Siyasət

  • 3 328

İlham Əliyevin qlobal təşəbbüsləri və liderliyi dünya birliyi tərəfindən alqışlanır - ŞƏRH ÖZƏL

image

“Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Tədbirdə dörd ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlandı ki, ölkə başçımız COVID-19-un kəskin mərhələsinin ən qısa zamanda yekunlaşması istiqamətində hansı addımların atılmasının zərurəti barədə çıxış etdi. Cənab Prezident öz çıxışında bildirdi ki, mövcud reallıqlar fonunda səhiyyə və sağlamlığın əhəmiyyəti daha artıb. Bu baxımdan da modern, yüksəkkeyfiyyətli və vətəndaşların sağlamlığının əsas götürüldüyü səhiyyə sistemi Azərbaycan dövlətinin də prioritet kimi müəyyənləşdirdiyi istiqamətdir. Dövlətimiz səhiyyə sistemini daha da yaxşılaşdırmaq üçün zəruri və davamlı addımlar həyata keçirir. Belə ki, müasir dövrün çağırışlarını nəzərə alaraq Azərbaycan ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir”. Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Ekspertin sözlərinə görə, bütün bu addımlara baxmayaraq COVID-19 pandemiyasının ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərir: “Lakin görülən işlərə yenə də fasilə verilmir. Belə ki, pandemiyanın bütün dünyanı cənginə aldığı ilk günlərdən etibarən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan atdığı uğurlu addımlarla vəziyyəti nəzarətdə saxlamağa müvəffəq olan nadir ölkələrdəndir. Pandemiyanın ilk aylarında 10-dan çox modul tipli yeni xəstəxana yaradılıb. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqından bir ay sonra vaksinləri alan və vaksinasiyaya başlayan ölkədir. Azərbaycan lap əvvəldən «COVAX» layihəsinə qoşuldu. Bu istiqamətdə maksimum səmərəli iş aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə mütəmadi təmaslar quruldu. Eyni zamanda, dünya birliyinin etibarlı tərəfdaşı kimi Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım edib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib ki, bu vəsaitin 5 milyonu Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə ayrılıb. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib”.Politoloq vurğulayıb ki, hal-hazırda insanların sağlamlığının prioritet müəyyənləşdirilməli bir məsələdə, təəssüf ki, ikili standartlar, ədalətsizlik, proteksionizm, millətçilik məsələləri öndə dayanır: “Cənab Prezidentin də qeyd etdiyi kimi, hətta müttəfiqlər arasında da ciddi problemlər mövcuddur. Bəzi ölkələr ehtiyaclarından üç-dörd dəfə çox vaksin alıblar. Bəzi ölkələr peyvənd dozalarının çoxunu öz əllərində saxlayırlar. Bu isə o deməkdir ki, kasıb ölkələrə vaksin çatmayacaq, beləliklə də varlı, inkişaf etmiş ölkələr inkişaf etməmiş, vəsaiti olmayan ölkələrin vətəndaşlarının ölümünə göz yumacaqlar. Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın-Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüququ və ədaləti müdafiə edərək, öz bəyanatlarına da sadiq qalaraq dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarı olan ölkədir. 2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib”.Ş.Həsənova vurğulayıb ki, cənab Prezident İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edir ki, pandemiya ilə mübarizədə uğur qazanmağın yeganə yolu dünya dövlətlərinin ümumi səylərinin ortaya qoyulmasıdır: “Bu baxımdan da cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti və tapşırıqları ilə həm ölkə daxilində vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi işləri, həm də dünya siyasi arenasının etibarlı və məsuliyyətli bir üzvü kimi belə vacib bir məsələdə bütün bəşəriyyəti də düşünərək dünyada peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi qlobal təşəbbüsləri və liderliyi dünya birliyi tərəfindən alqışlanır”.

sia.az

Digər xəbərlər