Qərb dünyasının geostrateji maraqlar üzündən qan çanağına döndərdiyi Yaxın Şərq regionunda siyasi-ictimai və sosial-iqtisadi problemlərlə yanaşı miqrasiya böhranı da baş qaldırıb. Doğrudur, Qərb dövlətləri maraqlarını reallaşdırdıqları bir vaxtda hesablamadıqları bir vəziyyətlə qarşılaşıblar: İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın axını Avropa dövlətlərini pis vəziyyətdə qoyub.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, bu il Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçib, onlardan 181500 nəfəri Yunanıstana, 108500 nəfəri isə İtaliyaya daxil olub. İtaliya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2015-ci ildə ölkəyə dəniz yolu ilə 100 mindən çox miqrant daxil olub. İtaliyaya gələnlərin çoxu buradan Şimali Avropa ölkələrinə üz tutmağa çalışır. Hazırda İtaliyadakı sığınacaqlarda yerləşən 85 min nəfərdən çox miqrant isə onlara iş axtarmağa icazə verən müvəqqəti sənədləri əldə etmək istəyirlər.
2015-ci il iyul ayının sonuna olan statistikasına görə isə il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Buraya Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə, göstərici 70 faizə yüksəlir.
Bununla yanaşı, 2011-ci ilə qədər Aralıq dənizini keçərkən qəzalar və digər səbəblərdən ölənlərin sayı il ərzində 500 nəfər ətrafında dəyişirdisə, Yaxın Şərqdə çevriliş və müharibə dalğasının baş qaldırdığı dövrdən etibarən bu göstərici 1500 nəfəri ötüb. 2014-cü ildə isə dənizdə ölənlərin sayı 3500 nəfərə çatıb.
Son həftələrdə 10 min nəfərdən artıq qaçqın, sərhədçilərin mane olmaq cəhdinə baxmayaraq, Yunanıstandan Makedoniyaya keçiblər. Ümumiyyətlə, miqrantların bir qismi Yunanıstan və İtaliyaya çatdıqdan sonra Makedoniya, Serbiya, Macarıstan kimi ölkələrin ərazisindən keçərək Almaniya, Fransa, Skandinaviya ölkələri kimi daha inkişaf etmiş, yaxud miqrasiya siyasəti daha yumşaq olan ölkələrə üz tuturlar.
Suriyalı qaçqınların qəbulunda ABŞ yükün nisbətən az bir hissəsini üzərinə götürüb. Məlumatlara görə, ABŞ 2016-cı ildə 5-8 min arası suriyalı qaçqını qəbul etmək niyyətindədir. İndiyə qədər isə BMT-nin qaçqınların işi üzrə komissarlığının tövsiyəsi ilə 15 min qaçqını qəbul edib. 2015-ci ildə isə 1-2 min arası qaçqının ölkəyə qəbulu planlaşdırılıb. BMT-nin açıqlamasına görə, bu ilin iyul ayında suriyalı qaçqınların sayı 4 milyon nəfəri keçib. Onların əksəriyyəti Türkiyə, İordaniya və Livan kimi region ölkələrində yerləşiblər.
Göründüyü kimi, müasir dünyanın ən böyük qaçqın böhranı Avropanı çətin vəziyyətdə qoyub. Bu narahatlıqlarını avropalı siyasətçilər də dilə gətirməkdən çəkinmirlər. Lakin Avropada qaçqın və miqrantlara qarşı ksenofobiya, etnik, milli və dini zəmində ayrı-seçkilik halları daha da kəskin şəkil alıb. Artıq bu cür münasibət ölkələrin rəsmi şəxsləri tərəfindən açıq şəkildə ifadə olunur. Belə ki, Slovakiyanın xarici işlər naziri 200 nəfəri ölkəyə qəbul etməyə hazır olduqlarını bildirib, lakin qeyri-müsəlmanlara üstünlük verildiyini xüsusi vurğulayıb. Nazirliyin mətbuat katibi bu haqda bildirib: "Biz Slovakiyada, həqiqətən də, yeni bir həyata başlamaq istəyən insanları seçmək istəyirik. Slovakiya bir xristian ölkəsi kimi xristianlara burada yeni bir həyat qurmağa kömək edə bilər. Bizim ölkəmizdə müsəlmanlar üçün çox kiçik bir cəmiyyət var. Burada heç məscid də yoxdur."
Polşanın Baş naziri Eva Kopaç da Polşanı xristianlara kömək etmək üçün xüsusi məsuliyyət daşıyan bir xristian ölkəsi kimi təsvir edib. Ölkə qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənən yalnız xristianlardan ibarət bir neçə qrupu qəbul edib və ölkənin immiqrasiya agentliyi "The Financial Times" qəzetinə "qaçqın statusu almaq üçün müraciət edənlərin qəbulunda dinlərinin də təsiri olacağını" bildirib.
Bolqarıstanın Baş naziri Boyko Borissov ölkəsinin müsəlmanlara qarşı bir düşmənçiliyi olmadığını, lakin müsəlman qaçqınların qəbul edilməsinin ölkənin dini əsasını dəyişə biləcəyini deyib. Belə ki, ölkə əhalisinin 60 faizi pravoslav xristian, 8 faizi isə müsəlmandır.
Estoniyanın ictimai işlər naziri Marqus Tsaxna müsəlman immiqrantların ölkəyə qəbul edilməsinə qarşı olduğunu, Estoniyanın hər şeydən əvvəl xristian mədəniyyətinə məxsus bir ölkə olduğunu bildirib. Həmçinin də Çexiya Prezidenti Milos Zeman tamamilə fərqli bir mədəniyyətdən gələn qaçqınların ölkəyə uyğunlaşa bilməyəcəklərini qeyd edib.
Bir sözlə, bu gün başda ABŞ olmaqla Avropa ölkələri miqrant problemi qarşısında bir çox suallarla qarşılaşmaqdadırlar. Böhranın xaos vəziyyətinə çatmaması üçün isə mütləqdir ki, ABŞ və Avropa ölkələri birlikdə yaratdıqları problemin həllinə qətiyyətlə çalışmalıdırlar.
"Səs" Analitik Qrupu