PDF Oxu

Siyasət

  • 5 061

Azərbaycan dünya birliyi üçün önəmli tərəfdaşa çevrilib

Azərbaycan dünya birliyi üçün önəmli tərəfdaşa çevrilib

Azərbaycan Prezidenti İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşüb.
Prezident İlham Əliyev Börge Brendi Dünya İqtisadi Forumunun prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Görüşdə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə toxunularaq ölkəmizin iştirak etdiyi qlobal layihələr, o cümlədən ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun, həmçinin icrası başa çatmaqda olan TANAP layihəsinin əhəmiyyəti vurğulandı. Zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist axınının getdikcə artdığı bildirildi.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə məlumat verdi. Söhbət zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Lourens Fink rəhbərlik etdiyi şirkət barədə Prezident İlham Əliyevə məlumat verdi. O, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan “Black Rock” şirkətinin 6,3 milyard ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkəti olduğunu bildirdi.
Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini deyən Lourens Fink ümidvar olduğunu bildirdi ki, yaxın illərdə Azərbaycan Respublikası “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirdi.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışdı, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. Görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olundu. Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edildi. “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Cey Prayer “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan müqavilənin müddətinin uzadılması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. “Chevron” şirkəti ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən Cey Prayer bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğuladı.

Digər xəbərlər