PDF Oxu

Siyasət

  • 45

"Yeni Ermənistan" cəbhəsi martın 1-də ümummüxalifət etirazına başlayacaq

"Yeni Ermənistan" cəbhəsi martın 1-də ümummüxalifət etirazına başlayacaq

Levon Zurabyan: "Önəmli olan Sarkisyan rejiminin siyasətdən getməsidir"

"Yeni Ermənistan" İctimai Xilas Cəbhəsinin liderləri Jirayr Sefilyan və Raffi Ovannisyan ölkənin müxalifət gücləri ilə martın 1-dən etibarən bir şüar altında mitinq keçirmək istiqamətində danışıqlara başlayıblar. "SƏS" xəbər verir ki, "azatutyun.am"ın ("Azadlıq" Radiosunun Ermənistan bürosu) məlumatına görə, təşəbbüs qrupunun digər üzvü Petros Makeyan da bu barədə iddialı olduqlarını deyib. Onun dediyinə görə, ötən il dekabrın 1-də ümummüxalifətin mitinq səfərbərliyi baş tutmasa da, bu il martın 1-nə qədər lazım olan bütün tədbirləri həyata keçirəcəklər: "Hesab edirik ki, növbəti danışıqlar mərhələsində ziyalılarla, ictimai təşkilatlarla ümumi razılıq əldə edib, martın 1-dən etibarən birgə addım atacağıq. "Yeni Ermənistan" müxalifətin birləşməsi istiqamətində növbəti müddəaları təklif edir: 1 mart hadisələrinə görə cavabdeh şəxslərə qarşı sanksiyaların tədbiq edilməsi, 6 dekabr referendumunda saxtakarlıqlara və korrupsiyaya yol vermiş şəxslərə qarşı da eyni cəzaların verilməsi".

"Daxili cavabdehlik, ümumiyyətlə mövcud deyil. Görünür, hüquq-mühafizə orqanları hakimiyyətin oyuncağına çevriliblər və onların siyasi göstərişlərini icra edirlər. Həmçinin, bizdə müstəqil məhkəmələr də yoxdur". Bu fikirləri isə "İrs" Partiyasının sədr müavini Armen Martirosyan deyib.

İctimai Xilas Cəbhəsinin müddəalarında siyasi məhbusların azad olunması, amnistiyanın verilməsi ilə ağzına qədər dolmuş həbsxanaların ən azından bir qisminin boşaldılması, polisin isə müxalifətə qarşı qəddar davranışlarına görə, ölkə sərhədlərini müdafiə etməyə göndərilməsi kimi təkliflər də yer alıb.

"Daxili qoşunları kimin üçün saxlayırlar?..Seçkiləri saxtalaşdırmağa və polis zopaları ilə saxtakarlığa qarşı çıxan xalqı əzməyə görəmi?! Vergiləri biz ödəyirik və mən istəmirəm ki, polis gəlib məni öz zopası ilə döysün! Əgər mən vergi ödəyirəmsə, gedin sərhədləri qoruyun!"-deyə Martirosyan sözlərinə əlavə edib.

"Yeni Ermənistan"ın üzvü Petros Makeyan istisna etmir ki, müddəalar yalnız bunlarla bitmir: "Biz, ilk addım atmaqdan ötrü kompromis axtarışındayıq. Bu baxımdan, hər şey yalnız bizdən asılı deyil. Xalq özü də bu məsələdə müxalifətə yardım etməlidir. Çünki xalq və müxalifət martın 1-dən etibarən hakimiyyətin dəyişməsi məsələsini aktuallıqda saxlamalıdır... Hər şey sayımızdan və iradəmizdən asılı olacaq".

Artıq çağırışlara cavablar da verilməkdədir. Belə ki, Vətəndaş Həmrəyliyi Partiyasının təşəbbüs qrupunun rəhbəri Nikol Paşinyan deyib ki, o, irəli sürülən təkliflərlə tanışdır və gərək olduğu zaman ona cavab verəcək.

Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan isə, öz növbəsində deyib ki, digər müxalif qüvvələrlə birgə əməkdaşlıq məsələsi, hələlik müzakirə edilməyib. Bu baxımdan, martın 1-də rəhbərlik etdiyi təşkilat öz ənənəvi mitinqini keçirəcək.

"Bilirsiniz ki, 2009-cu ilin 1 mart tarixindən başlayaraq, Ermənistan Milli Konqresi 1 mart hadisələrindən sonra hər il etiraz mitinqləri keçirir. Məqsəd isə min hadisələrdə həlak olmuş insanların xatirələrinin yad olunmasıdır. Lakin buna baxmayaraq, təbii ki, müxtəlif məsələlərə baxıla, müzakirələr aparıla bilər. Biz siyasi məhbusların azad edilməsi tələbi ilə bağlı razılığa gələ bilərik. Baxmayaraq ki, siyasi məhbuslar daha öncə bizim komandamızın üzvləri idi, indi isə başqa komandanın üzvləridirlər. Ancaq bu, önəm daşımır. Önəm daşıyan indiki rejimin siyasətdən getməsidir"-deyə Zurabyan qeyd edib.

Rövşən Nurəddinoğlu

Digər xəbərlər