Kəlbəcər təkcə azad edilmiş torpaq deyil, həm də xalqımızın yenilməz iradəsinin, doğma yurda bağlılığının və Böyük Qayıdışın rəmzidir.
Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 25 noyabr xalqımızın yaddaşına əbədi həkk olunmuş mühüm günlərdəndir. Bu tarix yalnız bir şəhərin işğaldan azad edilməsi deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın ümidlərinin gerçəkləşməsi, tarixi ədalətin bərpası və milli iradənin təntənəsidir. Bu gün Kəlbəcər öz azadlığına qovuşmuş, yenidən qurulan, dirçələn və gələcəyə inamla addımlayan Azərbaycan torpağı kimi tarixinin yeni mərhələsini yaşayır.
Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən, təbii gözəlliyi və zəngin tarixi-mədəni irsi ilə seçilən bölgələrindən biridir. Kiçik Qafqazın qoynunda yerləşən bu diyar uca dağları, sıx meşələri, gur çayları, mineral bulaqları, füsunkar yaylaqları və zəngin təbii sərvətləri ilə hər zaman ölkəmizin seçilən guşələrindən olub. Tərtər çayının vadisi, İstisu mineral bulaqları, Dəlidağ və digər dağ silsilələri Kəlbəcərə özünəməxsus təbiət gözəlliyi bəxş edir.
Kəlbəcər həm də qədim tariximizin canlı salnaməsidir. Burada aşkar edilmiş qədim yaşayış məskənləri, qayaüstü təsvirlər, tarixi memarlıq nümunələri və daş abidələr bu torpağın minilliklərə söykənən mədəniyyətindən xəbər verir. Qədim türk izlərini özündə yaşadan bu diyar xalqımızın tarixi yaddaşında xüsusi yer tutur. Kəlbəcər yalnız coğrafi məkan deyil, həm də milli kimliyimizin, mədəni irsimizin və mənəvi zənginliyimizin ayrılmaz hissəsidir.
Təəssüf ki, Azərbaycanın bu gözəl guşəsi 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu hadisə Kəlbəcər tarixinin ən faciəli səhifələrindən biri oldu. Minlərlə insan doğma evindən, torpağından, ata-baba ocağından didərgin düşdü. Ailələr parçalandı, insanların həyatında dərin yaralar açıldı. Kəlbəcərlilər uzun illər doğma yurdlarının həsrəti ilə yaşamağa məcbur oldular.
İşğal nəticəsində yüzlərlə yaşayış evi, məktəb, mədəniyyət və səhiyyə müəssisəsi, tarixi abidə dağıdıldı və talan edildi. Təbiətə, meşələrə, tarixi-mədəni irsə ciddi ziyan vuruldu. Kəlbəcərin işğalı nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və ya itkin düşdü. Bu faciə xalqımızın yaddaşında silinməz iz buraxdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın taleyində yeni bir tarixi mərhələnin əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 25-də xalqa müraciətində Kəlbəcərin azad olunmasını böyük tarixi hadisə kimi qiymətləndirdi və bütün kəlbəcərliləri bu münasibətlə təbrik etdi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təsis edildi. Bu qərar tarixi Zəfərin əbədiləşdirilməsi, şəhidlərimizin xatirəsinin uca tutulması və gələcək nəsillərə milli yaddaşın ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə müəyyənləşdirdiyi inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Dövlətin diqqət və qayğısı ilə şəhərin müasir tələblərə uyğun yenidən qurulması, infrastrukturun bərpası, yaşayış məhəllələrinin salınması, sosial obyektlərin inşası istiqamətində ardıcıl tədbirlər görülür.
Kəlbəcərin gələcək inkişafı üçün hazırlanmış 2040-cı ilədək inkişaf Baş Planı şəhərin yeni simasını müəyyənləşdirir. Plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara çatdırılması, əhalisinin isə 17 min nəfərə qədər artırılması nəzərdə tutulur. Yeni yaşayış binaları, fərdi evlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və idman obyektləri şəhərin sosial həyatının inkişafına xidmət edəcək.
Xüsusilə qeyd etmək lazımdır ki, Kəlbəcərin yenidən qurulmasında müasir şəhərsalma prinsipləri, ekoloji tarazlığın qorunması və insanların rahat yaşayışı əsas götürülür. Baş Plana əsasən, şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması nəzərdə tutulur. Bu isə Kəlbəcərin təbii gözəlliyinin qorunması ilə yanaşı, gələcək nəsillər üçün sağlam yaşayış mühitinin yaradılması deməkdir.
Bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası bölgənin ölkənin digər əraziləri ilə əlaqəsini daha da yaxşılaşdırır. Bu layihələr yalnız nəqliyyat baxımından deyil, həm də iqtisadi inkişaf, turizm və sahibkarlıq üçün yeni imkanlar yaradır.
Kəlbəcərin azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri keçmiş məcburi köçkünlərin təhlükəsiz və dayanıqlı şəkildə öz doğma yurdlarına qayıdışını təmin etməkdir. Bu gün Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər həmin məqsədə xidmət edir.
2025-ci il avqustun 20-dən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Avqustun 21-də Prezident İlham Əliyev şəhərə köçmüş ailələrə yeni mənzillərin açarlarını təqdim edib. Bu, illərlə yurd həsrəti ilə yaşayan insanlar üçün əlamətdar və unudulmaz hadisədir.
Böyük Qayıdış yalnız insanların yaşayış yerlərinə köçürülməsi deyil. Bu, həm də doğma torpaqlarda iqtisadi və sosial həyatın bərpası, məktəblərin, xəstəxanaların, mədəniyyət müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin yaradılması və milli-mənəvi dəyərlərin yenidən yaşadılması deməkdir.
Bu prosesin uğurla davam etdirilməsi Kəlbəcərin gələcəkdə Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə çevrilməsinə zəmin yaradır.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü hər bir azərbaycanlı üçün böyük mənəvi əhəmiyyət daşıyır. Bu gün biz yalnız qazanılmış Zəfəri qeyd etmirik, eyni zamanda doğma torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Kəlbəcərin azadlığı uğrunda mübarizə aparan qəhrəman oğullarımızın şücaəti heç zaman unudulmayacaq.
Bu tarix bizə bir daha xatırladır ki, Vətən sevgisi yalnız sözlə deyil, əməl, fədakarlıq və sədaqətlə sübut olunur. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgərlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində bu gün Kəlbəcər azaddır.
Kəlbəcər artıq yalnız keçmişin xatirələri ilə yaşayan bir yurd deyil. O, yenidən qurulan, inkişaf edən, sakinlərinin qayıdışını gözləyən və gələcəyə inamla baxan bir şəhərdir. Burada salınan hər yeni küçə, tikilən hər bir ev, bərpa olunan hər bir tarixi məkan xalqımızın iradəsinin və quruculuq əzminin təcəssümüdür.
Əminliklə demək olar ki, qarşıdakı illərdə Kəlbəcər öz təbii gözəlliyi, zəngin tarixi, müasir infrastrukturu və inkişaf edən iqtisadiyyatı ilə Azərbaycanın ən cəlbedici bölgələrindən birinə çevriləcək. Onun dağlarında yenidən həyat canlanacaq, bulaqlarının səsi doğma yurda qayıdan insanların sevincinə qarışacaq.
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı