PDF Oxu

Siyasət

  • 349

Kəlbəcər – tarixi Zəfərdən davamlı inkişaf yoluna - ŞƏRH

Kəlbəcər – tarixi Zəfərdən davamlı inkişaf yoluna - ŞƏRH

Azərbaycanın müasir dövlətçilik tarixində 25 noyabr xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 2020-ci ilin bu günündə Kəlbəcər rayonunun işğaldan azad edilməsi xalqımızın uzun illər davam edən həsrətinə son qoymaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisəyə çevrildi. Bu əlamətdar tarix Azərbaycanın hərbi qüdrətinin, siyasi iradəsinin və milli birliyinin təntənəsini ifadə edir.

Kəlbəcər Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və əsrarəngiz təbiətini özündə birləşdirən nadir bölgələrdəndir. Rayon ərazisində mövcud olan qədim yaşayış məskənləri, minilliklərin izlərini daşıyan qayaüstü təsvirlər və digər tarixi abidələr bu torpaqların zəngin mədəni irsindən xəbər verir. Uca dağları, sıx meşələri, şəfalı mineral bulaqları və geniş təbii sərvətləri ilə seçilən Kəlbəcər Azərbaycanın iqtisadi və turizm potensialı baxımından da mühüm əhəmiyyətə malikdir.
Təəssüf ki, 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi bölgənin inkişafını uzun müddətə dayandırdı. On minlərlə insan doğma yurdunu tərk etmək məcburiyyətində qaldı, yüzlərlə dinc sakin həyatını itirdi, çoxsaylı yaşayış məntəqələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri dağıdıldı. İşğal nəticəsində rayonun iqtisadiyyatına, təbiətinə və tarixi-mədəni irsinə böyük zərər vuruldu.
Kəlbəcərin işğalından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822 saylı qətnamədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb olunurdu. Lakin uzun illər ərzində həmin sənədin tələbləri yerinə yetirilmədi. Azərbaycan isə ötən dövr ərzində siyasi, diplomatik, iqtisadi və hərbi imkanlarını genişləndirərək öz ərazi bütövlüyünün bərpası üçün möhkəm zəmin yaratdı.
2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar formalaşdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbələr Ermənistanı üçtərəfli Bəyanatı imzalamağa məcbur etdi. Müharibə zamanı Kəlbəcər istiqamətində strateji yüksəkliklərin nəzarətə götürülməsi də ümumi hərbi uğurun əldə edilməsində mühüm rol oynadı. 10 noyabr tarixli Bəyanatın müddəalarına uyğun olaraq, 2020-ci il noyabrın 25-də Kəlbəcər Azərbaycana qaytarıldı. Bununla da rayonun 27 illik işğal dövrü başa çatdı.
Azadlıqdan sonra Kəlbəcərin tarixində tamamilə yeni mərhələ başlandı. Azərbaycan dövləti işğal nəticəsində dağıdılmış yaşayış məntəqələrinin bərpasını, müasir infrastrukturun yaradılmasını və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələr Kəlbəcərin gələcək inkişafının əsasını təşkil edir.
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı bölgənin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Şəhər ərazisinin genişləndirilməsi, 17 min nəfərin məskunlaşması üçün zəruri şəraitin yaradılması, minlərlə mənzilin, təhsil və səhiyyə müəssisələrinin, istirahət və xidmət obyektlərinin inşası əsas hədəflər sırasındadır. Yaşıllıq sahələrinin genişləndirilməsi isə şəhərin təbii xüsusiyyətlərinin qorunmasına və sağlam yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək.
Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərdə həyata keçirilən yaşayış layihələri xüsusi əhəmiyyət daşıyır. Şəhərdə 524 ailə üçün nəzərdə tutulan yaşayış kompleksinin yaradılması, Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması uzun illər yurd həsrəti ilə yaşayan insanların doğma torpaqlarına qovuşmasına xidmət edir. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı sakinlərə yeni mənzillərin açarlarının təqdim olunması bu istiqamətdə atılan mühüm addımlardan biri oldu.
Rayonun dayanıqlı inkişafını təmin edən əsas amillərdən biri də nəqliyyat infrastrukturunun yenilənməsidir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası Kəlbəcərin ölkənin digər bölgələri ilə əlaqələrinin daha əlverişli şəkildə təşkilinə imkan yaradacaq. Bu layihələr əhalinin rahat hərəkətini təmin etməklə yanaşı, turizmin, sahibkarlığın və kənd təsərrüfatının inkişafına da yeni imkanlar açacaq.
Kəlbəcərin zəngin su ehtiyatlarından səmərəli istifadə edilməsi Azərbaycanın yaşıl enerji strategiyasının mühüm istiqamətlərindən biridir. Rayonda kiçik su elektrik stansiyalarının tikilməsi və bərpası yerli enerji potensialının iqtisadi dövriyyəyə cəlb olunmasına, ekoloji baxımdan daha təmiz enerji istehsalının genişləndirilməsinə xidmət edir.
Bölgənin iqtisadi dirçəlişində İstisu mineral su mənbələrinin də xüsusi rolu vardır. İstisu mineral su zavodunun fəaliyyətə başlaması, müalicə-istirahət kompleksinin yaradılması və turizm infrastrukturunun inkişaf etdirilməsi Kəlbəcərin gələcəkdə Azərbaycanın mühüm sağlamlıq turizmi mərkəzlərindən birinə çevrilməsi üçün əlverişli imkanlar formalaşdırır. Yeni müəssisələrin yaradılması eyni zamanda yerli əhalinin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir.
Kəlbəcərin azad olunması uğrunda göstərilən qəhrəmanlıq Azərbaycan dövlətinin və xalqının yaddaşında daim yaşayacaqdır. Minlərlə hərbi qulluqçunun “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi onların xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü kimi təsis olunması isə bu əlamətdar tarixin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İşğalın ağır nəticələrini geridə qoyan bu qədim diyar müasir yaşayış məkanına, iqtisadi fəaliyyət və turizm mərkəzinə çevrilmək istiqamətində inkişaf edir. Kəlbəcərin yenidən dirçəlməsi tarixi Zəfərin quruculuq meydanında davam etdirilməsinin bariz nümunəsidir.

İsa Məmmədov
YAP Babək rayon təşkilatının sədri

Digər xəbərlər