Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının X konfransı keçirilib. Konfransın işində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri, media nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədr əvəzi Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək partiyanın Ulu Öndər Heydər Əliyev ideyalarına söykəndiyini bildirib: "Bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti olub. 1969-1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrüdür".
Ş.Hacıyev, həmçinin bildirib ki, sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır: "Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Ulu Öndər Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır".
Ş.Hacıyev qeyd edib ki, Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edib. Təşkilat sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub.
YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev ötən konfransdan keçən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. M.Nağıyev bildirib ki, əgər IX konfransda təşkilat üzvlərinin sayı 21 min nəfər idisə, indi bu göstərici 23 min 450 nəfərdən çoxdur: "Təşkilat üzvlərinin 66 faizini gənclər, 56 faizini isə qadınlar təşkil edir. Hesabat dövründə təşkilat üzvləri ictimai-siyasi proseslərdə fəal iştirak ediblər. Xüsusilə, 2013-cü ilin prezident, 2014-cü ilin bələdiyyə seçkilərində rayon təşkilatı aktiv fəaliyyət göstərib".
M.Nağıyev, həmçinin bəzi ilk ərazi partiya təşkilatlarının nöqsanlara yol verdiyini, üzvlük haqlarının vaxtında ödənilmədiyini də diqqətə çatdırıb. M.Nağıyev hesaba dövründə rayon təşkilatının keçirdiyi tədbirlər haqqında da geniş məlumat verib.
Daha sonra məruzə ətrafında çıxışlar olub. YAP Səbail rayon təşkilatının sədr müavini Arzuman Muradlı, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, "91-lər" hərəkatının üzvü Hacan Hacıyev və 6 saylı orta məktəbin direktoru Gülşən Orucova çıxış edərək rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndiriblər.
Müzakirələrdən sonra konfrans iştirakçıları YAP Səbail rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş kimi dəyərləndiriblər. Konfransda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Səbail rayon təşkilatının partiyanın yerli strukturları arasında ən öncül sıralarda olduğunu bildirib. S.Novruzov deyib ki, yarandığı vaxtdan mərhum professor Zahid Qaralov təşkilata uğurla rəhbərlik edib və yaxşı ənənələr yaradıb. Onun fikrincə, təşkilata yeni seçiləcək heyət bu ənənələri yeni keyfiyyətlə davam etdirəcəklər.
S.Novruzov, həmçinin qeyd edib ki, YAP nəinki Cənubi Qafqazda, bütövlükdə Şərqi Avropada ən aparıcı siyasi təşkilatlardan biridir: "Son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edir. Gənclərin intellektual səviyyələri çox yüksəkdir.Bu günün gəncləri partiyamızın gələcəyinin təminatçıları kimi qarşıda çox işlər görəcəklər".
YAP İcra katibinin müavini S.Novruzov ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının başlayacağına sayılı günlərin qaldığını bildirib və belə bir zamanda müəyyən qüvvələrin Azərbaycana qarşı kampaniyalar apardığını qeyd edib. S.Novruzov YAP üzvlərini bu məsələlərdə ayıq-sayıq olmağa, möhtəşəm idman tədbirində fəallıq göstərməyə çağırıb: "Qarşıdan birinci Avropa Oyunları gəlir və bizim fəallarımız bütün fəaliyyət istiqamətlərində olduqları kimi, bu möhtəşəm tədbir ərəfəsində də öz fəallıqlarını göstərməlidirlər. Təbliğat-təşviqat işlərində əzmlə çalışmalı, ölkəmizə gələcək xarici qonaqlara Azərbaycanın zəngin tarixi barədə bilgilər verməlidirlər".
Konfransın işində YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında YAP-ın söykəndiyi prinsiplərin faktiki olaraq Azərbaycanın ideoloji prinsipləri səviyyəsində hamı tərəfindən qəbul edildiyini bildirib: "Yeni Azərbaycan Partiyası yaranmaqla ölkəmizdə yeni siyasi sistem və siyasi münasibətləri özündə ehtiva etdi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq etdi".
"YAP yeniləşən Azərbaycanın partiyasıdır" sözlərini deyən M.Qurbanlının fikrincə, partiyanın yarandığı vaxtdan indiyə qədər keçdiyi yol bir daha göstərir ki, YAP alternativi olmayan, cəmiyyətə düzgün yol göstərən partiyadır: "Partiyamızın ən böyük üstünlüyü ondan ibarətdir ki, o, Heydər Əliyev ideyalarına söykənib. Həmçinin, Azərbaycanın intellektual səviyyəli, ən qabaqcıl insanları partiyamızda cəmləşib. YAP-ın bütün bölgələrimizdə yerli strukturları fəaliyyət göstərir. Bu partiya dialoq üçün cəmiyyətə daim açıq olan partiyadır. Eyni zamanda, YAP daxili demokratiyaya sahib olan partiyadır. Partiyamız həm də nəsilləri özündə birləşdirir, onların vəhdətini təşkil edir. Ona görə də, YAP Ulu Öndər Heydər Əliyevin dediyi kimi dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP-ın yarandığı günü qeyd edərkən biz Ulu Öndər Heydər Əliyevi bir daha xatırlayaraq, Onun ruhu qarşısında baş əyirik və partiyanı daim yüksəklərə qaldırmaqla öz borcumuzu yerinə yetirmiş oluruq".
Səbail rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov Səbail rayon təşkilatı ilə İH-in fəal əməkdaşlıq etdiyini, birgə tədbirlər keçirdiyini diqqətə çatdırıb. O, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra təşkilati məsələlərə baxılıb. Şəmsəddin Hacıyev yekdilliklə YAP Səbail rayon təşkilatının sədri seçilib. Əhliman Qarayev, Qabil Qafarov, Arzuman Muradlı, Muxtar Nağıyev, Xalidə Bayramova və Mehman İsmayılov sədr müavinləri seçiliblər. Həmçinin, rayon təşkilatının 97 nəfərlik Şurası, 29 nəfərlik idarə heyəti seçilib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev Cənablarına müraciət qəbul olunub.
RƏFİQƏ KAMALQIZI