Siyasət

  • 8 409

İT sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsi başlayır - ŞƏRH

image

"Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsi bütün əlamətləri ilə ortadadır. Bir vaxtlar bəzi sahələrdə yavaş və ehtiyatlı addımlar atılırdısa, indi həmin istiqamətlərdə az qala sıçrayışlı gedişlərin şahidi oluruq. Bu dəyişikliklər iki ölkənin bütün qardaşlıq və birlik tarixi ərzində keyfiyyətcə yeni mərhələ kimi xarakterizə oluna bilər. Dəyişikliyin nə qədər dərin və əhatəli olduğu Ermənistanın 12 iyul Tovuz təxribatları zamanı daha qabarıq biruzə verildi. Bu ana kimi Türkiyə Azərbaycanın sadəcə ərazi bütövlüyü prinsipinin dəstəklənməsi mövqeyində idisə, Ermənistanın Tovuz təxribatından sonra "Azərbaycanın ərazi bütövlüyünü bütün vasitələrlə qoruyacağıq" formasında tam yeni keyfiyyət halına keçdi. Razılaşmaq lazımdır ki, "ərazi bütövlüyü prinsipini dəstəkləməklə" "ərazi bütövlüyünü bütün vasitələrlə qoruyacağıq" arasında fərq konkretdir və böyükdür". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əməkdaşlığında yeni dövr 12 iyul Tovuz təxribatından sonra başladı: "Yeni mərhələnin əlamətləri qarşılıqlı iqtisadi, ticarət, investisiya sahələrində sürətli artım, hərbi və xarici siyasətin daha sıx əlaqələndirilməsi səviyyəsində özünü aydın göstərir. İki ölkənin rəsmi hərbi müttəfiqlik barədə müqaviləsi olmasa da, əməkdaşlığın məzmununda və ruhunda hərbi müttəfiqliyin real əlamətləri var. Mübahisəsiz faktdır ki, pandemiya digər əksər ölkələrin ikitərəfli əməkdaşlıqlarını xeyli dərəcədə yavaşıtdığı halda, Azərbaycan-Türkiyə əlaqələrində başqa mənzərənin şahidi oluruq. İllər öncə iki ölkənin əməkdaşlığının daha da dərinləşməsinə və şaxələndirilməsinə mane olan faktorlar bir-bir sıradan çıxmağa başlayır, həm də bu faktorların əsasən geosiyasi amillərlə bağlı olduğunu da görməmək mümkün deyil. İnformasiya təhlükəsizliyisahəsində yaxın əməkdaşlıq və onun medialararası əlaqələr seqmentinin rolu və əhəmiyyəti bu şəraitdə sözsüz ki, artır".Siyasi şərhçi bildirib ki, birinci növbədə hər iki ölkənin içində inteqrasiya və əməkdaşlığın genişlənməsini istəməyənlər var və onların məlum xarici qüvvələrə bağlılığı heç kimə sirr deyil: "Bu şəraitdə sıxlaşan əməkdaşlıqlara hər iki ölkənin ictimaiyyətinin daha fəal və geniş dəstəyinin ortaya çıxarılması vacib tələbata çevrilir ki, bu vəzifənin yerinə yetirilməsində media orqanlarının koordinasiyalı fəaliyyətlərinin gücləndirilməsi əvəzsiz rola malikdir. İki ölkənin sıxlaşan əməkdaşlığına beynəlxalq güclü informasiya qurumları tərəfindən müəyyən təxribatların olacağı şübhəsizdir. İki ölkə rəhbərliyinin daha çox əməkdaşlıq iradəsinə xalqların inam və etimadını zəiflətmək cəhdləri olacaq, proqnozlar üslubunda gələcəyə yönəlik müxtəlif fantastik ssenarilərlə xalqlarımızı qorxutmağa çalıçacaqlar".A.Quliyev vurğulayıb ki, bütün bunlar Azərbaycanın və Türkiyənin qarşısında informasiya təhlükəsizliyi və media əməkdaşlığı sahəsində yeni çağırışlar müəyyən edir: "Məhz belə bir vaxtda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında sahə ilə birbaşa əlaqəli şəxslərdən ibarət nümayəndə heyətinin İstanbula səfəri və bir sıra rəsmi görüşlər keçirməsi sözügedən çağırışların dəyərləndirilməsi baxımından çox əhəmiyyətli görünür. Bu missiyanın iki ölkənin mediaları arasında yeni əməkdaşlıq platformaları yaratmağı hədəflədiyi göz qabağındadır və uğur şansları böyük görünür. İnformasiya təhlükəsizliyi sahəsində də Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsi başlayır".

sia.az

Digər xəbərlər