Siyasət

  • 5 685

ADP sədri: “İsraildən silah alırıq, əcəb edirik” RƏY

image

ADP sədri Sərdar Cəlaloğlu İran rəsmilərinin Azərbaycan dövlətini “sionistlərlə” işbirliyində ittiham etməsi kimi sərsəm iddialarına sərt cavab verib. Onun sözlərinə görə, İran nəyə görəsə daim dəstək göstərdiyi Ermənistanın ərazisində, eləcə də Rusiyada İsrail səfirliklərinin fəaliyyətinə münasibət bildirmir, amma Azərbaycana gəlincə dərhal İsraildən silah almaq faktını qabardaraq mənasız ittihamlar irəli sürür. SİA xəbər verir ki, “İran bəyanat verir ki, sərhəddə İsrail dövlətini görmək istəmir. Səninlə həmsərhəd olan dövlətlərdə İsrailin səfirliyi var. Zəif elə bizi görmüsünüz?”, deyə sual edən Sərdar Cəlaloğlu bu gün İsrailin Türkiyə ilə də münasibətlərinin soyuq olduğunu xatırladıb və Türkiyəni İranla müqayisə edərək Ankaranın Bakıdan Təl-Əviv ilə əlaqələrini kəsməsi tələbini irəli sürmədiyini nümunə olaraq göstərib: “İsraillə Türkiyənin münasibəti daha gərgindir, nəinki İranla İsrailin. Bilirsiniz ki, Türkiyə İsraillə müharibə vəziyyətindədir. Bəs qardaş Türkiyə dövləti Azərbaycana niyə demir ki, İsraillə əlaqələrini kəs?!”.

Partiya sədri hesab edir ki, İran Azərbaycanın İsraildən silah alıb erməninin üzərinə getməsinə dözə bilmir. Lakin Bakının bu məsələdə müstəqil və qətiyyətli siyasət yürütməsinin heç kimə heç bir dəxli olmadığını bildirən Sərdar Cəlaloğlu xatırladıb ki, bu gün Azərbaycanın xaricə ixrac etdiyi qazın 40%-ni məhz İsrail dövləti alır, əvəzində isə satır: “Dünyanın ən bahalı silahını alacağam, özümü qoruyacağam, sənə dəxli var? Baxın, Azərbaycanın xaricə ixrac etdiyi qazın 40 faizini İsrail alır. Bizim belə nəhəng ticarət dövriyyəmiz var. İsrailə qaz veririk, əvəzində silah alırıq, əcəb edirik”.

ADP sədri bildirib ki, əgər İran bu qədər Ermənistanın halına acıyırsa, o da erməni tərəfinə qaz satsın, eləcə də digər məsələlərdə Azərbaycan İranın daxili işlərinə qarışmırsa, İran da çəkilsin kənara və Azərbaycanın işlərinə müdaxilə etməsin: “İran isə Ermənistana qaz satmır, vətəndaşlarının pulları hesabına yardım edir. Bizim onların işinə qarışmadığımız kimi onlar da bizim işimizə qarışmamalıdırlar”, Sərdar Cəlaloğlu bildirib.

Digər xəbərlər