Ermənistan və İran tərəfi aldadıcı fantaziyaları arxasınca qaçarkən, növbəti dəfə real şanslarını əllərindən buraxmış olurlar
İran və Ermənistan arasında Fars körfəzi-Qara dəniz “beynəlxalq nəqliyyat dəhlizi” ətrafında illüziyalara qapılmaları, üstəlik, Azərbaycanın bu layihədən kənarda qalacağı barədə qərar vermələri, əslində, ölkəmiz üçün heç bir mənfi tendensiyalar vəd etmir. Belə ki, Azərbaycanın regional iqtisadi layihələrdə öncüllük təşkil etməsi, həmçinin, aparıcılıq funksiyalarını reallaşdırması sözügedən “dəhliz” planlarını dəfələrlə üstələyir. Bu zaman sual yaranır ki, İran və Ermənistan Fars körfəzi-Qara dəniz utopiyalarının reallaşacağına nəyə görə bu qədər ümid bəsləyirlər? Ümumiyyətlə, bu “dəhlizin” yaradılması həmin ölkələrə hansı dividendləri gətirə bilər? Çünki onun ərsəyə gətirilməsi üçün kifayət qədər zamana, maliyyəyə ehtiyaclar var və bu ölkələrin istər zaman, istərsə də maliyyə potensiallarını hesablayarsaq, adıçəkilən planın qısa zamanda realizə olunması qeyri-mümkün görünməkdədir.
Təkcə Ermənistan-İran dəmir yolunun tikintisinə 2 milyard dollar tələb olunur!
“Səs” qəzeti olaraq bir sıra mülahizələrimizi önə sürdük və araşdırmalarımızı apardıq. Belə ki, təkcə Ermənistan-İran dəmir yolunun tikintisinə 2 milyard dollar tələb olunur. Tələb edilən maliyyə dəstəyini kim, necə və hansı yollarla göstərəcək - bu da aydınlaşmayıb.
Digər tərəfdən, nəzərə alsaq ki, sözügedən layihə Gürcüstan, Rusiya və Ukrayna üçün əhəmiyyətlidir və İranla Gürcüstanın limanlarını birləşdirmək imkanını yaradır, eləcə də Abxaziya dəmir yolu işlək vəziyyətə gətirilərək, Rusiya Hindistandan olan məhsulları qısa yolla gətirə bilər, amma buna baxmayaraq, Rusiya kənarda qalır.
Ukraynanın və Gürcüstanın Rusiya ilə eyni kontekstdə xatırlanması ümumiyyətlə, qeyri-mümkünlük təsirini bağışlamaqdadır
Dəmir yolunun Abxaziya üzərindən Gürcüstan üçün əhəmiyyətinə gəlincə isə bu iddia kifayət qədər absurd görünür.
O cümlədən, Ukraynanın və Gürcüstanın Rusiya ilə eyni kontekstdə xatırlanmasıı da ümumiyyətlə, bilavasitə qeyri-mümkünlük təsirini bəri başdan bağışlamaqdadır.
Beləliklə, hansı nəticələr hasil olunur?
Mahiyyətcə Fars körfəzi-Qara dəniz “layihəsi” təkcə Rusiya, Türkiyə və Azərbaycan tərəfindən təklif (əslində tələb-R.R.) edilən alternativ kommunikasiyalar qarşısında sadəcə utopik xəyal, ya da xülyalı təsəvvürlərə hesablanmış fantaziyadır.
Beləliklə, Ermənistan və İran tərəfi aldadıcı fantaziyaları arxasınca qaçarkən, növbəti dəfə real şanslarını əllərindən buraxmış olurlar.
Rövşən RƏSULOV