Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti çərçivəsində layihələrə 70 milyon avro ayıracaq
Avropa Komissiyası bu ilin axırlarında Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində əsas investisiya layihələrinə 70 milyon avro ayıracaq.
Avropa Komissiyasının mətbuat xidmətindən bildirilib ki, həmin vəsait AQS-yə qoşulan ölkələrə energetika, nəqliyyat, ətraf mühit və sosial sektor kimi sahələrdə əsas investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarını artıracaq. Avropa İttifaqının xarici siyasət və Avropa qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdner bildirib ki, Qonşuluq İnvestisiyalaşdırma Proqramı (QİP) sahəsində əldə olunan müsbət nəticələrdən məmnundur. QİP maliyyələşdirilməsinin cari ildə əsaslı surətdə artırılması qonşularımızın əsas sektorlarda islahatlarına kömək göstərməyə dair öhdəliklərimizin yerinə yetirilməsinə sübutdur. Mən şadam ki, mövcud olduğu elə ilk ildə QİP xətti ilə əhalinin həyatı üçün vacib olan su, sağlamlıq və şəhər nəqliyyatı kimi baza sahələrinə dair 15 layihə bəyənilmişdir. Fəaliyyətə başladığı elə ilk ildə QİP-in bəyəndiyi 15 layihənin ümumi dəyəri 71 milyon avroya bərabərir.
QİP əsas diqqətini Avropa Qonşuluq Siyasətinin fəaliyyət planını imzalamış ölkələrə yönəldib. Bu ölkələr Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, İordaniya, Fələstin, Livan, Mərakeş, Misir, Tunis və Ermənistandır.