Son vaxtlar QHT-lərlə hakimiyyət nümayəndələri arasında silsilə görüşlər keçirilir. Bu dövlətin QHT-lərə xüsusi önəm verməsinin bariz nümunəsi sayıla bilər. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına xüsusi önəm verilmiş, QHT-in formalaşmasının təməli qoyulmuşdu: “Cənab İlham Əliyevin prezidentliyi dövründə də bu siyasət uğurla davam etdirilir. Buna misal olaraq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Gənclər Fondunun yaradılmasını göstərmək olar. Bu gün də Dövlət-QHT münasibətlərinin inkişaf etdirilməsində mühüm addımlar atılır. Son vaxtlar Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə silsilə görüşlərin keçirməsi çox müsbət addım kimi qiymətləndirilməlidir. Görüşlər zamanı QHT-lərin problemlərinin öyrənilməsi və onların təkliflərinin dinlənilməsi dövlətin vətəndaş cəmiyyətinə verdiyi önəmi ortaya qoyur. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin bu gün böyük əksəriyyəti Prezidentin siyasətini dəstəkləyir və dövlətçiliyə xidmət edir. Azərbaycan dövlətçiliyinə qarşı bütün təhdid və təhlükələrə qarşı QHT xüsusilə fəallıq göstərirlər. Sosial şəbəkələrdə QHT-lər daim dövlətin və cənab prezidentin apardığı siyasəti təbliğ edir, istənilən təxribatlara qarşı öz sözlərinini çəkinmədən deyirlər. Qarabağ məsələsində QHT-in apardığı fəaliyyət çox önəmlidir və bu istiqamətdə də istər daxildə istərsə beynəlxalq aləmdə uğurlu layihələr icra olunur. Ümumən götürsək cəmiyyətin bütün sahələrində QHT-lərin bu gün uğurlu fəaliyyətini izlənilir”.A.Xəlilov son vaxtlar bəzi xarici və daxili qüvvələrin milli və dövlətçilik maraqlarına qarşı şər və böhtanlarını genişləndirmələrinə də toxundu. Bildirdi ki, məkrli qüvvələrə qarşı da QHT-lər öz sərt mövqeləri ilə fərqlənirlər: “Onların ifşa olunmasında mühüm rol oynayırlar. Sosial şəbəkələrdə fəaliyyət göstərən söyüş komandasına qarşı QHT-lər öz qətiyyətli mövqeləri ilə cavab verirlər. Təbii ki, bu zaman QHT nümayəndələri təhqir və təhdidlə qarşılanırlar. Mən özüm də dəfələrlə bu tip təhqirlərə məruz qalıram. Lakin bu cür hərəkət o insanların acizliyini və cılızlığını göstərir. Azərbaycan QHT-ləri daim dövlətin və Prezidentinin yanındadır və belə təhqir və təhdidlər onları öz yollarından döndərə bilməz. QHT nümayəndələri yaxşl başa düşür ki, bu təhdidlər dövlətçiliyin yolunda fəaliyyət göstərdiklərinə görə onları özlərinə rəqib bilən anti milli qüvvələrin çirkin oyununun tərkib hissəsidir”.
sia.az