerji" zonası konsepsiyası çərçivəsində Kəlbəcərin enerji ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində mühüm layihələr icra olunur.
Dövlət başçısının Kəlbəcərə səfərləri zamanı "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının və Tərtər çayı üzərində yerləşən "Yuxarı Vəng" Su Elektrik Stansiyasının açılışı, eləcə də "Çıraq-1" Kiçik Su Elektrik Stansiyasındakı tikinti işlərinin yüksək səviyyədə aparılması bu ardıcıl siyasətin bariz nümunəsidir. Yüksək dağ çaylarının təbii potensialına əsaslanan bu stansiyalar ətraf mühitə zərər vurmadan ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edir, azad olunmuş ərazilərin dayanıqlı enerji təminatını gücləndirir və ölkənin ümumi enerji balansında bərpa olunan enerjinin payını artırır.
Mineral su sərvətləri və müalicəvi turizm potensialıGeomorfoloji quruluşu və tektonik xüsusiyyətləri ilə seçilən Kəlbəcər həm də nadir termal və mineral su mənbələri ilə zəngindir. Ölkəmizdəki ümumi mineral su ehtiyatlarının təxminən üçdə birinin Kəlbəcər və Laçın rayonlarının payına düşməsi bu ərazinin təbii-iqtisadi əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin tapşırığı və iştirakı ilə Kəlbəcərdə "İstisu" mineral su zavodunun və məşhur "İstisu" sanatoriyasının təməlinin qoyulması bu unikal təbii sərvətin müasir standartlar əsasında yenidən iqtisadi dövriyyəyə qaytarılmasını təmin edir. Mineral suların sənaye üsulu ilə istehsalı və kurort-sanatoriya infrastrukturunun müasir tələblərə uyğun qurulması Kəlbəcəri həm sənaye, həm də beynəlxalq səviyyəli sağlamlıq turizmi mərkəzinə çevirir.
Yüksək dağlıq ərazilərin sosial-iqtisadi dirçəlişi ilk növbədə etibarlı nəqliyyat-kommunikasiya şəbəkəsinin qurulmasından asılıdır. Kəlbəcər–Laçın avtomobil yolunun inşası, eləcə də Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsi çərçivəsində mürəkkəb relyef şəraitində tunellərin, o cümlədən 4-cü tunelin və yolun mühüm hissələrinin salınması müasir mühəndis-texniki nailiyyətlərin tətbiqi ilə bölgənin nəqliyyat əlçatanlığını təmin edir.
Eyni zamanda, "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nın icrası, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeyləri kompleksinin yaradılması və tarixi-mədəni irsin qorunması bölgənin hərtərəfli inkişafına xidmət edir. Bütün bu görülən işlər göstərir ki, Prezident İlham Əliyevin uğurlu dövlət siyasəti sayəsində Kəlbəcərin zəngin təbii ehtiyatları və "yaşıl enerji" potensialı müasir texnologiyalarla vəhdətdə yenidən dirçəlir və Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verir.

Fuad Zamanov

YAP Naftalan şəhər təşkilatının “Heydər Əliyev prospekti 204” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər