Siyasət

  • 8 527

"Büdcə təşkilatları xərclədiyi hər manatı sirr kimi saxlamaqda maraqlıdır" ÖZƏL - AÇIQLAMA

image

"Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair yaydığı açıqlama gözlənilən qədər müzakirə mövzusu olmadı. Bu da müəyyən amillərlə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.O bildirib ki, təqdim edilən bu ilkin proqnozun müsbət tərəflərilə yanaşı, çatışmayan tərəflərinə də toxunmaq labüddür və əvvəlcə müsbət hesab etdiyi bəzi tərəflərdən danışan ekspert qeyd edib ki, layihənin tərtibində pandemiyanın ölkədaxili iqtisadi artıma, gəlirlərə və investisiya mühitinə mənfi təsirləri, əhalinin rifahının dəstəklənməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclərin artımı nəzərə alınmışdır. Həmçinin nəzərdə tutulur ki, transfertin cari ildə olan səviyyədə saxlanılsın, sosial xərclərin prioritetliyi qorunsun, iqtisadiyyatın bərpasına yönələn tədbirlər dəstəklənsin."Qarşıya qoyulan məqsədə görə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi qarşıdakı illərdə də əsas strateji iqtisadi prioritetlərdən biri olmağa davam edəcək. Eləcə də makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsi gücləndiriləcək və bu da manatın məzənnəsinin növbəti ildə sabit qalacağını dəstəkləyəcək.Digər bir məsələ, növbəti ilin büdcə siyasətinin əsas istiqamətinin mərkəzində Dövlət Neft Fondu aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması, dövlətin əsas funksiyalarının, o cümlədən, sosial təminat, səhiyyə, təhsil, müdafiə və təhlükəsizlik, dövlət borcu, prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsi durur. Bu isə öz növbəsində əhalinin sosial rifahının qorunması və iqtisadi artımın davamlılığının dəstəklənməsi üçün çox vacibdir.Bu büdcə layihəsini əsas səciyyələndirən xüsusiyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz nəzərdə tutulmasıdır.Bütün bunları 2021-ci il üzrə dövlət büdcənin ilkin parametlərinin müsbət tərəfi kimi göstərmək olar. Bununla belə məsələnin vurğulamaq istədiyim digər bir tərəfi də var. Bu layihə sonrakı mərhələlərdə Nazırlər Kabinetinə, ardından ölkə Prezidentinə, daha sonra isə təsdiq üçün Milli Məclisə ünvanlanacaq. Düşünürəm ki, bu proseslərin daha keyfiyyətli şəkildə idarə edilməsi, büdcə layihəsinin geniş müzakirəsi və təhlili üçün daha çox zaman intervalı lazımdır. Nəzərə alsaq ki, büdcənin ilkin parametrlərinin açıqlanılmasında, ictimai müzakirələr üçün o qədər zərurət kəsb edən məsələlər əks etdirilmir. Orada ÜDM-in real artım tempinin müxtəlif ssenarilər üzrə dinamikası, sahə sturukturuna görə ümumi daxili məhsulun pay bölgüsü, ÜDM-in sektorlar üzrə real artım tempi və digər proqnoz edilən məsələlər infoqrafik təhlil edilib. Bu isə müzakirəyə elə də ehtiyacı olmayan konkret məlumatlardır" - deyə, iqtisadçı bildirib.Onun fikrincə, büdcə layihəsininin müzakirələrə daha çox ehtiyac duyulan hissəsi onun xərclər hissədir və büdcənin ilkin parametrlərinin təqdimatında xərclər məsələsinə də ümumi şəkildə toxunulub: "Belə ki, növbəti büdcə xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Bunun 70,1 faizini, yəni 18 106,6 milyon manatını cari xərclər, 20,8 faizini, yəni 5 389,1 milyon manatını əsaslı xərclər, 9,1 faizini təşkil edən 2 351,8 milyon manat isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Bundan əlavə olaraq xərclərinin funksional təsnifat bölmələri üzrə paylanma proqnozu verilib. Ümumilikdə, qeyd edilən bu informasiya isə xərclərin müzakirəsi üçün yetərli deyil. Düzdür, müəyyən fikirlər söyləmək olsa da, keyfiyyətli təhlil aparılması üçün kifayət deyil. Qanunvericiliyə görə yalnız gələn ay büdcə layihəsi geniş şəkildə ictimaiyyətə açıqlanacaq. Yuxarıda qeyd etdiyim kimi bu layihə Nazirlər Kabinetinə, ardından ölkə Prezidentinə, daha sonra isə təsdiq üçün Milli Məclisə ünvanlanacaq. Ləyihənin qanun şəklində təsiqlənməsinə qədər olan zaman, təkrar etmək istəyirəm ki, yetərli deyil. Həm də gəlin etiraf edək ki, Milli Məclisə daxil olan büdcə layihəsinə heç vaxt ciddi dəyişikliklər edilmir. Layihə cüzi korrektələrlə qəbul edilir. Buna görə də yaxşı olardı ki, bu günlərdə elan edilən büdcənin ilkin parametrləri daha əvvəlcədən elan edilsin. Məsələn, hər sonrakı ilin dövlət büdcəsi haqqında ilkin informasiya ictimaiyyətə heç olmasa cari ilin ikinci rübünün sonlarında təqdim edilsin. Məncə bunu reallaşdırmaq o qədər çətin məsələ deyil. Belə olarsa, layihə əsas mərhələlərə daxil olana qədər ciddi müzakirələrdən keçmiş olar, çatışmazlıqları minimumlaşdırılmış optimal bir layihə alınar".İqtisadçı vurğulayıb ki, bu məsələdə daha vacib bir məqam isə odur ki, dövlət üçün büdcə gəlirləri və xərcləri eyni dərəcədə maraqlı olsa da, büdcə təşkilatları və ictimaiyyət üçün bunu demək olmaz: "Büdcə təşkilatları və ictimaiyət üçün büdcənin xərcləri daha maraqlıdır. Büdcə təşkilatları büdcədən daha çox pay sahibi olmaq və xərclədiyi hər manatı sirr kimi saxlamaqda maraqlıdır. Etiraf edək ki, ictimaiyyət isə əksinə, xərclərə nəzarət etməkdə daha maraqlıdır, nəinki büdcəni formalaşdıran gəlirlə. Əslində nəzarət özü də ictimaiyyətdən daha çox dövlətin öz marağında olan məsələdir. Buna görə də boşluğu olmayan güclü nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Xərclər - ictimaiyyət üçün açıq olan xərclər, yalnız xüsusi nəzarət qurumlarına açıq olan xərclər olmaqla 2 klassifikasiyaya bölünə bilər. Hətta birinci qrup xərclər periodik olaraq hər bir qurumun rəsmi saytında yaradılmış bölmədə yerləşdirilə bilər.Bir sözlə, nəzarət üçün istənilən qədər mexanizm işlənib hazırlana bilər. Bunun üçün sadəcə müəyyən qurumların buna mane olmaq cəhdlərini dəf edə bilsək, inanılmaz keyfiyyət dəyişikliyi əldə edərik. Hər halda “pulu qazanmaqdan daha çox xərcləmək çətindir” frazası boşuna yaranmayıb. Bu ifadənin arxasında böyük iqtisadi qanunlar və həm də dürüstlük prinsipləri dayanır".

sia.az

Digər xəbərlər