Siyasət

  • 3 612

Qalib Azərbaycan dövləti öz şərtlərini diktə etmək iqtidarındadır

image

Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında Xocalı soyqırımı və 44 günlük Vətən müharibəsindəki böyük qələbədən sonrakı proseslərlə bağlı çox əhəmiyyətli tezislərlə çıxış etdi.

Dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi və 4 saat davam edən konfrans zamanı jurnalistlərin suallarına cavab olaraq postmüharibə dövründə bölgədə yaranmış geosiyasi vəziyyəti dolğun şəkildə təhlil edən dövlət başçısı indiki vəziyyətdə əməkdaşlıq mühitinin formalaşmasını yeganə variant kimi dəyərləndirdi. O, qeyd etdi ki, Azərbaycan tərəfi bununla bağlı Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstanın daxil olduğu altılıq əməkdaşlıq formatını Ermənistana da təklif edib. Bu istiqamətdə müsbət dəyişikliklər baş verib və müəyyən addımlar atılmaqdadır: “Biz davamlı sülhə nail olmaq istəyirik. Bu, düşmənçilik səhifəsini çevirmək üçün bir yoldur”. Lakin xaos içində, üstəlik vətəndaş müharibəsi astanasında olan və Azərbaycanın 1990-cı illərini xatırladan siyasi durum və güclü revanşizm meylləri bu prosesi əngəlləyən əsas faktora çevrilib. Cənab İlham Əliyev bildirdi ki, bu gün Ermənistanda baş qaldırmış revanşist qüvvələr hakimiyyətə gələrək 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın reallaşmasına mane olmağa çalışırlar. Hətta bu məsələdə artıq onları dəstəkləyən dövlətlər Ermənistanı silah-sursatla təmin etməklə yeni müharibəyə təhrik edirlər. Lakin “Azərbaycanla revanşist mövqedən çıxış edən tərəflər bilməlidirlər ki, ölkəmizin “dəmir yumruğ”u hər zaman hazır vəziyyətdədir, onların başını bundan sonra da əzəcək”. Dövlətimizin rəhbəri bir daha xatırlatdı ki, Ermənistanda dövlət başında kimin olmasından asılı olmayaraq, razılaşmaları pozmaq cəhdləri, Rusiya Prezidenti Vladimir Putinin təbirincə desək, onlar üçün intihara bərabər olacaqdır.
Mətbuat konfransının gedişində Prezident İlham Əliyevin dəfələrlə qeyd etdi ki, artıq Qarabağda status məsələsi yoxdur və olmayacaq. Biz qələbə qazanaraq Qarabağın qondarma statusunu məhv etmişik və Azərbaycanın digər bölgələrinin statusu nədirsə, onun da statusu o olacaq. Bu, sadəcə olaraq, bütün beynəlxalq təşkilatlara, xüsusilə Vətən müharibəsindən sonra yaranmış geosiyasi vəziyyətdə çaş-baş qalmış ATƏT-in Minsk qrupuna da bir ismarıcdır ki, məsələnin yenidən gündəmə gətirilməsi sonda mütləq fiasko ilə nəticələnəcək və bu, vasitəçi kimi öz işinin öhdəsindən gələ bilməyən təşkilatın onsuz da azalmış nüfuzuna ağır bir zərbə olacaq.
İşğal altındakı torpaqlarımızın azad edilməsindən sonra Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açılmışdır. Qarabağın dirçəldilməsi ilə bölgədə yeni siyasi konfiqurasiyanın yarandığı bir reallıqdır. Bu gün, demək olar ki, dünyanın bütün istiqamətlərindən ölkəmizə qarşı maraqlar tuşlanıb. Yeni logistika layihələri, təbii resurslardan istifadə, turizm üçün geniş imkanların yaranması bu bölgəni hər kəs üçün cəlbedici bir məkana çevirməkdədir. Çünki 30 il bundan öncəki məğlub Azərbaycana münasibətlə bugünkü qalib Azərbaycana münasibət arasında yerlə göy qədər fərq var. Ona görə də, cənab İlham Əliyevin söylədiyi kimi, əgər Ermənistan təklənərək bu layihələrdən kənarda qalarsa, artıq heç kim, hətta ən yaxın tərəfdaşları onu himayə etməyəcək, itirən yalnız özü olacaq və nəticə onun üçün indikindən daha ağır olacaq.
Ölkə Prezidenti Rusiya sülhməramlılarının fəaliyyətinə toxunaraq ümumilikdə onların işinin səmərəli olduğu qənaətini bölüşməklə yanaşı, Azərbaycan tərəfini qane etməyən bəzi neqativ halların aradan qaldırılması istiqamətində birgə səylərlə dərhal zəruri tədbirlərin görüldüyünü bildirdi. O, Türkiyə-Rusiya birgə monitoring mərkəzinin açılmasından sonra bu bölgədə güclü nəzarət sisteminin formalaşdığını bir daha diqqətə çatdırdı və bu fəaliyyətlə bağlı ictimaiyyəti çaşdırmağa çalışan radikal müxalifətin bədbin proqnozlarını bir daha alt-üst etmiş oldu.
Ölkə rəhbəri məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaları ilə bağlı KİV nümayəndələrini maraqlandıran sualları da ətraflı cavablandırdı. O, 30 il ərzində böyük dövlətlərin və beynəlxalq təşkilatların siyasi yollarla aradan qaldıra bilmədiyi nəhəng bir problemin Azərbaycan ordusunun gücü ilə cəmi 44 günə həll etdiyinə diqqət çəkərək, bundan sonra da Qarabağa qayıdışla bağlı problemlərin xalqımızın maraqları çərçivəsində həll ediləcəyinə əminliyini ifadə etdi. Azərbaycan cəmiyyətində daha çox narahatlıq və nigarançılıq yaradan bu məsələlərin tezliklə nizama salınması məqsədi ilə münasib şəraitin yaradılacağını bildirən cənab İlham Əliyev söylədi ki, bunun üçün Azərbaycanın möhkəm siyasi iradəsi və güclü potensialı mövcuddur.Bizim mübarizə aparacağımız bir şey varsa, o da zamandır...”


Əli Hüseynli,
Milli Məclisin deputatı

yap.org.az

Digər xəbərlər