Böyük Britaniyanın "Populus Limited" şirkətinin Azərbaycanda keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 95 faizi Prezident İlham Əliyevə yüksək etimad göstərir və 96 faizi Onu bəyənir. Bu barədə Bakıda sorğunun nəticələrinə dair keçirilən tədbirdə sorğunun sifarişçisi olan "Caspian İnformation Centre" şirkətinin direktoru Herald Frost deyib.
Əhali dövlət başçısından razıdır
Herald Frostun sözlərinə görə, Qərb ölkələrində keçirilən sorğularda dövlət başçısına bu qədər etimad göstərilməsi faktı qeydə alınmayıb. Herald Frost bildirib ki, şirkət 10-30 sentyabr tarixində 1000 Azərbaycan vətəndaşı arasında sorğu keçirib. Sorğu tək Bakıda deyil, digər şəhərlərdə də keçirilib.
Onun sözlərinə görə, sorğunun nəticəsinə əsasən, respondentlərin 79 faizi fikirləşir ki, Azərbaycanda ümumi vəziyyət normaldır və düzgün istiqamətdə gedir. Sorğu iştirakçılarının 70 faizi isə fikirləşir ki, ölkədə iqtisadiyyat düzgün istiqamətdə inkişaf edir.
Herald Frost deyib ki, sorğunun iştirakçılarının 54 faizi hesab edir ki, gündəlik həyat səviyyəsi yaxşılaşır. 49 faizi isə hesab edir ki, onlar uşaqları üçün daha yaxşı imkanlar əldə edəcəklər. Respondentlər, ümumilikdə, fikirləşirlər ki, Azərbaycan təhlükəsiz ölkədir, inkişaf edir, stabil, uğurlu və güclüdür.
Qeyd edək ki, sorğunun icraçısı olan Böyük Britaniyanın "Populus Limited" şirkətinin keçirdiyi sorğunun mövzularına iqtisadiyyat, həyat səviyyəsi, hökumətin fəaliyyəti daxildir.
Göründüyü kimi, Azərbaycan xalqı ölkədə həyata keçirilən islahatları dəstəkləyir, insanların dövlətə və ölkə başçısına inamı getdikcə artır. Qeyd edək ki, Prezident İlham Əliyevin nüfuzunun yüksək olmasını beynəlxalq təşkilatlar, xarici media qurumları da tez-tez vurğulayırlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər il dünyanın ən nüfuzlu dövlət xadimləri arasında liderlərdən olur.
Dünya liderlərindən biri
2008-ci ildə Azərbaycan Prezidenti "WorldPublicOpinion.org"un sorğusunda Yaxın Şərq üzrə regional lider seçilmişdi. "WorldPublicOpinion.org" dünya liderlərinin reytinqi ilə bağlı tədqiqatına görə, 20 ölkədə 20 minə yaxın respondent arasında keçirilmiş reytinq sorğusu nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq üzrə regional lider seçilib. Belə ki, o, çox nüfuzlu dövlət başçılarını geridə qoyaraq, böyük bir regionda lider seçilib.
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ildə Kanadada "İlin adamı" seçilib. Azərbaycan dövlətinin başçısı bu ada Yer üzündə ümumi sülhün bərqərar olması işinə böyük töhfə verən XXI əsrin görkəmli siyasi xadimi kimi layiq görülüb.
2010-cu ildə isə Prezident İlham Əliyev siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, həmçinin, Xəzər və Qara dəniz bölgələrinin tərəqqisində göstərdiyi xüsusi diqqətlə görə Rumıniyada "İlin adamı" elan edilib.
Həmin il fevralın 25-də Kremldə "İlin Personası" beynəlxalq mükafatının laureatları təltif edilib. "İlin Personası" mükafatı il ərzində Rusiyanın dövlət, ictimai, siyasi maraqları baxımından özünü daha parlaq göstərən şəxslərə verilir. Bunların arasında Azərbaycan Prezidenti də var idi.
Prezident İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması Onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Azərbaycan lideri İlham Əliyevin dünyanın nüfuzlu liderləri siyahısına salınması son vaxtlar daha tez-tez olur. Bu, təbii ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurudur. Son illər Azərbaycanda müşahidə olunan siyasi, iqtisadi və digər proseslər ölkəmizdə bütün sahələr üzrə sürətli inkişafın, milli maraqların, bəşəri ideyaların və demokratik prinsiplərin əksər dövlətlər üçün bir nümunə ola biləcəyini deməyə əsas verir.
Demokratiyanın qarantı
Demokratik cəmiyyətin mövcudluğunu şərtləndirən amillərin ölkədə bərqərar olmasına çalışan dövlətimizin bu istiqamətdə atdığı addımlar göz önündədir. Azərbaycan sivil dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirir.
Dünyada demokratiyanın əsas göstəricilərindən biri də söz və mətbuat azadlığının səviyyəsidir. Bu gün ölkəmizdə azad mətbuatın inkişafı uçun normal şərait yaradılıb. Dövlət başçısı həmişə vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən, fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Söz və mətbuat azadlığının ölkəmizin demokratik inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən ölkə Prezidenti, eyni zamanda, jurnalistlərin peşə etikasından kənara çıxmayacaqlarına, peşəkarlıq səviyyələrini artıracaqlarına, milli-mənəvi dəyərlərə, insanların şərəf və ləyaqətinə hörmətlə yanaşacaqlarına ümid etdiyini bildirir.
Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.
Vətəndaş cəmiyyətinin təminatçısı
Demokratiyanın vacib elementlərindən biri də sivil mübarizədir. Yəni, hər siyasi partiya ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə qatılmaqla hansı nüfuza, siyasi çəkiyə malik olduğunu nümayiş etdirir. Demokratik seçkiləri hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirən dövlətimiz seçki marafonlarının ədalətli, sivil, Avropa standartlarına uyğun keçirilməsi istiqamətində mühüm addımlar atır.
"Əlbəttə ki, müasir ölkə olmaq üçün biz istər iqtisadi, istər siyasi və demokratik inkişaf sahəsində dünyada mövcud olan ən müsbət təcrübəni Azərbaycanda tətbiq etməliyik"-deyə Prezident İlham Əliyev qeyd edir. Seçki praktikasının ildən-ilə təkmilləşməsi, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi də ölkə Prezidenti İlham Əliyevin bu fikrinin reallığa söykəndiyini təsdiqləyir.
İnkişaf modelinin yaradıcısı
Bu temp Azərbaycanı dünyada inkişaf tempi üzrə liderə çevirib. Ölkəmizin makroiqtisadi göstəricilərinin yüksəkliyi də beynəlxalq imicimizin möhkəmlənməsinə təsir edir. Bu gün Azərbaycan 35 milyardlıq strateji valyuta ehtiyatları, 20 milyardlıq icmal büdcəsi, 45 milyardlıq ÜDM ilə dünya iqtisadi məkanında güclü dövlət kimi tanınır.
Azərbaycanın bölgə siyasətində ardıcıl mövqe tutması öz bəhrəsini verməkdədir. Geosiyasi gedişlərin intensivləşməsi ölkəmizin mövqeyinə müsbət təsir göstərir. Son proseslər də bu istiqamətdə səylərin sürətləndiyini əks etdirməkdədir.
Azərbaycanın nüfuzlu dövlətə çevrilməsi indi ən aktual şəkildə gündəmdədir. Ölkənin xarici siyasəti bu istiqamətdə fövqəladə vacib məqamlara yönəlib. Xarici siyasətin uğuru dövlətin imici və gələcəyini təmin etməkdədir.
"Biz müstəqil dövlətik, öz taleyimizi özümüz həll edirik." Prezident İlham Əliyev atılan hər bir addımın əsasında ölkənin uğurlu gələcəyinin dayandığını diqqətə çatdırır. Bu addımlar Azərbaycanın böyük gələcəyini indidən təmin edib. Azərbaycan Prezidenti təkcə öz ölkəsində deyil, həm də böyük bir regionda, həmçinin, dünyada böyük nüfuz sahibinə çevrilib. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilir.
Elçin Bayramlı