Siyasət

  • 6 107

Sevinc Fətəliyeva: Münxendə diplomatik müstəvidə qazanılan diplomatik qələbə qısa müddətdə hərb meydanında möhtəşəm zəfərlə tamamlandı

image

“Azərbaycan dövləti 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkib. Ölkəmizin bu müddət ərzində həyata keçirdiyi siyasətdə Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq miqyasda ifşa olunması mühüm yer tutub. Məhz bu siyasətin nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması, Ermənistanın işğalçı olması barədə sənədlər qəbul edilib”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, müxtəlif beynəlxalq platformalar çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin haqq işini dünya ictimaiyyətinə çatdırıb. Dövlətimizin başçısının Valdayda “Qarabağ Azərbaycandır və nida” bəyanatı, o cümlədən Bişkekdə MDB dövlət başçıları Şurasının sammitində çıxışı işğalçı Ermənistana sarsıdıcı diplomatik zərbə vurdu. Xüsusilə, bu mühüm platformalardan biri də Münxen Təhlükəsizlik Konfransıdır. Xatırladım ki, bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrinin bir ili tamam olur. Məhz ötən ilin bu günü bu müzakirələr zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər canlı yayımda dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Millət vəkilinin sözlərinə görə, Münxendə Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi. Dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, ölkəmizin ərazi bütövlüyünün bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını, ermənilərin işğal olunmuş torpaqlarımızda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha qətiyyətlə ifadə etdi. Bu müzakirələrdən də aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin mənsubluğu ilə bağlı həqiqətlər Ermənistan üçün çox ağır mövzudur. Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu isə auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi.
Deputat qeyd edib ki, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı. Bu kontekstdə bir sıra məqamlara toxunmaq məqsədəmüvafiq olar. Əvvəla, Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument nümayiş etdirə bilmədi, o, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Bununla da, Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olması reallığı bütün dünyaya bir daha nümayiş etdirildi. Nəticə etibarilə, bu müzakirələr göstərmişdi ki, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı, Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi. Bir sözlə, Prezident İlham Əliyev faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi.
“Artıq Münxen Təhlükəsizlik Konfransındakı müzakirələr tarixə çevrilib. Bu debatlardan bir neçə ay sonra Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın işğalı altında olan torpaqlarını azad etdi. Tarixi proseslər bir daha göstərdi ki, cənab Prezidentin sözü ilə əməli vəhdət təşkil edir. Vətən müharibəsində qazanılan möhtəşəm zəfər, ərazi bütövlüyümüzün bərpası bunun təsdiqidir. Təbii ki, döyüş meydanında qazanılan qələbədə diplomatiya cəbhəsində əldə edilmiş uğurlar da mühüm rol oynadı. Bu baxımdan, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində Prezident İlham Əliyevin çıxışı böyük əhəmiyyət kəsb etmişdir”,-deyə S.Fətəliyeva vurğulayıb.

yap.org.az

Digər xəbərlər