Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb

“Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına geniş və əhatəli cavabları ilə regiondakı prosesləri, Azərbaycanın gələcəyə baxışlarını şərh etdi. Bütövlükdə, bu mətbuat konfransı ilə dövlətimizin başçısı dünya rekordu qırdı. Həmin mətbuat konfransı və cənab Prezidentin fikirləri dünya mediasında hələ də müzakirə mövzusudur”. Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.Ramil Həsən bildirib ki, dünya mediasında Azərbaycan Prezidentinin Xocalı soyqırımı, işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, orada infrastrukturun yaradılması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı fikirlərinə geniş yer verilib. Dövlətimizin başçısı azad edilən ərazilərin bərpası prosesindən danışarkən, bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Azərbaycan Prezidenti bu zaman qardaş Türkiyənin ölkəmizə münasibəti barədə xüsusi danışıb, bu ölkənin müharibənin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini, sonrakı vaxtlarda isə bölgəmizin sabitliyini qorumaq üçün önəmli rol oynayan Rusiya-Türkiyə Monitorinq Mərkəzində səmərəli fəaliyyət göstərdiyini xatırladıb. Bütün bunlardan sonra təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəməyəcək. İlk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz ifadəsidir.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanların açıldığını diqqətə çatdırıb: “Azərbaycan Prezidenti perspektivlərdən bəhs etdiyi halda, Ermənistan tərəfinin bunun əksinə yönələn pozucu, aqressiv yanaşması rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir. Əgər Ermənistan rəsmiləri ordularının müasirləşdirilməsi yolu ilə revanşizm mövqeyindən çıxış edirsə, artıq bu, o deməkdir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin dərslərindən nəticə çıxarmaq istəmirlər. Eyni zamanda, hazırda bu ölkənin yaşadığı siyasi böhran göz önündədir. Azərbaycanın illərdir Ermənistanı işğalçılıq siyasəti ucbatından bütün qlobal enerji layihələrindən təcrid vəziyyətə salması düşmən ölkənin iqtisadi böhran içərisində çapalaması ilə müşayiət olunur. Ermənistanın revanşist cəhdləri bir daha bu dövlətin təcavüzdən, düşmənçilikdən, nifaqdan uzaq olmaq istəmədiyini təsdiqləyir. Dünya birliyi bu kimi cəhdləri reaksiya verməlidir. Ermənistan yenidən bu yolu tutarsa, ən acınacaqlı vəziyyəti yaşayacaq. Ermənistanın hansı addımları atmasına və ona havadarlıq edən dövlətlərin dəstəyinə baxmayaraq, Azərbaycanın hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü təmin etməyə hazırdır və meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir”.

sia.az