Siyasət

  • 8 264

Müstəqil Azərbaycanın “Səs”i - TƏBRİK

image

Bu gün artıq otuz yaşı tamam olan “Səs” qəzeti Azərbaycanın müstəqillik dövrünün çoxsaylı qəzet və jurnalları arasında fərqli tarixə malik mətbuat orqanıdır. Belə ki, müstəqillik dövrünün mətbuat orqanlarının mütləq əksəriyyəti ölkəmizdə dövlət müstəqilliyi yarandıqdan, yəni 18 oktyabr 1991-ci ildən sonra təsis edilmişdir. “Səs” qəzeti isə dövlət müstəqilliyi uğrunda mübarizənin mətbuat orqanı kimi meydana çıxmışdır. “Səs” qəzetinin birinci sayının çap olunduğu 11 noyabr 1991-ci ildə Azərbaycanda barmaq ilə sayılacaq qədər müstəqil mətbuat kimi fəaliyyətə başlayan qəzetlər mövcud idi. “Səs” qəzeti demokratik mətbuatın ilk nümunələri olan həmin qəzetlərdən də fərqli taleyə malik idi. Çünki həmin qəzetlər ümumiyyətlə ölkəmizdə müstəqillik və demokratiyanın həyata keçirilməsi zərurətini təbliğ edirdilərsə, “Səs” qəzeti isə konkret olaraq dünya şöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması uğrunda mübarizə aparmaq andı ilə yola çıxmışdır. Yeni Azərbaycançıların ilk mübariz siyasi təşkilatı olan “Əlincə” cəmiyyətinin orqanı kimi təsis edilmiş “Səs” qəzetinin əsas amalı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik ideallarının işığında və məhz böyük təcrübəyə malik olan bu qüdrətli şəxsiyyətin rəhbərliyi ilə respublikamızda müstəqil dövlət qurmaq zərurətini xalqa çatdırmaqdan ibarət idi. Belə qəti mövqe isə o zamankı Azərbaycan Sovet Respublikasının rəhbərliyini qane etmirdi. Bütün çətinliklərə və maneələrə baxmayaraq, “Səs” qəzeti heç vaxt tutduğu yoldan bir addım da geri çəkilməmişdir. Müstəqillik ərəfəsindən başlayaraq bu günədək “Səs” qəzeti aydın və qəti Heydər Əliyevçi mövqeyini dönmədən, uğurla davam və inkişaf etdirməkdədir. Ona görə də “Səs” qəzetinin otuz il ərzində çap olunmuş altı mindən çox sayı Yeni Azərbaycançılığın, Heydər Əliyevçiliyin ən mötəbər və çoxcildlik külliyatı hesab oluna bilər. Bu, qəzet sözün əsl mənasında müstəqil Azərbaycanın mübariz “Səs”inə çevrilmişdir.“Səs” qəzeti informasiya tutumlu analitik mətbuat orqanıdır. Qəzet oxuculara günün nəbzini, səsini tam zamanında, anında çatdırmaqla bərabər, həm də ölkəmizdə müstəqil dövlətçiliyin daha da inkişaf etdirilməsi naminə atılan hər addımın dərkini və şərhini də obyektiv mövqedən təhlil edib dəyərləndirməyin də əsil nümunəsini göstərir. Bu mənada “Səs” qəzeti yalnız salnaməçilik fəaliyyətini deyil, daha çox bələdçilik funksiyasını böyük uğurla həyata keçirir. “Səs” qəzetində çap olunan bir çox analitik yazılar müstəqillik dövrü Azərbaycan siyasi publisistikasının yaddaqalan, təsirli və oxunaqlı nümunələridir.“Səs” qəzeti – mövqe qəzetidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin atdığı bütün addımlar, ölkəmizdə baş verən böyük dəyişikliklər “Səs” qəzetində aydın mövqedən təhlil edilərək işıqlandırılır və əsaslandırılmış şəkildə yüksək qiymətləndirilir.“Səs” qəzeti – azərbaycançı mətbuat orqanıdır. Yeni nəsillərin azərbaycançılıq və vətənpərvərlik ruhunda yetişib formalaşmasında “Səs” qəzetinin mühüm xidmətləri vardır.“Səs” qəzetinin yolu sabahlara doğrudur.Müstəqil Azərbaycan Respublikasının keşməkeşli və şərəfli tarixində və taleyində olduğu kimi, bu günki inkişafında və daha işıqlı sabahlara doğru müzəffər yürüşündə də “Səs”in səsi-sorağı eşidiləcəkdir.“Səs” qəzetinin kollektivini mətbuat dünyasında keçilmiş şərəfli yollarda qazanılan böyük nailiyyətlərə görə ürəkdən təbrik edirəm.Doğma qəzetimizə daha uğurlu sabahlar arzu edirəm.

İsa HƏBİBBƏYLİ
AMEA-nın birinci vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik

sia.az

Digər xəbərlər