Siyasət

  • 5 357

Prezidentin Münhendəki çıxışı Azərbaycanın diplomatik qələbəsidir - ÖZƏL ŞƏRH

image

"Say etibarı ilə 56-cı dəfə keçirilən Münhen Təhlükəsizlik Konfransında sözün həqiqi mənasında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyana həm siyasət, həm tarix, həm hüquq dərsi keçib və eyni zamanda göstərib ki, ölkənin milli maraqlarını necə müdafiə edərlər". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Elman Nəsirov deyib.E.Nəsirov bildirib ki, Azərbaycan Prezidentin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini açıqca söyləyərək arqument və faktlarla əsaslandırıb ki, Qarabağ Xanlığı olub və bu xanlıq İbrahimxəlil xanın vaxtında 1805-ci ildə Kürəkçay müqaviləsinə görə Rusiyaya verilib: “Eyni zamanda 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqavilələrini vurğulayaraq qeyd edib ki, bu müqavilələr çərçivəsində Azərbaycanın şimal əraziləri Rusiyanın tərkibinə keçib və bütün bu dediklərinin hər biri müqavilələrdə öz əksini tapıb. İstəyən hər kəs həmin müqavilələrlə internet vasitəsilə tanış ola bilərlər. Cənab Prezident vurğulayıb ki, bəzən bu məsələləri bilərəkdən erməni tarixçiləri təhrif edərək, mahiyyətini dəyişərək ictimaiyyətə təqdim etməyə çalışırlar. Amma sənədlərdə 1921-ci ildə Rusiya Bolşeviklər hökuməti Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması ilə əlaqədar qərar qəbul edib. Fikir verirsinizsə Azərbaycana verilməsi ilə bağlı yox, məhz saxlanılması ilə əlaqədar qərar sənədlərdə öz əksini tapıb. Bu o deməkdir ki, tarixən də Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub və buna uyğun olaraq saxlanılıb. Bunun qarşılığında isə Ermənistan Baş naziri dili topuq vuraraq həqiqəti söyləyib, daha sonra isə bağışlayın deyərək öz riyakar yalanlarına davam etməyə çalışıb”.Politoloq qeyd edib ki, Paşinyan tarixi biliklərinin nə qədər kasad olduğunu göstərərək Şaumyan rayonunun adını çəkib: “Oranı Dağlıq Qarabağ ərazisi kimi təqdim edib. Həmin an Prezient İlham Əliyev müdaxilə edərək Paşinyanın səhvə yol verdiyi və Şaumyanın heç vaxt Dağlıq Qarabağ ərazisi olmadığını söyləyib. Paşinyan tarixi bilmədiyi üçün və Azərbaycan Prezidentinin prinsipial və qətiyyətli mövqeyi qarşısında yenidən geri çəkilməli olub. Prezident vurğulayıb ki, Stepan Şaumyan Azərbaycan xalqına qarşı çox böyük cinayətlər törətmiş şəxsidir və məhz Şaumyanın adını Dağlıq Qarabağının paytaxtının adına verilməsi 20-ci əsrin əvvəllərinin reallığını əks etdirir. Lakin buranın qədim və tarixi adı Xankəndidir. “Xan” da “Kənd” də Azərbaycan sözüdür. Bu da onu göstərir ki, bir ərazinin paytaxtının adının Azərbaycan toponimi ilə bağlı olması qədim və əzəli Azərbaycan torpağı olmasının sübutudur. Habelə cənab Prezident Paşinyana hüquqi cəhətdən də dərs verib və qeyd edib ki, münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və həmin qətnamələrdə Ermənistan işğalçı qüvvələrinin tamamilə, qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazisindən çıxarılması məsələsi öz əksini tapıb. Bu kontekstdə Ermənistan Silahlı Qüvvələrinin Xocalıda törətdiyi soyqırıma diqqət çəkib və vurğulayıb ki, bu cür bəşəri cinayətə də ermənilər tərəfindən imza atılıb. Ermənistan Baş naziri növbəti uğursuz müdafiə taktikası seçib və bildirib ki, "Arqumetı i faktı" qəzetində Ayaz Mütəllibovun Xocalıda törədilən cinayətin azərbaycanlıların törətdiyini oxuyub. Lakin İlham Əliyev müdaxilə edərək bildirib ki, bu böyük bir yalandır və Ayaz Mütəllibov hazırda Bakıda yaşayır. Bu cür müsahibə vermədiyini də dəfələrlə deyib və Prezident əlavə edib ki, sabiq ölkə başçısının söylədikləri həmin qəzetdə erməni jurnalistlərin yazdığı böhtandır”.Ekspert vurğulayıb ki, Azərbaycan Prezidentinin bu cür təkzibedilməz faktları qarşısında ağ bayraq qaldırmağa məcbur olan Paşinyan növbəti dəfə olduqca uğursuz və özünü çox çıxılmaz vəziyyətə salan mövqe nümayiş etdirərək oğlunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda hərbi xidmətdə olduğunu qeyd edib. “Bununla da o istəsə də, istəməsə də etiraf etməli olub ki, Azərbaycanın torpaqları işğal altındadır. Bütün bunlar olduqca vacib məqamlardır. Bu paneldəki görüş onu göstərib ki, Azərbaycan Prezidenti çox mahir bir diplomat, olduqca hazırlıqlı və tarixi, hüquqi, siyasi bilikləri yüksək səviyyədə olan bir siyasətçidir. Buna görə də, İlham Əliyev dünyada nüfuzlu siyasi liderlərdən biri kimi qəbul olunur. Amma İlham Əliyev qarşısında Ermənistan Baş naziri olduqca sönük, uğursuz çıxışlar edərək özü-özünü təkzib edib. Bununla da tarixdən, hüquqdan, siyasətdən xəbərsiz olduğu faktlarla üzə çıxıb. Ermənistanın özündə bu hadisə çox böyük rezonansa səbəb olub. Bu gün Ermənistan mətbuatı, ziyalıları öz mövqelərini bildirərək qeyd ediblər ki, Paşinyan onları bütün dünyada çox çıxılmaz vəziyyətə salıb. Məlum olub ki, nə qədər hazırlıqsız, səviyyəsiz bir rəhbər onları idarə edir. Eyni zamanda Azərbaycan Prezidentinin nə qədər yüksəkdə dayandığını bütün beynəlxalq ictimaiyyət görüb. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsi zəmnində keçirilən paneldəki həm çıxışı, həm debatdakı mövqeyi, eyni zamanda suallara veridiyi cavabları Azərbaycanın böyük diplomatik qələbəsi hesab etmək olar”.

sia.az

Digər xəbərlər