Siyasət

  • 7 830

Heydər Əliyev Fondunun yaradılmasından 17 il ötür

image

Minlərlə insanın ümid qapısı

İctimai-siyasi, mədəni həyatda aparıcı qüvvəyə çevrilmək, əməli fəaliyyət ilə böyük nüfuza sahib olmaq, örnəyə çevrilmək böyük məsuliyyət və zəhmətin bəhrəsidir. Əlbəttə ki, vətənpərvərlik, vətənə bağlılıq insanı xalqı, milləti üçün böyük amallara xidmət etməyə sövq edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da Azərbaycanın ictimai-siyasi, mədəni həyatında müstəsna rola malik olması Onun vətənə bağlılığından irəli gəlir. Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən, Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında özünü göstərir. Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Fondun genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurmasına gətirib çıxarıb. Heydər Əliyev ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir.Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirilir. Azərbaycan cəmiyyətinin yaratdığı hüquqi normalardan yararlanan və bu prinsiplər əsasında dünyaya qapı açan Mehriban xanım Əliyeva ictimai-siyasi, mədəni, sosial proseslərdə fədakarlıq nümunəsini göstərir. Sözsüz ki, Onun bu prinsipial qətiyyəti tərbiyə aldığı ocaq və ailə ilə bağlıdır. Heydər Əliyev ideologiyasını davam etdirmək və prinsipləri gerçəkləşdirmək üçün Heydər Əliyev Fondunun yaradılması onun çoxsaylı layihələrinə imza atdı. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Azərbaycanın bir sıra rayon və kəndlərində yeni məktəb binalarının inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi bu görülən işlərin davamı olaraq reallaşır. Belə ki, məktəblər müasir avadanlıqlarla təchiz edilərək, dünya standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərməkdədir. Demək olar ki, Azərbaycanın hər bir məkanında təhsil sahəsində aparılan bu dəyişikliklər özünü büruzə verir. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunur. Bu uğurlu addım Fondun başlıca vəzifəsi olaraq davam etdirilir.Fondun səhiyyə ocaqlarının bərpa edilməsi və inşası ilə bağlı layihələri də öz nəticəsini vermiş bu gün tibbi müəssisələr dünya standartlarına uyğun inkişaf etmiş ölkələrdən gətirilmiş müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, Fondun həyata keçirdiyi sosialyönlü layihələr sırasında "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və s. layihələri xüsusi olaraq vurğulamaq lazımdır.Fondun humanitar yardımı çərçivəsində əldə etdiyi böyrək hemodializ aparatları ilə bir sıra tibb müəsisələri təmin edilmişdir. Tibbi avadanlıqlar Almaniyanın "Fresenius Medical Care" şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan humanitar yardımdır. Bununla yanaşı, Mehriban xanım Əliyevanın dünyanın bir sıra nüfuzlu tibb şirkətləri ilə beynəlxalq əməkdaşlığı çərçivəsində Fonda xeyli tibbi avadanlıq daxil olunmuşdur. Bunun sayəsində daha çox xəstə dövlət tərəfindən hemodializlə təmin olunur. Artıq regionlardakı müalicə ocaqlarında da belə aparatlar quraşdırılıb.Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir. Bu gün ölkəmizdə uşaqlar ən keyfiyyətli insulinlə təmin olunurlar. Fondun dəstəyi ilə ölkəmizdə uşaqlar üçün qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəz istifadəyə verilmişdir. Paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir.Fond tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasında yaxından iştirak edir. Onu da bildirək ki, səhiyyə yönümlü layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər də yer alır. Paytaxtımızda inşa olan Talasamiya Mərkəzi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və bu gün həmin xəstəliyə düçar olanların ümid yerinə çevrilən mərkəz Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunub. Burada quraşdırılan avadanlıqlar müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır. Bütün bunlarla yanaşı, Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında artıq bir neçə lokal layihə həyata keçirilmişdir. Səhiyyə sahəsində görülən işlər, həyata keçirilən layihələr Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrdir. Bu qayğı humanizmin ən nümunəvi göstəricisidir.Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə də töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdü. Heydər Əliyev Fondu daim himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərdi vg bu davamlıdır. Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb.Mehriban xanım Əliyeva Azərbaycanda əhalilinin sağlamlığının qoruyucusuna çevrilib. Hər bir insanın ümid, pənahına çevrilib. Bu da əsassız deyil. İnsanlara qayğı, ehtiram, həssas münasibət Heydər Əliyev Fondu ilə cəmiyyət arasında bir körpü salıb. Minlərlə insanın qəlbində bir ümid çırağı yandırılıb. Ümidlər boşa çıxmır. Mehriban xanım Əliyevanın mərhəməti, xeyriyyəçiliyi, humanizmi bu münasibətin formalaşmasına səbəb olub.
Azərbaycan mədəniyyətinin dünyada təbliği
Qloballaşma prosesində Azərbaycan mədəniyyətinə xüsusi diqqət ayrılaraq, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər də diqqətdən kənarda deyil. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında, dünyada təbliğində əvəzsiz xidmətləri vardır. Azərbaycanın Birinci Xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Beynəlxalq muğam festivalı və muğam ifaçılarının müsabiqəsi, M.Rastropoviç adına, eləcə də D.Şostakoviçin və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Musiqi Festivalı, Aşıqların Beynəlxalq Festivalı kimi tədbirlər məhz Mehriban Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilib. Bakıda Beynəlxalq Muğam Teatrının, Müasir İncəsənət Muzeyinin binaları tikilib, açıq səma altında "Qala" arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb.Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirildiyindən bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyətini xüsusi qeyd etməliyik. Azərbaycanın maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, hazırda muğam ifaçılığı sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılığı sənəti, "Kəlağayı simvolizmi və ənənəvi sənəti" və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ Atüstü Oyun ənənəsi isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Heydər Əliyev Fondunun rolu xüsusidir.
"Azərbaycan - tolerantlığın ünvanı"
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində Fondun həyata keçirdiyi layihələrə münasibət yüksəkdir. Mehriban xanım Əliyevanın dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Azərbaycanın Birinci Xanımı sivilizasiyalararası dialoqa töhfə verməklə yanaşı, məktəblərin tikintisinə, dini məbədlərin bərpasına da köməklik göstərir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazılıb. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.
"Yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir"
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Odur ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə yeni layihəyə başlayıb. Fondun prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsindəki paylaşımında bildirmişdi ki, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik: "Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır".Mehriban Əliyeva qeyd etmişdir ki, layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.17 illik fəaliyyəti dövründə həyata keçirdiyi bu və ya digər layihələr Fondun qeyri-hökumət təşkilatı olaraq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun gələcək fəaliyyətinin əsasında qeyd etdiyimiz bu və digər məsələlərin daha da geniş bir planda həyata keçirilməsi dayanır.

sia.az

Digər xəbərlər