Siyasət

  • 6 439

Emin Hacıyev: Azərbaycanın tarixi Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi “böyük Ermənistan” xülyasının sonu oldu

image

“Azərbaycan dövlətinin qüdrətli Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti regionda yeni reallığın yaranmasında birbaşa rol oynadı. 44 günlük müharibə ölkəmizin, Ordumuzun tam qələbəsi ilə nəticələndi. Bu, Azərbaycan dövlətinin qısa bir vaxtda öz ərazi bütövlüyünü bərpa etməsi deməkdir. Bu, milyonlarla insanın, hər bir Azərbaycan vətəndaşının Qarabağ həsrətinə, 30 illik işğala son qoyulmasıdır”. Bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev deyib.

Emin Hacıyev bildirib ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Yüzlərlə kəndimizin, şəhər və qəsəbələrimizin işğaldan azad edilməsi ilə Müzəffər Ali Baş Komandanımız və şücaətli Ordumuz Ermənistanı diz çökdürdü, kapitulyasiyaya məcbur etdi. Azərbaycanın tarixi Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi “böyük Ermənistan” xülyasının sonu oldu. Millət vəkilinin sözlərinə görə, yaxın günlərdə Kəlbəcər, Ağdam və Laçının ölkəmizə təhvil verilməsi, Ermənistanla sərhəd bölgələrin Azərbaycan Ordusunun nəzarətinə keçməsi faktiki olaraq işğalçı Ermənistan silahlı birləşmələrinin ölkəmizin ərazisini tərk etməsi deməkdir. Reallıq ondan ibarətdir ki, Ermənistanın maraqlarının təmin edilməsi ilə müşayiət olunan 30 il başa çatıb və Azərbaycan tam üstünlük qazanaraq müharibəni udub.
“Digər vacib məqam odur ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev öz müdrik siyasəti sayəsində Kəlbəcər, Ağdam və Laçın rayonlarının döyüşsüz, qan tökülmədən geri qaytarılmasına nail olur. Şuşa şəhəri, Xocavənd, Kəlbəcər, Ağdam və Laçının azad edilməsi ilə Qarabağdakı bütün strateji yollar, yüksəkliklər, kommunikasiya xətləri tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçir. Eyni zamanda, Qarabağda demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə olacaq və bu, məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması ilə təmin ediləcək. Ermənistanın ərazi iddiaları, öz müqəddəratını təyinetmə ilə bağlı bütün iddialarının əsassız olduğu artıq dünyaya sübut edilib və bütün proseslər yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsasən həyata keçiriləcək”, - deyə Emin Hacıyev qeyd edib.

yap.org.az

Digər xəbərlər