PDF Oxu

Siyasət

  • 338

Kəlbəcər rayonunda məskunlaşma davam edir - ŞƏRH

Kəlbəcər rayonunda məskunlaşma davam edir - ŞƏRH

​Hər il 25 noyabr tarixində qeyd olunan Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında qürur və zəfər günü kimi mühüm yer tutur. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər 27 il ərzində dağıntılara və talanlara məruz qaldı, on minlərlə sakin öz doğma yurd-yuvasından didərgin düşdü. Lakin 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə bu ədalətsizliyə son qoydu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də bir güllə belə atılmadan, şəhid verilmədən Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.

​Tarixi zəfərdən dərhal sonra Prezident İlham Əliyevin birbaşa nəzarəti və tapşırıqları ilə Kəlbəcər rayonunda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Sərt dağlıq relyefə və çətin iqlim şəraitinə baxmayaraq, dövlət başçısının bölgəyə mütəmadi səfərləri və təməlqoyma mərasimləri rayonun dirçəlişinə güclü təkan verdi. Qısa müddətdə bölgənin ölkənin ümumi nəqliyyat və enerji şəbəkəsinə inteqrasiyası təmin olundu; Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun və strateji əhəmiyyətli Murovdağ tunelinin tikintisi rayonun gediş-gəliş imkanlarını kökündən dəyişdi. Eyni zamanda, yeni yarımstansiyalar, yüksəkgərginlikli elektrik xətləri və kiçik su elektrik stansiyaları istismara verilərək Kəlbəcər "yaşıl enerji" zonasına çevrildi, şəhərin Baş Planına uyğun olaraq müasir yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları və xəstəxana komplekslərinin inşasına başlanıldı.

​Bu gün həmin nəhəng quruculuq işlərinin məntiqi davamı olaraq Kəlbəcər rayonunda əhalinin məskunlaşması uğurla davam edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir. Kəlbəcər şəhəri ilə yanaşı, rayonun Zar, Yanşaq, Zəylik və digər kəndlərində müasir standartlara cavab verən fərdi evlər və sosial obyektlər sakinlərin istifadəsinə verilir. Məskunlaşma prosesi ilə paralel olaraq qayıdan əhalinin daimi məşğulluğu da təmin olunur; rayonun zəngin potensialına uyğun olaraq heyvandarlıq və arıçılığın inkişafına dövlət dəstəyi göstərilir, İstisu sanatoriyasının yenidən qurulması və mineral su ehtiyatlarının istismarı hesabına yeni iş yerləri yaradılır.

​25 noyabr – Kəlbəcər Şəhəri Günü artıq təkcə azadlıq sevinci deyil, həm də bu torpaqlara qayıdan həyatın, yenidən qurulan evlərin və dirçələn yurd yerlərinin bayramıdır. Kəlbəcər rayonunda davam edən məskunlaşma prosesi bölgənin yaxın gələcəkdə ölkənin ən abad və inkişaf etmiş guşələrindən birinə çevriləcəyini aydın şəkildə göstərir.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Digər xəbərlər