Siyasət

  • 3 829

Dahi Öndər Heydər Əliyevin ideyalari milli sərvətimizdir

image

Bu gün Azərbaycan sosial-iqtisadi inkişafına, demokratik proseslərin davamlı xarakter daşımasına görə, dünyanın aparıcı dövlətləri sırasında yer almaqdadır. Təbii ki, bu uğurların təməli Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qoyulub. 1993-cü ilin ağır, böhranlı iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan Dahi Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.Milli Məclisin həmin gün keçirilən iclasında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə bu strategiyanı həyata keçirdi. Ona görə də, 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının mübarizəsinin tarixində ən mühüm hadisədir. Mili Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun”.1993-cü ilin oktyabr ayının 10–da keçirilmiş prezident seçkisində Ulu Öndər Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir və son nəfəsinə qədər öz xalqına sədaqətlə xidmət etmişdir. Ümumilli Liderin şəxsiyyəti, Onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ölkəmizdə ictimai- siyasi sabitliyin yaradılmasına imkanlar yaratdı. Dahi Öndər Heydər Əliyev əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün ilk öncə ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu müqavilədən sonra xeyli sayda neft-qaz sazişlərinin imzalanması, hazırda ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 120 milyard dollardan artıq olması da deyilənlərin təsdiqidir. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Söz yox ki, Ulu Öndərimiz Heydər Əliyevin xalq və dövlət üçün gördüyü xeyirli fəaliyyətinin təşəkkül tapmasında Yeni Azərbaycan Partiyasının müstəsna rolu olub. Fakt budur ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. 1990-1993-cü illərdə ölkəmizdə xaos və anarxiya hökm sürürdü. Daha ağır fəlakətlərin qarşısını almaq və dövlətimizi böhranlardan xilas etmək məqsədilə ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərimizə müraciət ünvanladı. Müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.Ümummilli Lider Heydər Əliyev ziyalılara cavab məktubu ünvanlayır. 24 oktyabr 1992-ci il də ünvanalanan məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. Ümummilli Lider Heydər Əliyevin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası öz sıralarında 750 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, Cənubi Qafqazda böyük siyasi qüvvəyə çevrilib. 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. 1999-cu ildə keçirilən qurultayda o zaman ARDNŞ-nin birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Bu, partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi. Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi.1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan Cənab İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi. 2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini Cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Faktlara diqqət yetirdikdə ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Hazırda isə partiyamızın üzvlərinin sayı 750 minə yaxındır. 2018-ci ilin 11 aprel seçkilərində xalqın böyük dəstəyi ilə Azərbaycana rəhbərlik kimi məsuliyyətli missiyanı növbəti mərhələdə də üzərinə götürmüş Cənab İlham Əliyev Ona göstərilən etimadı fəaliyyəti ilə hər zaman doğruldur, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün əzmlə, qətiyyətlə çalışır. Təkcə onu demək kifayətdir ki, respublikamız 2018-ci il prezident seçkilərindən sonra daha da güclənib, zənginləşib, hərtərəfli inkişaf yolunda yeni uğurlara imza atıb, insan amili faktoru isə həyata keçirilən siyasətin ana xəttində yer almaqdadır. 2021-ci il martın 5-də keçirilən növbəti qurultayında Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni islahatlar həyata keçirildi, kadr dəyişikliklərinə nail olundu. Bu isə cmiyyətdə partiyaya olan inam və etimadı daha da möhkəmləndirmiş oldu.Bu gün Azərbaycanın dünya da ən inkişaf edən dövlətlərindədən biri kimi tanınması və qəbul edilməsi Dahi Öndərimizin siyasətinin davam etdirilməsinin nəticəsidir. 2003-cü ildən ötən dövr Ümummilli Lider Heydər Əliyevin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Dahi Öndər Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. Bu baxımdan tam qətiyyətlə və əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar Lider kimi qalıb. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimizdir. Nə qədər Azərbaycan dövləti var, Ulu Öndər Heydər Əliyev ideyaları və əsasını qoyduğu müdirik siyasət davam edəcək və yaşayacaq.

Bəxtiyar Abbasov
Yeni Azərbaycan partiyası Şamaxı rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər