PDF Oxu

Siyasət

  • 486

Cənubi Qafqazın ən böyük siyasi partiyası!

image

Prezident İlham Əliyev: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”

Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından belə söhbət açıla bilməzdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin olan yol keçib. O vaxtkı iqtidarın səristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər elə bir vəziyyət yaratmışdır ki, hətta Azərbaycana dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi yaratmışdır. Həmin vaxtlar YAP-ın yaranması tarixi zərurət idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın”. Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı.

Ərazi bütövlüyümüz pozulmuşdu, Azərbaycan iqtisadi cəhətdən olduqca ağır vəziyyətdə idi, hərbi müxalifət baş qaldırmışdı, AXC-Müsavat iqtidarının səriştəsizliyi və hakimiyyət uğrunda apardıqları çəkişmələr mövcud ağır vəziyyəti daha da çıxalmaz hala salmışdı. Həmin xaos və siyasi hərci-mərclik yaddaşımızdan heç vaxt silinməyəcək. Məhz belə çətin günlərdə vətənsevər ziyalılarımızın təşəbbüsü Yeni Azərbaycan Partiyasının yaradılmasının başlanğıcını qoymuşdur. Azərbaycanın görkəmli ziyalıları, nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə yeni partiyanın yaradılması və Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu. Beləcə, Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və sonda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin yekdilliklə partiyanın sədri seçilməsi qərara alındı. 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi və qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrildi. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

“İLK DƏFƏDİR Kİ, QURULTAYIMIZ AZƏRBAYCAN ÖZ ƏRAZİ BÜTÖVLÜYÜNÜ VƏ SUVERENLİYİNİ TAM BƏRPA EDƏNDƏN SONRA KEÇİRİLİR”

“Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır - müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları”, - deyə dövlətimizin başçısı vurğulayıb. Son illərdə görülən işlər nəticəsində Möhtərəm Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir. “İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir”, - deyən Prezident İlham Əliyev VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladıb: “Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”.

Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında daha möhkəmləndirməkdir. “Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər: “Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik və bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir”.

Dövlət başçımız onu da bildirib ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Dövlətimizin başçısı vurğulayıb: “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həm ölkəmiz, həm də partiya üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyası YAP ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvəyə çevrilib.

“VAXTİLƏ “QARABAĞ ERMƏNİSTANDIR VƏ NÖQTƏ” DEYƏNLƏR ARTIQ “QARABAĞ AZƏRBAYCANDIR!” DEYİRLƏR”

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, yeni çağırışlar yaradır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Azərbaycanın gücü 30 ilə yaxın müddətdə Ermənistanın işağlı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad edilməsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq Zəfər eyni zamanda, yeni reallıqlar yaratdı. “Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi”. Prezident İlham Əliyev bu fikirləri Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik:“Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər. Bunu məcburən deyirlər. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, sadəcə olaraq, xoş niyyətin təzahürü deyil və belə sayıla bilməz. Bütün günahları Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yıxmaq da olmaz. Halbuki Ermənistanın əvvəlki rəhbərləri - onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu. Yəni bütün bunları biz heç vaxt unutmamalıyıq. Bu gün bəzi xarici dairələr Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz hər dəfə bax, bu tarixi onlara xatırladırıq. 2018–2020-ci illərin tarixini xatırladırıq ki, tarix təhrif edilməsin və yalan tezislər real tarixi pozmasın. Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi”.

“ÖLKƏMİZİN SON İLLƏR ƏRZİNDƏ UĞURLU VƏ ŞƏRƏFLİ YOLUNDA PARTİYAMIZIN FƏALLARININ ÇOX BÖYÜK PAYI VAR”

Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır. Buna dövlətimizin gücü və potensialı var. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Ulu Öndər Heydər Əliyevin şərəfli adı, ölməz ruhu qarşısında müqəddəs borcu Onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib və onun əbədiliyi təmin edilib.

Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, “dünənin, bu günün və sabahın partiyası”dır. Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP artıq ölkəmizin deyil, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”, - deyə dövlətimizin başçısı bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər