Sədaqət Vəliyeva: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfər zirvəsidir

“Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Bu mənada, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xüsusi önəm və əhəmiyyət daşıyır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Şuşa görüşü isə bu münasibətlərin mühüm tarixi mərhələsidir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir: “Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu mənada, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə qardaşım deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi mühüm mesajdır”.

“Qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada olması, rəsmi qəbulun təşkili, Prezident İlham Əliyevlə görüşü, birgə bəyanatın imzalanması və mətbuat konfransının keçirilməsi, eyni zamanda “Xan qızı” bulağının ziyarəti, Cıdır düzündə tədbirlərin təşkili bir daha iki qardaş ölkənin birgə yolunun və uğurunun sevincinin paylaşımı hadisələridir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfər zirvəsi oldu: “Heç şübhəsiz ki, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu tarixi sənəd Azərbaycan və Türkiyənin regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirməklə, ölkələrimizin əməkdaşlıq, təhlükəsizlik proseslərində rolunu, nüfuzunu daha da artıracaq. Şuşa Bəyannaməsi ilə Azərbaycanın silahlı qüvvələrinin müasir tələblərə uyğun modernləşdirilməsi istiqamətində birgə səylər göstəriləcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi, imzalanmış Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir”.

yap.org.az