Oktyabrın 7-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Nikola Sarkozini qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Fransa Prezidentinə raport verdi. Fransanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Nikola Sarkoziyə, Fransa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin təkbətək görüşü
Oktyabrın 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçılarının birgə işçi lançı
Oktyabrın 7-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Nikola Sarkozi ilə birgə işçi lançı olub.
Azərbaycanın birinci xanımı Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunub
Oktyabrın 7-də Fransa Prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunması mərasimi keçirilib. Fransa Prezidenti Nikola Sarkozi mərasimdə çıxış edib: "Cənab Prezident, hörmətli xanım, Siz Bakıda dünyaya göz açmısınız. Azərbaycanın ən yaxşı səfirisiniz, eyni zamanda, Siz dünyada bütün qadınlar üçün gözəl nümunəsiniz. Bilirik ki, ali təhsilinizi Moskvada almısınız, oftalmologiya sahəsində mütəxəssissiniz. Ölkənizin maraqları naminə gərgin fəaliyyət aparırsınız, həmçinin parlamentdə fəal iş görürsünüz. Parlamentdə ABŞ-Azərbaycan dostluq qrupunun sədrliyindən Fransa-Azərbaycan dostluq qrupunun sədrliyinə keçmək qərarınız bizim üçün böyük şərəfdir. Bu, strateji və əla seçim oldu. Eyni zamanda, Siz mədəni müxtəlifliyin təşviq edilməsində şəxsən iştirak edirsiniz. Siz Fransanın böyük dostusunuz. Olduqca mühüm iş aparırsınız. Rəhbərlik etdiyiniz Fond uşaqlara qayğı sahəsində böyük işlər görmüşdür. Bu Fond, həmçinin dünya mədəni irsinin qorunmasına da töhfə verir. Beləliklə, Azərbaycanın birinci xanımına ölkəmizin - Fransa Respublikasının ali ordenini təqdim etmək istərdim. Hörmətli Mehriban xanım Əliyeva, Fransa Respublikasının adından Sizə "Şərəf Legionunun Zabiti" ordenini təqdim edirəm."
Sonra Fransa dövlətinin başçısı "Şərəf Legionunun Zabiti" ordenini Azərbaycanın birinci xanımına təqdim etdi.
X X X
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, göstərilən diqqətə görə Fransa Prezidenti Nikola Sarkoziyə minnətdarlığını bildirib: "Hörmətli cənab Prezident, Fransa dövlətinin yüksək mükafatı olan "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə məni təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Mənim üçün bu, böyük şərəfdir və fəaliyyətimə verilən yüksək qiymətdir. Mənim haqqımda dediyiniz sözlərə görə Sizə minnətdarlığımı bildirirəm.
Sizi əmin etmək istəyirəm ki, Azərbaycan ilə Fransa arasında münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün böyük istəklə əlimdən gələni edəcəyəm. Mən çox şadam ki, bu gün təməli qoyulan Bakı Fransız Liseyinin reallaşmasında rəhbərlik etdiyim Heydər Əliyev Fondunun da əməyi vardır. Əminəm ki, bu lisey həm ölkəmizin təhsil sisteminin inkişafına töhfəsini verəcək, həm də Azərbaycanda fransız dilini, Fransanın tarixi və mədəniyyətini təbliğ edəcəkdir. Biz bu il Fransada Azərbaycanın mədəniyyətini tanıtmaq üçün müxtəlif tədbirlər, konsertlər, festivallar keçirdik. Gələn il Bakıda - paytaxtımızda zəngin Fransa incəsənətini əks etdirən "Plaisirs de France" sərgisi keçiriləcəkdir. Yaxın gələcəkdə Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq və beləliklə də ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığımız daha da dərinləşəcəkdir. Çox xoşbəxtəm ki, bu sahədə mənim də əməyim vardır. Cənab Prezident, ölkənizə olan dərin hörmət və məhəbbətimi ifadə edərək bir daha Sizə və Fransa dövlətinə bu yüksək mükafata görə təşəkkürümü bildirirəm. Ölkənizə, xalqınıza, Sizə və ailənizə ən xoş arzularımı diləyirəm. Bir daha çox sağ olun." Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev və Fransa Prezidenti Nikola Sarkozi Bakıda Fransız Liseyinin təməlqoyma mərasimində iştirak ediblər
Dünən Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Nikola Sarkozi və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mərasim iştirakçıları Azərbaycan və Fransa prezidentlərini hərarətlə qarşıladılar.
Əvvəlcə "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Fransız Liseyinin yaradılması haqqında Saziş" imzalandı. Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri dö Renkur imzaladılar. Azərbaycanın və Fransanın dövlət başçıları mərasimdə çıxış etdilər. Prezident İlham Əliyev ali qonağı salamlayaraq deyib ki, İlk dəfə olaraq Fransa Prezidenti Azərbaycana səfər edir. Dövlət başçısı əmin olduğunu diqqətə çatdırıb ki, Fransa Prezidentinin Azərbaycana səfəri, Fransa-Azərbaycan əlaqələrinin gələcək uğurlu inkişafına çox böyük töhfəsini verəcək: "Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Son illər ərzində ölkələrimiz arasında yaşanan əməkdaşlıq bizi daha da ruhlandırır və əmin edir ki, gələcəkdə də Fransa-Azərbaycan əlaqələri strateji xarakter daşıyacaqdır.
Siyasi əlaqələrimiz çox intensivdir. Mən dəfələrlə Sizin gözəl ölkənizə səfər etmişəm, bu gün isə Siz bizim qonağımızsınız. Siyasi sahədə əməkdaşlığın perspektivləri də çox gözəldir. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında Fransanın çox böyük rolu vardır. Şəxsən Sizin və rəhbərlik etdiyiniz dövlətin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə verdiyiniz dəstəyə görə Sizə minnətdaram. Əlbəttə, regional təhlükəsizlik məsələləri daim diqqət mərkəzindədir. Bu gün də bu məsələlərlə bağlı biz Sizinlə çox geniş və səmimi söhbət aparmışıq. Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması işində çox mühüm rol oynayır. Biz bu rolu yüksək qiymətləndiririk və ümid edirik ki, şəxsən Sizin səyləriniz nəticəsində münaqişə tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.
Uzun illərdir ki, Azərbaycan torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpağında qaçqın-köçkün həyatı yaşayır. Bu vəziyyətə son qoyulmalıdır və Sizin də qeyd etdiyiniz kimi, status-kvo dəyişdirilməlidir. Hesab edirəm ki, status-kvonun dəyişdirilməsi üçün yaxşı imkanlar vardır və status-kvonun dəyişdirilməsini ən çox arzulayan tərəf Azərbaycandır."
Daha sonra Fransa Prezidenti Nikola Sarkozi çıxış edərək deyib ki, bu məktəbin yaradılması qərarı təkcə iki ölkə arasındakı yüksək səviyyədə olan diplomatik və siyasi əlaqələrin nümunəsi deyil, eyni zamanda, Azərbaycanın göstərdiyi münasibətlərdəndir: "Bakı mühüm bir qovşaqdır. Əsrlərdən bəri müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin bir-birinə qovuşduğu məkandır. Fransız liseyi bu ölkənin tarixini təcəssüm etdirəcəkdir. Bir vaxtlar ölkənizin neft sənayesinin inkişafında çox mühüm rol oynamış Nobel qardaşlarının yaşadıqları prospektdə bu gün Azərbaycan Dövlət Neft Şirkətinin və Sizin həyat yoldaşınız, xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi sayəsində Fransız Liseyinin təməli qoyulur. Mən bir daha yenidən Mehriban xanıma öz təşəkkürümü bildirmək istəyirəm."
Azərbaycan və Fransa prezidentləri tikiləcək liseyin stendinə baxdılar. Sonra Fransız Liseyinin təməli qoyuldu. Prezident İlham Əliyev və Prezident Nikola Sarkozi gilizi təmələ buraxdılar. Dövlət başçıları və Azərbaycanın birinci xanımı təmələ beton qarışığı tökdülər.
Daha sonra Fransa Prezidenti Nikola Sarkozi "Bakı-Ağ şəhər" layihəsinin maketinə baxdı. Azərbaycan Prezidenti İlham Əliyev Fransa dövlətinin başçısına layihə haqqında məlumat verdi. Prezident İlham Əliyev, Prezident Nikola Sarkozi və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdə fəaliyyət göstərən fransız iş adamları ilə görüşdülər.