Siyasət

  • 3 243

Kadr və struktur islahatları bundan sonra da davam edəcək!

image

Prezident İlham Əliyev: “Ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab verməlidir”

Prezident İlham Əliyevin həyata keçirdiyi struktur və kadr islahatları öz səmərəsini verməkdədir. Belə ki, bir sıra sahələrdə yeniliklər, uğurlu nəticələr və xüsusilə, xalqın maraqlarına cavab verən reallıq faktoru özünü ən yüksək səviyyədə sübuta yetirməkdədir. Daha bir fakt budur ki, dövlətimizin başçısı çıxışlarının hər birində gerçəkləşdirilən islahatların ardıcıl şəkildə davam etdiriləcəyini vurğulamaqla, qarşıda növbəti uğurlu addımların atılacağı anonslarını verir. Məhz bu baxımdan, ölkə başçımızın Hacıqabul rayonuna və Naftalan şəhərinə təyin elədiyi yeni icra başçıları ilə görüşdəki fikirləri, irəli sürdüyü tələb və tövsiyələri növbəti mühüm məqamları ehtiva etməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin struktur islahatları ilə bərabər, kadr islahatlarının da aparılması barədə qeyd etdiyi fikri, eyni zamanda, belə nəticəyə gəlməyə zəmin yaradır ki, reallaşdırılan məqsədyönlü siyasət həm Azərbaycan xalqının, həm də dövlətimizin daha güclü, qüdrətli və firavan olması istiqamətində istiqamətləndirilməkdədir. Xüsusilə, müxtəlif strukturlarda gəncləşdirilmə siyasəti yeni kadrların ölkəyə və xalqa xidmət keyfiyyətini maksimuma çatdıracaq. Belə ki, cəmiyyətin islahatları yüksək qiymətləndirdiyini vurğulayan ölkəmizin başçısı İlham Əliyev Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturlarının təsdiq edildiyini, Milli Məclisin isə yenidən formalaşacağını buna misal olaraq gətirib. SİTAT: “Bütün bunların bir məqsədi var: ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub-saxlamaq və gənc peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər. Ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab verməlidir”.

“Ölkəmizin çox gözəl beynəlxalq imici vardır”

Daha bir mühüm nüans ondan ibarətdir ki, Azərbaycanda baş verən yeniliklərin hər biri dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunu daha da yüksəkdir. Belə nəticəyə gələ bilərik ki, struktur, kadr və s. islahatlarının həyata keçirilməsi hətta ən inkişaf edən dünya dövlətləri üçün də bir nümunəyə çevrilib. Ümumiyyətlə, paytaxt Bakının dünya siyasətçilərinin, ziyalılarının, mədəniyyət işçilərinin, biznes adamlarının, nüfuzlu hərbi və güc strukturlarının ortaq məxrəcə gəldiyi mərkəz kimi qəbul olunması və tanınması qeyd edilən fikirləri tamamlayır. Bu baxımdan da, Prezident İlham Əliyevin sözügedən görüşdə səsləndirdiyi fikirləri önəmli olaraq, qəbul edilməlidir. SİTAT: “Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir. Bütün mötəbər beynəlxalq qurumlar bunu qeyd edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır. Təkcə oktyabr-noyabr aylarında ölkəmizdə baş vermiş hadisələr, keçirilmiş mötəbər tədbirlər, onu göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu nə qədər yüksəkdir və nə qədər beynəlxalq dəstək göstərilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama Hərəkatının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və 120 ölkənin dəstəyi ilə biz bu təşkilata sədr seçilmişik və üç il ərzində sədrlik edəcəyik. Dünya Dini Liderlərinin Zirvə Görüşü Azərbaycanda keçirilib və 70 ölkədən gəlmiş nümayəndələrin hər biri qeyd edirdi ki, Azərbaycan bu sahədə dünyada aparıcı rol oynayır”.

“Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, xalqımızın mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir və bəyənir”

Dövlət başçısı “Bizim apardığımız kadr və struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir” ifadəsini də irəli sürməklə, bütün bunların yalnız və yalnız faktlara əsaslandırıldığını da xatırladıb. Belə ki, müxtəlif yerli və xarici sorğu mərkəzlərinin keçirdikləri rəy sorğuları da belə bir nəticə hasil edir, o cümlədən, kadr və s. islahatlarının davamlı şəkildə baş verəcəyini təsdiqləyir: “Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, xalqımızın mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir və bəyənir. Kadr islahatları davam etdiriləcək. Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də vardır. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz”.

Yeni vəzifələrə təyin olunan şəxslərin təcrübəyə və novatorçuluğa malik olmaları barədə də əhəmiyyətli fikirlərini irəli sürən Prezident İlham Əliyev, həmçinin, qeyd edib ki, bu sintez həm cəmiyyətdə mövcud olmalıdır, möhkəmlənməlidir, həm də iqtidar komandasında və bütün idarəetmə strukturlarında: “Təcrübəli kadrların bilikləri, hazırlığı, eyni zamanda, gənclərin novatorluğu, dinamizmi, yeniliklərə meyilliliyi - bu prinsiplərin vəhdəti uğurlu inkişafımızı bundan sonra da şərtləndirəcəkdir”.

Ümumiyyətlə, Prezident İlham Əliyev bütün çıxış və nitqlərində vurğulayır ki, məmur vətəndaşa xidmət etməli, vətəndaşın müraciətlərinin həlli istiqamətində çalışmalı, həmçinin, vətəndaşı dövlətdən narazı salmamalıdır. Bu baxımdan da, ölkə rəhbərimiz sözügedən yeni təyinatında etibar etdiyi şəxslərə qarşı qətiyyətli tələblər qoyur, onların iş prinsiplərinin necə olacağı barədə tövsiyələrini irəli sürür: “Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır. Təbii ki, problemlərin bir hissəsinin həlli mərkəzi icra orqanlarının səlahiyyətindədir. Belə olan halda, mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız, eyni zamanda, Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır və bu, sizin iş qrafikinizdə prioritet məsələ olmalıdır”.

“İcra başçıları həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar”

Prezident İlham Əliyevin toxunduğu daha bir əsas məqam işsizlik probleminin aradan qaldırılması və beynəlxalq qurumların sözügedən prosesdə Azərbaycanın uğurları ilə seçilməsi barədə irəli sürdükləri rəylərini təhlil etməsidir. Belə ki, əhalimizin sayı sürətlə artır və bu reallıq, istər-istəməz, qarşıya yeni vəzifələr qoyur ki, onlardan biri də iş yerlərinin açılması, bunun üçün investisiyaların cəlb edilməsi və s. bu kimi addımların atılması vacibliyidir. “İşsizliklə bağlı problemlər, bütövlükdə, Azərbaycanda öz həllini tapır və beynəlxalq qurumlar da bu sahədəki uğurlarımızı qeyd edir” deyə vurğulayan dövlət rəhbərimiz xatırladıb ki, bəzi qonşu ölkələrdən fərqli olaraq, bizim əhalimiz artır: “Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, əhali artır və sovet dövründən sonra - müstəqillik illərində, təqribən 30 faizə yaxın artıbdır, 7 milyondan 10 milyona çatıbdır. Bütün bunlar, əlbəttə, tələb edir ki, yeni iş yerləri yaradılsın. İş yerlərinin yaradılması üçün investisiya layihələri icra edilməlidir. Ona görə icra başçıları da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar, şəhər və rayonlara investisiyaları cəlb etməlidirlər ki, yerli istehsal artsın və işsizlik daim aşağı səviyyədə olsun”.

Beləliklə, fakt budur ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün görüş və çıxışlarında, əsasən, xalqın və dövlətin maraqlarının ən yüksək səviyyədə təmin olunması, vətəndaşların problemlərinin aradan qaldırılması istiqamətində mühüm tezislərini irəli sürür və söz yox ki, bütün bunlar çox qısa zamanda, öz bəhrəsini verir və bundan sonra da xalqımız artan inkişaf və tərəqqi proseslərinin şahidi olacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər