Siyasət

  • 1 573

Azərbaycan Prezidentinin qəhrəman Vətən övladlarına ehtiram və qayğısının daha bir nümunəsi

image

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın milli birliyi - həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində haqq - ədaləti bərpa etdi, xalqımızın uzun illər ərzində çəkdiyi yurd həsrəti başa çatdı. 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi ilə unudulmaz Zəfər salnaməsi yaradıldı, Qələbə dastanı yazıldı. Bütün dünya Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə ruhunu gördü. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə, eyni zamanda, tarixi ədalətin və milli ləyaqətin bərpası oldu.

Döyüş meydanında qətiyyətlə və əzmlə mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabitlərinin cəsarət və fədakarlıq nümunəsi ortaya qoymaları xalqımızın qürur mənbəyidir. Biz iftixar edirik ki, onlar Vətən qarşısında borclarını şərəflə və ləyaqətlə yerinə yetirdilər, gələcək nəsillər üçün örnək vətəndaşlıq nümunəsi yaratdılar. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn və sağlamlıqlarını itirərək qazi olan qəhrəman Vətən övladlarına sonsuz minnətdarıq.
Bu gün Azərbaycan dövləti və cəmiyyəti şəhid ailələrinə, qazilərimizə xüsusi hörmət, yüksək diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı bu istiqamətdə son bir neçə ay ərzində müvafiq sənədlər imzalayıb. Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalaması təqdirəlayiq hal kimi olduqca mühüm əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, Vətən Müharibəsində tarixi qələbənin əldə olunmasında digər bölgələrdə olduğu kimi, respublikamızın Ermənistanla ən böyük sərhədə malik bölgəsi Naxçıvanın da qəhrəman övladları yüksək rəşadət nümayiş etdiriblər. Sıravi əsgərdən polkovnik rütbəsi daşıyan zabitə qədər Naxçıvan hərbçiləri Ordumuzun xilaskarlıq missiyası çərçivəsində cəsarətlə döyüşərək şəhidlik zirvəsinə yüksəliblər.
Dövlət başçısının bəhs olunan Sərəncamı mühüm sosial və mənəvi əhəmiyyətə malik olmaqla, yüksək hörmət, ehtiram və qayğı nümunəsidir. Bütövlükdə, Vətənə şərəflə və ləyaqətlə xidmət edərək böyük Qələbənin qazanılmasında mühüm rol oynayan Naxçıvanın qəhrəman övladlarının, şəhidlərimizin ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması milli birliyimizi gücləndirən çox önəmli amillərdəndir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

yap.org.az

Digər xəbərlər