Yaxud, Röyter agentliyinin apardığı araşdırma qarşı tərəfin ifşasına səbəb olub
Qarabağda hərbi əməliyyatlar başladığı andan ermənilərin təbliğat maşını bütün dünyaya yalan sırımağa çalışırdılar ki, guya Azərbaycan ordusunun tərkibində suriyalı və s. muzdlular döyüşürlər. Lakin buna baxmayaraq, bəzi dünya ölkələrinin bir sıra rəsmiləri yayılan dezinformasiyalara dəstək göstərsələr də, bu vaxta qədər heç bir dəlil, sübut ortaya qoya bilməyiblər. Bununla yanaşı, Azərbaycan tərəfi qəti olaraq muzdluların döyüşməsi iddialarını rədd edib, habelə bunun ümumiyyətlə mümkünsüz olduğunu vurğulayıb.Lakin erməni tərəfinin dezinformasiyalarından fərqli olaraq, Azərbaycan tərəfi sübut, dəlil və danılmaz faktlarla sübuta yetirirlər ki, Ermənistanın silahlı qüvvələrinin tərkibində PKK/PJK və digər terror təşkilatının üzvləri, Yaxın Şərq ölkələrindən olan terrorçular, eləcə Avropanın qanunsuz şəkildə fəaliyyət göstərən müxtəlif ultra-radikal millətçi - xristian təşkilatlarının muzdluları döyüşürlər.Başqa tərəfdən, daha bir fakt budur ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda qismən səfərbərlik elan edilib. Belə ki, buna daha bir səbəb ən müasir hərbi texnikaların, silah-sursatların mövcudluğu və digər mühüm amillərdir.
Argentinadan, ABŞ-dan Ermənistana hərbi hazırlıq keçmək üçün yüzlərlə adam gəlib
Bu arada ermənilərin tərkibində muzdluların döyüşməsini isbatlayan daha bir fakt Röyter agentliyi tərəfindən ifşa olunub. SİA xəbər verir ki, adıçəkilən informasiya agentliyinin yazdığına görə, Qarabağda, erməni ordusunda erməni mənşəli Livan vətəndaşları döyüşürlər. Misal üçün, yazılan məqalələrdən birində deyilir. SİTAT: “Livanda maliyyə böhranı başladıqdan sonra Vartkes bu yay Ermənistana köçməyə məcbur oldu. O, həmin vaxt xəyalına belə gətirmirdi ki, Dağlıq Qarabağa müharibəyə yollanacaq. Lakin gənc livanlı erməni azərbaycanlılarla ermənilər arasında başlanan münaqişə ərəfəsində iki dəfə düşünə bilmədi...”.Sözügedən yazıda Ermənistanın müdafiə nazirliyinin məmuru dəqiq rəqəm təqdim etmədən xəbər verib ki, diasporun bir çox nümayəndələri hərbi əməliyyatlarda könüllü şəkildə iştirak etmək üçün ərizələrlə müraciət ediblər. Onun sözlərinə görə, Argentinadan, ABŞ-dan Ermənistana hərbi hazırlıq keçmək üçün yüzlərlə adam gəlib.Məqalədə bildirilir ki, Livanın erməni icmasının sayı 140 000-ə yaxındır və dünyanın ən böyük icmalarından hesab olunur. Karapet Aqacanyan yerli və xarici könüllülərə hərbi hazırlıq üzrə təlimatçıdır və 10 nəfər Livan ermənisi onun düşərgəsində hərbi hazırlıq keçiblər. Onun sözlərinə görə, həmin ermənilər sentyabrda hərbi əməliyyatlar başlayandan sonra Beyrutdan gəliblər və ön cəbhəyə getməyə hazırlaşırlar. Bununla yanaşı, o da məlum olub ki, bir çox ermənilər hələ hərbi əməliyyatlar başlamamışdan əvvəl Beyrutdan İrəvana köçüblər.Yazıda bildirilir ki, Livan parlamentinin deputatı, “Erməni inqilab federasiyası” partiyasının rəhbəri Akop Pakradunyanın xüsusi olaraq könüllülərin Livandan Ermənistana göndərilməsi üçün hər hansı bir fəaliyyətin aparılmasını inkar etməsinə baxmayaraq, onun növbəti sözləri düşünməyə vadar edir: SİTAT: “Əvvəl-axır biz mane ola bilmərik. Biz onların fikirlərini dəyişdirmək istəyirik, ancaq bu da mümkün deyil, onların impulsları belədir. Bu, erməni xalqı üçün ekzistensial müharibədir, ona görə də gənc adamlar oraya gedirlər”.
Təəccüblü deyil ki, beyinlərinin yuyulması prosesindən sonra gənc erməni uşaqları müharibəyə tələsirlər
Ola bilər ki, rəsmi erməni təşkilatları muzdluların Qarabağa verbovkası və göndərilməsi prosesində iştirak etmirlər. Röyterin jurnalistləri öz məqalələrində qeyd ediblər ki, Beyrutun əsas avtomagistrallarında nəqliyyat vasitələrinin üzərində ermənilərə aid şüarları müşahidə ediblər. Təəccüblü deyil ki, beyinlərinin yuyulması prosesindən sonra gənc erməni uşaqları müharibəyə tələsirlər.
Məqalənin davamına isə muzdlulardan istifadə məsələsi daha çox qabarıq görünür. Müəlliflər yazırlar ki, hətta livanlı ermənilərin öz “qəhrəmanları” da var. O, Livanın Ancar şəhərinin sakini, Qarabağ müharibəsində öldürülən opera müğənnisi Gevork Xacyandr. Onun 74 yaşlı anası Sosse Xacyan televizorda günlərlə müharibədə baş verənləri izləyir, öldürülən erməni hərbçilərinə ağlayırdı. Ancaq qardaşı deyənə qədər bilmirdi ki, oğlu da Qarabağa gedib.
Bu arada onu da qeyd etmək yerinə düşərdi ki, Röyterin müxbirləri öz məqalələrində hər hansı bir tərəfi tutmayıblar, ancaq unudublar ki, müasir dünyada etnik məsələ mühüm hüquqi kateqoriya hesab oluna bilməz. Lakin vətəndaşlıq tamamilə başqa bir məsələdir. Məhz bu və ya digər şəxsin vətəndaşlıq amili onun muzdludur, yoxsa muzdlu olmaması məsələsini ortaya çıxarır.
Cenevrə konvensiyasının 1977-ci ildə imzalanmış protokolu nədən xəbər verir?
Məsələn, Cenevrə konvensiyasının 1977-ci ildə imzalanmış protokolunda məxsusi olaraq yerində, ya da sərhəd hüdudlarından kənarda verbovka olunmuş, eləcə də faktiki şəkildə hərbi münaqişəyə cəlb edilmiş şəxs həmin ölkənin vətəndaşı deyilsə, yaxud bu ölkədə davamlı qeydiyyatı yoxdursa muzdlu hesab edilir. Yəni Ermənistanın vətəndaşı olmayan istənilən şəxs Qarabağda erməni cinahında vuruşursa, artıq o muzdlu sayılır. Bu baxımdan, həmin şəxsin etnik mənsubiyyəti heç bir rol oynamır. Bunu qəbul olunmuş qanun da diktə edir.Digər tərəfdən, beynəlxalq humanitar hüquq da muzdlular barədə dəqiq qərara malikdir. Belə ki, muzdlular kombatant hesab edilmədiklərinə görə, hərbi əsir statusuna malik ola bilməzlər. Bu, həm də o mənanı daşıyır ki, muzdlu şəxs hərbi münaqişədə iştirakına görə əsir düşdüyündə cinayət məsuliyyəti daşıyır və eyni zamanda əsir düşdüyü halda onun rəsmi şəkildə əsir kimi saxlanılması şəraiti nəzərə alınmır.
Azərbaycanın gözündə tük axtarmaqdansa, Ermənistanın gözündəki tiri görməlidirlər
Beləliklə, ermənilər özlərinin “dahi, qədim və qəhrəman xalq” mifləri barədə digər ölkələrdəki erməni soydaşlarının beyinlərini yuyarkən, bir az da düşünməlidirlər. Düşünməlidirlər ki, dünyanın kilometrlərlə uzaqlarından gəlib “mən də erməniyəm” deyərək, əlinə silah alıb Qarabağda – onlara məxsus olmayan torpaqlarda terror törətmələrinin acı, ağır və dəhşətli nəticələri də var.Məhz bütün bunların təhlilini apararkən, artıq beynəlxalq ictimaiyyət də işğalçı, terrorçu Ermənistanın bütün qanunları, konvensiya tələblərini pozması faktlarını araşdırmalıdır. Daha dəqiq desək, Azərbaycanın gözündə tük axtarmaqdansa, Ermənistanın gözündəki tiri görməlidirlər. Ən əsası, bir sıra xarici KİV-lər bu reallığı dərk etməlidirlər.
sia.az