Siyasət

  • 6 298

“SƏS”-OTUZ İL: ƏDALƏT VƏ ZƏFƏR YOLUNDA! QÜRUR TARİXİ

image

Bu il yanvarın 11-də "SƏS" qəzetinin ilk sayının çapdan çıxmasının 30-cu ildönümü tamam olur. Belə ki, bu tarixdən keçən 30 ildə Azərbaycan mətbuatı ilə birgə "SƏS" qəzeti kifayət qədər şərəfli bir yol, əqidə məktəbi qət edib. Məhz Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bu qəzet bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideallarının yaşadılmasına çalışıb. Əlbəttə ki, belə bir şərəfli, qətiyyətli yolu keçmək heç də hər bir mətbuata nəsib olmur...
Tarixə düşmüş qəzet haqda ümumi məlumat
"SƏS" ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub.Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. Ağabəy Əsgərovun baş redaktorluğu ilə nəşr olunan "SƏS" qəzeti 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. Bir sıra hallarda tiraj sayı hətta 35 mini də keçib. 1994-cü ildən 16 səhifə həcmində çap olunmaqla yanaşı, 1998-ci ildən etibarən gündəlik işıq üzü görməyə başlayıb.1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Onlardan bəzilərinin adlarını çəkirik. Əli Əhmədov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Əli Nağıyev, Murtuz Ələsgərov, Ziya Bünyadov, Fərəməz Maqsudov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Uluturk, Kərim Kərimov, Səyyad Aran və başqaları. Qəzet yarandığı vaxtdan Ulu Öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib, Onun Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. Qəzetin 1991-93-cü illər saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və Onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək, ölkə ictimaiyyətinə çatdırıb.1993-cü ilin iyunundan başlayaraq, "SƏS" qəzeti hakim Yeni Azərbaycan Partiyasının baza rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı da, məhz "SƏS" qəzetində dərc olunub. Halbuki bir sıra mətbu orqanlar həmin tarixi müraciəti dərc etməkdən çəkinirdilər. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra "SƏS" qəzetini özü üçün doğma qəzet adlandırıb və qeyd edib ki, "SƏS" qəzeti tarixə düşmüş bir qəzetdir.Dahi Öndər Heydər Əliyevin Prezident seçilməsindən və YAP-ın hakimiyyətə gəlişindən sonra qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb. Qəzetdə ölkədəki mövcud problemlər və onların həlli yolları haqda müxtəlif ziyalıların, mütəxəssislərin yazıları, müsahibələri dərc olunub. Həmçinin, dövlətin, prezidentin və partiyanın fəaliyyəti haqda xəbərlərin, dünyada və ölkədə yaşanan proseslərin ictimaiyyətə çatdırılması missiyasını davam etdirib.Müstəqil Azərbaycanın ilk qəzetlərindən biri olan "SƏS" qəzeti hazırda da eyni kursu davam etdirir və ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün, mütəmadi olaraq, medialayihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır.Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var. Qəzetin onlayn variantı və internet saytı (ses-news.az, sesqazeti.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlılar da sayt vasitəsilə qəzeti izləmək imkanına malik olurlar.
"SƏS" qəzetinin yaranma zərurəti necə meydana çıxdı? - tarixi aspektdən yanaşma
"SƏS" qəzetinin yaranma tarixi, onun məramı və aspekti 1990-cı illərin hadisələri ilə, Azərbaycanda milli-azadlıq hərəkatının başlaması ilə bağlıdır. Hərəkatın ilk dövrlərində ermənilər tərəfindən dağıntılara məruz qalan sərhədyanı rayonlara, kəndlərə kömək etmək və insanların yurd-yuvalarını tərk etmələrinin qarşısını almaq üçün Azərbaycanın bir qrup ziyalısı mərhum akademik Fərəməz Maqsudovun rəhbərliyi ilə "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətini yaratdılar.Cəmiyyətin İdarə Heyətində görülən işləri, aparılan təbliğatı, ölkədə gedən prosesləri və digər məsələləri geniş ictimaiyyətə çatdırmaq üçün qəzet nəşr edilməsinin vacibliyi vurğulandı. O dövrdə müstəqil qəzet dərc etmək çətin olsa da, milli mənafelər naminə qəzet yaratmaq məqsədəuyğun sayıldı. Belə qərara gəlindi ki, insanların səsini Azərbaycanın hər yerinə, dövlət strukturlarına çatdırmaq üçün nəşrə başlayacaq qəzetin adı "SƏS" qoyulsun. Beləliklə, 1991-ci il yanvarın 11-də "SƏS" qəzeti nəşrə başladı. Qəzet fəaliyyətə başladığı dövrdə çox böyük, orada çalışan ilk jurnalistlərin həyatına təhlükə yarada biləcək qədər işlər gördü. Xüsusilə, AXC-Müsavat hakimiyyətinin illərində bu qəzetə qarşı davamlı basqılar, hücumlar baş qaldırılır, orada çalışan qəzet heyətinə təhdidlər yağdırılırdı. Hətta bir neçə dəfə qəzetin redaksiyasına silahlı hücumlar da təşkil olunmuş, jurnalistlərə xəsarətlər yetirilmişdi. Ancaq bütün bunlara baxmayaraq, nəşr öz fəaliyyətini qətiyyətlə davam etdirir, heç bir təhdiddən, hücumlardan çəkinmədiyini sübuta yetirirdi.Qeyd etmək yerinə düşərdi ki, o dövrdə ölkə regionları arasında Naxçıvan daha çətin durumda idi. Bu bölgənin problemlərini, insanların üzləşdikləri çətinlikləri real şəkildə geniş ictimaiyyətə çatdıran yeganə mətbu orqanı isə "SƏS" qəzeti idi. Bu baxımdan, "SƏS" qəzeti o zaman Azərbaycanda daha çox oxunan, bir nömrəli qəzet sayılırdı. Bütün insanlar, xüsusilə də, ölkədə gedən ictimai-siyasi, proseslərdən real, düzgün məlumat əldə etmək istəyənlər, məhz "SƏS" qəzetini oxuyurdular."SƏS" qəzetinin tarixi qəzet olmasını da bu faktor təşkil edir. Onun xalq və dövlət üçün göstərdiyi fəaliyyətinin ən yüksək qiymətini Ümummilli Liderimiz Heydər Əliyev verib. Heydər Əliyev çıxışlarında, o cümlədən, Yeni Azərbaycan Partiyasının qurultaylarında "SƏS" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. Çünki "SƏS" qəzetinin YAP-ın formalaşmasında xüsusi rolu olub.Müstəqillik tarixinə ziyalı hərəkatı kimi düşən "91-lər"in müraciəti, Heydər Əliyevi müdafiə edən ziyalıların məqalələri də, məhz "SƏS" qəzetində dərc olunub.
Xalqın və YAP-ın mətbu ruporuna çevrilən əqidə məktəbi
"SƏS" qəzetinin keçdiyi tarixi yol, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Başqa sözlə, "SƏS" xalqın dəstəklədiyi YAP ilə ortaq tarixi inkişaf yolu keçib, həlledici məqamlarla partiyanın məqsəd və məramlarının geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb. Ona görə də, bu qəzet həm də xalqın və YAP-ın mətbu ruporu kimi qiymətləndirilməkdədir.Beləliklə, vurğulandığı kimi, "SƏS" qəzeti bu gün də YAP-ın ideyalarının ən fəal təbliğatçısı kimi çıxış edir. Partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında bu qəzetin özünəməxsus rolu var. YAP-ın mövqeyini, siyasi kursunu müdafiə edən qəzetlər sırasında "SƏS" qəzeti öz ardıcıllığı, mübarizliyi və məqsədyönlülüyü ilə seçilir. "SƏS" bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə müdafiə edir. Bu da öz ədalətli mövqeyində dönməz olan "SƏS"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin oxucu auditoriyasını bir qədər də genişləndirir.
"Qoy ədalət zəfər çalsın!"
"SƏS" qəzeti öz şüarına sədaqətini ötən əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin və ideyalarının mübariz təbliğatçısı rolunu qətiyyətlə öz üzərinə götürməklə təsdiqləməklə ədalət carçısı olduğunu müxtəlif dövrlərdə sübuta yetirib. Məhz bu mübarizlik, haqqa söykənib haqq-ədalət uğrunda mücadilənin önündə olmaq "SƏS" qəzetini populyarlaşdırıb, onun özünəməxsus oxucu auditoriyasını formalaşdırıb. Elə buna görə, YAP-ın üzvləri, fəalları, tərəfdarları, bütövlükdə, geniş ictimaiyyət "SƏS" qəzetini sevə-sevə oxuyur və çox yüksək qiymətləndirirlər."SƏS" qəzeti yarandığı vaxtdan başlayaraq, nəşrin baş redaktoru olmuş Ağabəy Əsgərovun gördüyü işləri isə xüsusilə qeyd etmək lazımdır. Məhz onun prinsipiallığı, mübarizliyi o dövrdə hakimiyyətdə olmuş şəxslərin narahatlığına səbəb olub. Yeri gəlmişkən, "SƏS"ə qarşı yalnız AXC-Müsavat iqtidarı deyil, Mütəllibov hakimiyyəti də qısqanclıqla yanaşıb. Məsələn, çoxlarının bilmədiyi bir nüans da - qəzetin elə birinci nömrəsindən sonra şəxsən Mütəllibovun göstərişi ilə bağlanmasını göstərmək mümkündür. Lakin oxucuların, tanınmış ziyalıların israr və tələblərindən sonra qərarı dəyişməyə məcbur olublar və qəzetin nəşri bərpa edilib. Beləliklə, nə Mütəllibov hakimiyyəti, nə də AXC-Müsavat iqtidarı dövrlərində "SƏS" qəzetinin nəşri bir neçə dəfə dayandırılsa da, qəzetə dəfələrlə hücumlar edilsə də, bu hərəkətlər qəzetin fədakar kollektivini öz haqq-ədalət yolundan, milli mücadilədən çəkindirməyib! Bu səbəbdən, qəzet bir növ Azərbaycan mətbuatı üçün haqq-ədalət uğrunda çarpışma, mübarizə aparan məktəb rolunu oynayıb. Azərbaycanın bugünkü mətbuatında da "SƏS" qəzetinin özünəməxsus yeri var.
Ulu Öndər Heydər Əliyev: "Sən demə iki balaca otaqda da dövrün nəbzini tutan bütün problemlərə fədakarlıqla sinə gələn qəzet buraxmaq olarmış"
Heydər Əliyev idealları, Heydər Əliyev siyasəti daim təbliğ olunmalı olan və indiki və gələcək nəsillərə çatdırılmalı dəyərlərimizdəndir. "SƏS" bu istiqamətdə xüsusi fəallığı və peşəkarlığı ilə seçilir. Ölkədə baş verən ictimai-siyasi proseslərə doğru-düzgün və obyektiv yanaşması ilə seçilən "SƏS" qəzeti Prezidentin, eləcə də, YAP-ın bununla bağlı prinsipial mövqeyini ardıcıl şəkildə işıqlandırır və müdafiə edir."SƏS" qəzeti, mütəmadi olaraq, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev, həmçinin, Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqda xüsusi buraxılışlar və multimedia diskləri hazırlayıb, cəmiyyətə təqdim edir. Bu da insanlar arasında maraqla qarşılanır. "SƏS"in hazırladığı kitab, film və jurnallar, bir qayda olaraq, Azərbaycan xalqına və dövlətçiliyinə, həmçinin, bu xalqın və dövlətin böyük şəxsiyyətlərinə həsr olunur. "SƏS" qəzeti Azərbaycan mətbuatında Ulu Öndər Heydər Əliyevlə bağlı ən son xəbərləri, hadisələri operativ və obyektiv şəkildə əks etdirən yeganə qəzet olub. 1994-cü ilin 19 noyabrında YAP-ın konfransında Ümummilli Lider Heydər Əliyevin bu sözlərini qəzetin fəaliyyətinə verilmiş ən böyük qiymət hesab etmək olar: "Sən demə iki balaca otaqda da dövrün nəbzini tutan bütün problemlərə fədakarlıqla sinə gələn qəzet buraxmaq olarmış"."Mətbuatın Dostu" adını almış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bütün KİV-lərə göstərdiyi dəstək və qayğı jurnalist mədəniyyətinin inkişafına, sivil dəyərlərə inteqrasiya prosesinin sürətlənməsinə, demokratik dəyişikliklərin, həyata keçirilən islahatların geniş əhali kütləsinə çatdırılmasında "SƏS" qəzetinin layiqli rol oynamasına öz təsirini göstərib.
Prezident İlham Əliyev: "Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "SƏS" qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır"
Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında "SƏS" qəzeti müstəsna rol oynayır.XXI əsr mətbuatı çox tələbkar oxucu kütləsinə ünvanlanmış, müasir texnologiyalara yiyələnmiş və ciddi rəqabət mühitində fəaliyyət göstərən sektora çevrilib. Qəzetin kollektivi yaradıcılıq prinsipləri və təşkilati-texniki meyarlar baxımından müasir dövrün tələbləri ilə ayaqlaşmaq sahəsində yüksək peşəkarlıq, böyük təşəbbüskarlıq nümayiş etdirir. Bu gün "SƏS" qəzetini internet şəbəkəsi vasitəsilə hər an bütün dünyada izləmək və oxumaq mümkündür.Qəzetin müasir informasiya texnologiyalarını mənimsəmək sahəsində göstərdiyi səylər, şübhəsiz ki, təqdirəlayiqdir. Hazırda bununla bağlı qəzetin fəaliyyətində böyük tərəqqi, müsbət irəliləyiş müşahidə olunur. Artıq qəzetin bazası əsasında yaradılmış "SƏS" İnformasiya Agentliyi, "SƏS" İnternet Televiziyası fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursa çevrilib.Şübhə yoxdur ki, "SƏS"in kollektivi yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində qarşıya çıxan növbəti həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən də bacarıqla gəlməyi məqsəd kimi qarşıya qoyub. Çünki "SƏS"in 9 il öncə keçirildiyi 20 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz tarixi kəlamlarını səsçilərlə bölüşüb. Təbrik məktubu ilə müraciət edən ölkə başçısı vurğulayıb: "Azərbaycanın ilk müstəqil mətbuat orqanlarından olan "SƏS" qəzetinin kollektivini fəaliyyətə başlamağı 20 illik yubileyi münasibətilə təbrik edirəm. İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə, 1991-ci ilin yanvarında işıq üzü görmüş "SƏS" qəzeti qısa zamanda əsl müstəqil və demokratik mətbuat nümunəsinə çevrilmişdir. Cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə, qəzet müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunasına çevrilmiş, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxarmış, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq öz mübariz mövqeyindən geri çəkilməmişdir".Prezident təbrik məktubunda qeyd edib ki, müstəqillik illərində Azərbaycanda demokratik dəyişikliklərlə yanaşı, söz və məlumat azadlığı da inkişaf edib, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranıb. "Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "SƏS" qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq, cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Ümummilli Lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş "SƏS" qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirmişdir", - deyə tarixi təbrikdə qeyd olunmuşdu.Ölkə Prezidenti fəaliyyət göstərdiyi bütün dövrlərdə öz amallarına sadiq qalmış "SƏS" qəzetinin kollektivinin bundan sonra da həqiqət carçısı olacağına, ictimai maraqların, milli-dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəyinə inandığını vurğulayaraq, öz təbriklərini qəzet kollektivinə çatdırıb. Əlbəttə ki, iftixar və qürur doğuran məqamdır ki, ölkə Prezidenti İlham Əliyev ölkə mətbuatı tarixində ilk olaraq, məhz müstəqil media orqanına xüsusi təbrik ünvanlayıb, qəzetimizin qocaman işçilərini müxtəlif fəxri adlara layiq görüb və mükafatlandırıb.Sonda isə bir daha Ulu Öndər Heydər Əliyevin "SƏS" qəzeti haqda söylədiyi tarixi sözləri xatırlatmaq istəyirik: "SƏS" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun, - "SƏS" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "SƏS" qəzetində dərc edə bildik. Nəhayət, "SƏS" qəzeti "91-lər"in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın".Biz Ulu Öndərimiz, Dahi Şəxsiyyət Heydər Əliyevin bu kəlamlarını özümüzə kredo kimi götürərək, fəaliyyətimizi bundan sonra da inkişaf etməyə, mübarizliyə və müasirləşməyə yönəldəcəyik! 30 yaşın mübarək, doğma "SƏS"imiz!

sia.az

Digər xəbərlər