Siyasət

  • 6 985

"Rəsmi İrəvanın işğalçı siyasətinə son qoyuldu" MƏQALƏ

image

Azərbaycan dilinə, dininə, rənginə, millətinə fərq qoyulmadan onlarla millətin, xalqın bir yerdə bərabər hüquqlu yaşadığı, tolerantlığın dünyaya nümunə olacaq ən yüksək formasının mövcud olduğu bir ölkədir. Tarix boyu münbit torpaqlarına, təbii sərvətlərinə göz dikən yağı düşmənə qarşı fədakarlıqla sinə gərən xalqımız öz torpaqlarını müdafiə etmişdir. Əsrlər boyu Azərbaycanın tarixi torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər. Son iki əsrdə dünyanın müxtəlif yerlərindən gətirilərək Azərbaycanın İrəvan xanlığı və digər ərazilərində yerləşdirilən ermənilər tədricən daha böyük ərazilər ələ keçirmək üçün tarixi saxtalaşdırmaqla, yerli azərbaycanlı və ümumilikdə türk xalqına qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata keçirməyə başlamışlar. Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozur və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, bu əraziləri daim işğalda saxlamaq istəyiblər. Atəşkəs rejimi dövründə hərbi təxribatlarla daim atəşkəs rejimi pozaraq münaqişənin dinc yolla həllinə maneələr törədən Ermənistan daim layiqli cavabını almışdır.Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları son dövrlərdə müntəzəm xarakter almış, belə ki iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Daha sonra avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq Azərbaycana diversiya qrupu göndərmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışvə planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəldiyi müəyyən edilmişdir.Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir.44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır.Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev qeyd etmişdir ki, müzəffər Azərbaycan ordusu döyüş meydanında şərtsiz üstünlüyə malikdir: “Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır”.İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir.Qısa müddət ərzində Ermənistan başa düşdü ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Ötən müddət ərzində iqtisadiyyatın inkişafı, düzgün aparılmış xarici və daxili siyasət, ordu quruculuğu istiqamətindəki islahatlar, Silahlı Qüvvələrimizin ən müasir döyüş texnikası ilə silahlanması Ermənistanın təkcə hərbi deyil, danışıqlar prosesində də Azərbaycana uduzmasına gətirib çıxardı. Çünki Ermənistan hakimiyyəti siyasi müstəvidə də qeyri-konstruktiv yanaşma nümayiş etdirir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması və işğalçı ölkə üçün kapitulyasiya aktı kimi dəyərləndirilən üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu. Yəni, Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla bu problemi həll etdi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bu savaş ilk gündən Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin yüksək döyüş ruhunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək düşmənə sarsıdıcı zərbələr endirdi. İllər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi, minaladığı mürəkkəb konstruksiyalı mühəndis-istehkam qurğuları və digər müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə yarıldı.Cənab Prezident İlham Əliyev hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayandığını söylərək,yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacağını bildirdi. Ölkə başçımız dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət etdiyini söylədi.Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. İ.Əliyev Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət etdiyini söylədi.Gənclər cəmiyyətimizin aparıcı qüvvələridir. Bu gün bütün dünyanın gözü qarşısında cənab Ali Baş Komandan İlham Əliyevin lider olaraq xalqa güvənməsi və xalqın da dəstəyi bizlərə tarixi qələbəni yaşatdı. Təbii ki, haqlı mübarizəmizdə qalib olmağımız artıq, biz gənclərin qarşısında dövlətin, dövlətçiliyin inkişafı üçün yeni məqsədlər və məsuliyyətlər qoyur. Qürurunu yaşadığımız tarixi qələbənin memarları qarşısında daşıdığımız bu məqsəd və məsuliyyətlər bizi ruhlandırır!…

Yaşasın Müstəqil Azərbaycan Respublikası!
Qarabağ Azərbaycandır!

Şəlalə Şixəliyeva
Bakı şəhər, Xəzər rayonu Buzovna qəsəbəsi İ.Tağıyev adına 26 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

sia.az

Digər xəbərlər