Vətən müharibəsinin ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə yüksəlmiş qəhrəman Vətən oğullarımız Quba rayon Qonaqkənd qəsəbəsindən olan Azayev Sadiq Xubyar oğlunun, Ömərov Orxan İmran oğlunun, Məmmədov Cəlil Qəhrəman oğlunun ildönümü ilə əlaqədar qəsəbə qəbiristanlığındakı məzarlarını ziyarət edib, əziz xatirələri ehtiramla anılıb. Azayev Sadiq Xubyar oğlu Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. O, yaralı yoldaşlarını xilas edərkən ürəyindən snayperlə vurularaq, qəhrəmancasına şəhid olub. Ölümü ilə ölümsüzlüyə qovuşan şəhidimiz Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Ömərov Orxan İmran oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Son dəfə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib və həmin döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz Orxan Ömərov Prezident Cənab İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.Məmmədov Cəlil Qəhrəman oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrutun, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Son döyüşü Şuşa istiqamətində olmuşdur. Həmin döyüşdə qəhrəmancasına şəhid olub. Şəhidimiz göstərdiyi igidliklərə görə, Prezident İlham Əliyevin sərəncamları əsasında 4 medalla - "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Anım mərasimində YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək, Şəhidlik zirvəsinə ucalıblar. O, qeyd edib ki, şəhidlərimiz kimi, onların ailələri də bizim üçün çox qiymətli və dəyərlidirlər. Şəhidlərimizin, qazilərimizin keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Torpaqlarımızın azadlığı uğrunda, Vətənimizin düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları, şəhidlərimiz, Qazilərimiz bizim qürur mənbəyimizdir.
Sonra Y.Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və təşkilatın səlahiyyətləri daxilində köməklik göstərəcəklərini bildirib. Şəhid ailələri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI