Siyasət

  • 7 049

“Azərbaycan milli mətbuatı - Müstəqillik illərində” mövzusunda videokonfrans keçirilib TƏDBİR

image

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Azərbaycanda Milli Mətbuatın yaranmasının 145 illiyinə həsr edilmiş “Azərbaycan milli mətbuatı - Müstəqillik İllərində” mövzusunda videokonfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, videokonfransı giriş sözü ilə açan UNEC-in ekspertiza və standartlaşdırma fakültəsinin dekan müavini, dosent Elçin Səmədov bildirib ki, Azərbaycan hökuməti hər zaman mətbuatın azad inkişafına diqqət yetirib, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə önəm verib, KİV-lərin cəmiyyətdə rolunu yüksək dəyərləndirib. Ulu öndər Heydər Əliyevin müstəqillik illərində ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı mühüm addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.Prezident İlham Əliyev tərəfindən də hər zaman Azərbaycanda mətbuatın tərəqqisi, jurnalistlərin stimullaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının Azərbaycan milli mətbuatının 130, 135, 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirilməsinin bariz nümunəsidir”.UNEC-in “Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli deyib ki, isə cəmi 2 il çap olunan və bu dövr ərzində 56 nömrəsinin işıq üzü gördüyü “Əkinçi” bu qısa müddət ərzində Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi: “Əkinçi”dən sonra yaranan “Ziya”, “Ziyayi-Qafqaziyyə, “Həyat”, “İrşad”, “Şərqi-rus”, “Kaspi”, “Molla Nəsrəddin” kimi mətbu nümunələr ilk qəzetimizin ideyalarını davam etdirməyə başlamışdılar. “Əkinçi”nin fəaliyyəti və H.Zərdabinin elmi irsi Azərbaycanın alim və tədqiqatçıları tərəfindən dərindən araşdırılıb, neçə-neçə kitab və monoqrafiyalar, məqalələr çap olunub. Bu gün isə Azərbaycan mətbuatı tamamilə yeni mərhələdə inkişaf edir. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir. Şəffaflıq və vətəndaş həmrəyliyi, ictimai maraqların üstün tutulması, qabaqcıl texnologiyaların mənimsənilməsi və s. müasir medianı xarakterizə edən əsas meyarlardır. 145 il öncəki və bugünkü mətbuatımızı müqayisə etsək, nə qədər böyük fərq olduğunu görərik”.Qonaqları əvvəlcə 17 noyabr Milli Dirçəliş Günü münasibətilə təbrik edən SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev əsas məruzəçi qismində çıxışına haqlı və ədalətli mübarizəmizdə, Qarabağımızın düşmənin işğalından azad olunması uğrunda 44 gün davam edən və şanlı tarix səhifəmizə Vətən müharibəsi kimi yazılan möhtəşəm qələbə ilə başlayıb: “Bu qələbə hər birimizin qələbəsidir və məhz bizlər xalq olaraq Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Onun birbaşa rəhbərliyi, sərkərdəliyi və Ordumuzun rəşadəti ilə bu tarixi uğuru qazandıq. Tükənməz inam və ruh yüksəkliyi ilə əldə edilən Qarabağ zəfərimiz artıq nəinki bizim, eləcə də dünyanın hərb tarixinə, dərsliklərə yazılacaq bir reallıqdır, həqiqətdir, gerçəklikdir. Əbəs deyil ki, milli və mədəniyyət ocağımız olan Şuşa şəhərinin işğalından azad olunması günü Prezident İlham Əliyev cənabları özünün tarixi müraciətində Ulu Öndər Heydər Əliyevin vəsiyyətini həyata keçirdiyini vurğuladı. Bəli, məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daim torpaqlarımızın işğaldan azad olunması üçün çox böyük işlərin əsasını qoydu və bu missiyanı layiqli davamçısı, siyasi varisi cənab İlham Əliyevə həvalə etdi. Bu, Onun uzaqgörən siyasətinin məntiqi nəticəsidir ki, artıq Qarabağımız azadlığa qovuşub, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub”.Qurum rəhbəri əlavə edib ki, Qələbə ilimizlə üst-üstə düşən daha bir xoş təsadüf Azərbaycan Milli Mətbuatının yaradılmasının 145-ci ildönümüdür və mətbuatda fəaliyyət göstərən şəxs olaraq, biz ikiqat sevinc hissi yaşamaqdayıq: “Belə ki, Azərbaycan Mətbuatının 145 illiyi münasibətilə keçirilən tədbirlər Milli Mətbuatımızın cəmiyyətdə rolunun daha da artırılmasına, dövlət və mətbuat arasında olan sağlam münasibətlərin daha da inkişafına xidmət edir. Əbəs deyil ki, mətbuat həm də dördüncü hakimiyyət adlandırılır. Çünki dövlətçilik təməllərinin möhkəmləndirilməsində, təbliğində və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında medianın əvəzsiz rolu vardır. Xatırlatmaq istərdim ki, 30 iyun 2020-ci ildə Cənab Prezident İlham Əliyev Milli Mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun. Eyni zamanda, Sərəncamda Prezident Administrasiyasına koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırılıb. Bugünki tədbirin də qaydalara uyğun keçirilməsi məhz sərəncamdan irəli gələn tələblərdir.B.Quliyev həmçinin “Səs” qəzetinin yarandığı dövrdən indiyədək qazandığı tarixi nailiyyətlərə də toxunub: “Ümumiyyətlə, istər yarandığı vaxtlarda, istərsə də hazırkı dövrdə "Səs" qəzetinin ətrafında Ulu öndəri sevənlər cəmləşib. Həmçinin, bütün zamanlardakı fəaliyyətinə nəzər salarkən, deyərdim ki, qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə, vicdanla və mərdliklə yerinə yetirib. Qəzetimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi, onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Bu, danılmaz faktdır. Həmin dövrlərdə ziyalıların Heydər Əliyevə müraciəti, Ulu Öndərin isə ziyalılara cavabı məhz "Səs" qəzetində dərc olundu və bu addım sonradan ölkənin ictimai- siyasi həyatına köklü dəyişiklərə səbəb oldu. Məhz bu xidmətin nəticəsidir ki, Ulu öndər Heydər Əliyev öz çıxışlarında hər zaman vurğulayardı ki, "Səs" qəzeti onun üçün ən əziz qəzetdir. O, qəzetin xidmətlərini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək. Onun bu uzaqgörənliyi hazırda reallaşıb və təsdiqini tapıb."Səs" qəzeti yarandığı gündən yenilənməyə meylli olub, daim inkişafda və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb. Qəzetimiz hər zaman informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının tərəqqisi istiqamətində əldə edilən yeniliklərdən maksimum şəkildə faydalanmağa çalışmışdır. Qəzet modernləşərək öz bazasında "Səs" İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün "Səs" İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Lakin biz bununla da kifayətlənmirik və yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənməsi üçün fəaliyyət planlarımız üzərində işlər aparırıq”.Digər çıxış edənlər də Azərbaycan mətbuatının inkişaf tarixinə və müasir dövrdə jurnalistikanın aktual problemlərinə toxunublar və Vətənimizin, dövlətimizin və dövlətçiliyimizin inkişafı naminə milli mətbuatımızın bundan sonra da həmrəylik nümayiş etdirəcəyinə əminliklərini ifadə ediblər.

sia.az

Digər xəbərlər