PDF Oxu

Siyasət

  • 285

Zirvələrdə ucalan Zəfər və dirçəliş salnaməsi: Kəlbəcər yeni inkişaf mərhələsində - ŞƏRH

Zirvələrdə ucalan Zəfər və dirçəliş salnaməsi: Kəlbəcər yeni inkişaf mərhələsində - ŞƏRH

Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi yalnız ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası deyil, həm də işğaldan azad edilmiş torpaqlarımızın yeni həyatının başlanğıcı oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, müzəffər Ordumuzun rəşadəti və siyasi-diplomatik meydanda qazanılan parlaq qələbə nəticəsində 2020-ci il noyabrın 25-də bir güllə belə atılmadan azadlığına qovuşan Kəlbəcər rayonu bu gün misilsiz bərpa və quruculuq dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilən 25 Noyabr – Kəlbəcər Şəhəri Günü hər il xalqımız tərəfindən böyük qürur və Zəfər ruhu ilə qarşılanır.

Kəlbəcərin bu günkü dirçəlişinin təməlində ilk növbədə onun minilliklərə söykənən dərin tarixi kökləri və zəngin mədəni irsi dayanır. Bölgədə aparılan arxeoloji tədqiqatlar və aşkarlanan maddi-mədəniyyət nümunələri sübut edir ki, Kəlbəcər hələ ibtidai icma dövründən başlayaraq Azərbaycan xalqının əzəli və fasiləsiz yaşayış məskəni olub. Xüsusilə Soltan Heydər, Qurbağaçay, Turşsu, Ayçınqıllı, Gəlinqayası, Böyükdəvəgözü və Sərçəli ərazilərindəki qayalar üzərində həkk olunmuş qədim təsvirlər bu diyarın Qobustan və Gəmiqaya mədəniyyəti ilə eyni tarixi-etnik köklərə bağlı olduğunu təsdiqləyir. Bununla yanaşı, rayon ərazisindəki Alban dövrünə aid möhtəşəm memarlıq abidələri — Xudavəng və Gəncəsər monastır kompleksləri, eləcə də əsrlərin sınağından çıxmış Lök qalası, Uluxan qalası, qədim kurqanlar və daş qoç fiqurları bu torpaqların tarixi sahibinin kim olduğunu dünyaya nümayiş etdirən silinməz möhürdür. İşğal dövründə erməni vandalizminə məruz qalan bu tarixi-mədəni abidələr dövlətimizin diqqəti sayəsində yenidən bərpa edilərək öz əvvəlki əzəmətinə qaytarılır.

Zəngin tarixi abidələri qədər bənzərsiz təbiəti və strateji relyefi ilə də seçilən Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Rayonun ərazisi dəniz səviyyəsindən 1500–3800 metr yüksəklikdə qərarlaşıb. Murovdağ silsiləsinin ən uca zirvəsi olan Gamışdağ (3724 metr) və əzəmətli Dəlidağ (3616 metr) məhz Kəlbəcərin təbii simvollarıdır. Sərt dağ iqlimi, sıldırım qayaları, zəngin meşə örtüyü, Tərtərçay, Bazarçay və Xaçınçay kimi gur dağ çayları, eləcə də ucsuz-bucaqsız alp çəmənlikləri bu bölgəyə təkrarolunmaz təbii gözəllik bəxş etməklə yanaşı, həm də rayonun hərbi-strateji və iqtisadi əhəmiyyətini qat-qat artırır.

Bölgənin bu mürəkkəb dağ relyefinə və sərt iqlim şəraitinə baxmayaraq, Prezident İlham Əliyevin təsdiq etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Kəlbəcərdə misilsiz miqyasda şəhərsalma və infrastruktur layihələri icra olunur. Əsas məqsəd onilliklər boyu yurd həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli, təhlükəsiz və müasir standartlara tam cavab verən şəraitdə qayıdışını təmin etməkdir. Bu proqram çərçivəsində Yanşaq kəndinin yenidən qurulması layihəsi əsasında burada tam yeni yol-nəqliyyat şəbəkəsi, müasir məktəb, uşaq bağçası və sosial xidmət obyektləri yaradılır və ümumilikdə 421 ailənin daimi məskunlaşdırılması planlaşdırılıb. Eyni templə aparılan bərpa işləri sayəsində müasir yaşayış evləri və dayanıqlı kommunal infrastrukturla təmin olunan Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub ki, burada da sakinlərin məşğulluğu və rahat yaşayışı üçün bütün zəruri imkanlar formalaşdırılır. Rayonun ən iri və qədim yaşayış məntəqələrindən biri olan Zar kəndinin bərpası isə daha genişmiqyaslı tikinti işləri ilə davam etdirilir və layihəyə əsasən kənddə ümumilikdə 855 ailənin doğma ocağına qayıdışı planlaşdırılıb.

Yaşayış məntəqələrinin bərpası ilə paralel olaraq Kəlbəcərin iqtisadi potensialının hərəkətə gətirilməsi və regionun sağlamlıq turizmi mərkəzinə çevrilməsi istiqamətində dünya şöhrətli “İstisu” mineral su zavodu da müstəsna rol oynayır. Müalicəvi tərkibinə və keyfiyyət göstəricilərinə görə məşhur Karlovı Varı suları ilə müqayisə olunan “İstisu” termal bulaqlarının bazasında inşa edilən bu müasir müəssisə rayonun sənaye dirçəlişinin aparıcı qüvvəsinə çevrilib. Yüksək istehsal gücünə malik zavod həm daxili bazarın tələbatını yüksək keyfiyyətli təbii mineral su ilə təmin edir, həm də “Made in Azerbaijan” brendi altında xarici bazarlara ixrac imkanlarını genişləndirir.

Azad olunmuş ərazilərdə aparılan bütün bu genişmiqyaslı bərpa-quruculuq işlərinin yüksək sürət və keyfiyyətlə icra olunması isə birbaşa dövlət başçısının şəxsi nəzarətinin nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə mütəmadi səfərləri rayonun sosial-iqtisadi həyatında mühüm dönüş nöqtələri kimi tarixə düşüb. Xüsusilə Prezidentin 25 avqust 2023-cü il tarixində Kəlbəcərə etdiyi səfər böyük quruculuq mərhələsinin əsasını qoyub: həmin gün dövlət başçısı yaşıl enerji zonasının yaradılması strategiyasına uyğun inşa edilən “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, eləcə də “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışını edib, “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olub, həmçinin Zar kəndinin təməlqoyma mərasimində iştirak edərək yüzlərlə ailənin doğma yurduna qayıdışının rəsmi başlanğıcına xeyir-dua verib.

Bərpa və quruculuq estafeti növbəti illərdə də eyni dinamika ilə davam etdirilərək yeni strateji nəticələr verib. Belə ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 sentyabr 2024-cü il tarixində Kəlbəcərə səfəri rayonun sənaye, enerji və şəhərsalma həyatında növbəti mühüm mərhələ açıb: həmin gün dövlət başçısı vaxtilə təməlini qoyduğu “İstisu” mineral su zavodunun, eləcə də rayonun enerji təhlükəsizliyini möhkəmləndirən “Yuxarı Vəng” və “Zar” Kiçik Su Elektrik stansiyalarının rəsmi açılışını edib, Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, inzibati binanın və İstisu qəsəbəsinin təməlini qoyub. Quruculuq salnaməsinin ən unudulmaz səhifələrindən biri isə 21 avqust 2025-ci il tarixində yazılıb; həmin səfərdə dövlət başçısı strateji əhəmiyyətli Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda görülən işlərlə tanış olub, “Balland – Kəlbəcər arıçılıq məhsulları” mağazasının açılışını edib, Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin və şəhər parkının təməlini qoyub, ən əsası isə doğma yurduna qayıdan ilk kəlbəcərli sakinlərlə görüşərək onlara yeni mənzillərin açarlarını təqdim edib. 2026-cı ildə də Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər şəhərində və kəndlərdə kompleks tikinti-quruculuq işləri, yol-nəqliyyat və enerji infrastrukturunun genişləndirilməsi, eləcə də keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma ocaqlarına köçürülməsi uğurla davam etdirilir.

Tarixi ədalətin bərpa olunduğu 25 Noyabr – Kəlbəcər Şəhəri Günü Vətən müharibəsində qazanılan şanlı Zəfərin ən parlaq səhifələrindən biri kimi xalqımızın yaddaşında əbədi yaşayır. Siyasi iradə və hərbi qüdrət hesabına azadlığına qovuşan Kəlbəcərdə bu gün ucalan hər bir bina, çəkilən hər bir yol və istifadəyə verilən hər bir enerji obyekti bu müqəddəs Zəfər ruhunun, Azərbaycan dövlətinin sarsılmaz gücünün və Böyük Qayıdışın təntənəsinin bariz nümunəsidir.

Fərizə Salahlı

YAP Naxçıvan şəhər təşkilatı “Nizami 12” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər