Siyasət

  • 1 403

Xalqın birliyi mənfur qüvvələrin məkrli planlarının həyata keçməsinə imkan vermədi TƏHLİL

image

15-16 oktyabr hadisələri bir daha bunu sübut etdi ki...

2003-cü il 15-16 oktyabr hadisələri...Həmin gün Azərbaycan tarixi nə yaşadı? İtirilənlər, qazanılanlar... Bu 18 ildə nə dəyişdi? 18 il sonra, 18 il əvvəlki tarixə nəzər salanda ümumi mənzərədə nələr var?

18 il öncə o vaxtkı prezidentliyə namizəd, Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin ətrafında olanlar məğlubiyyətlə barışmayaraq küçələrə çıxmışdı. Dağıdıcı qüvvələrin məqsədi ölkədə qarşıdurma yaratmaq, etiraz aksiyaları ilə sabitliyi pozmaq idi.

Müsavat eks-başqanının 2003-cü il "xatirələrindən" doğan faktlar

Bu ərəfələrdə Müsavat partiyasının sabiq başqanı, 2003-cü ildə yaradılmış "Bizim Azərbaycan" seçki blokunun rəhbəri İsa Qəmbər həmin ilin 15-16 oktyabr hadisələri ilə bağlı müəyyən vacib məsələlərlə bağlı etiraflar edib. İ.Qəmbər etiraf edib ki, oktyabrın 16-na təyin edilmiş icazəsiz mitinqə qarşı "hakimiyyətin hərbi-texniki cəhətdən hazırlıqlı" olduğundan xəbərləri olub (?!-R.H.). Yəni İsa Qəmbər yaxşı bilirmiş ki, icazəsiz kütləvi aksiya keçirərsə, partiyanın balkonundan aşağıya toplaşmış gözləri qızmış cinayətkarlara armaturlar, dəyənəklər ötürərsə, qarşıdurma yaratmaq çağırışları edərsə, dövlət bu kimi qanunsuz əməllərin qarşısını alacaq. Bu kimi halı bilə-bilə, hadisələrin sonrakı gedişatını proqnoz etməyərək, İ.Qəmbər və radikal seçki blokunun digər təmsilçilərinin təşəbbüsü ilə "Azadlıq" meydanında icazəsiz aksiya keçirildi. Nəticədə, arzuolunmaz məsələlər baş verdi.

Onda belə bir sual yaranır - əgər sən bütün baş verəcəklərin nəticəsindən hali idinsə, ya da proqnoz etmək gücündəydinsə, niyə həmin hadisələrin qarşısını almaq yerinə, ölkədaxili vəziyyətin qızışdırılaraq çərçivədən çıxmasına çalışdın? Bu sualın cavabı çox asandır. Bu tapşırığı İ.Qəmbərə o zamankı Norveç səfiri Steynar Gill və daha bir neçə Qərb ağaları vermişdi. Təbii ki, İ.Qəmbər də yalnız öz mənfəətini güdən biri ağalarının əmrləri qarşısında müntəzir dayandı. Qan da töküldü, şəhərə də ciddi ziyan dəydi.15-16 oktyabr hadisələri Azərbaycanın siyası tarixində birmənalı qəbul edilmir. Çünki müxalifət həmin günü ictimaiyyətin demokratiya uğrunda mətn mübarizəsi, hakimiyyət isə radikalların vandalist hərəkətləri kimi qəbul edir. Həmin hadisələrin növbəti faktları üzə çıxdıqca, bir daha bəlli olur ki, bu cür fərdlərin hakimiyyətə gəlmək şansları yoxdur və bundan sonra da olmayacaq. Çünki bənzər ittihamlarla, mövcud və dəyişilməz "tərbiyələri" ilə onlardan bundan artığını gözləməyə də dəyməz.

Beləliklə, dağıdıcı müxalifət Azərbaycanda nəyi görmək istəmirsə, onu ifadə etməyə çalışır. Elə buna görə də hər şeyə qara yaxır, məkrli niyyətlərindən əl çəkmirlər. Azərbaycan xalqı isə dağıdıcı müxalifəti çoxdan arxivə atıb.

Düzgün siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi

Bəli, bu, reallıqdır. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən Azərbaycan bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Ölkə Prezidenti deyirdi: "Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq".

Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu. Prezident 2018-ci il aprelin 18-də andiçmə mərasimindəki nitqində islahatların yeni mərhələsinin anonsunu verdi: "Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq".

Fransız sosioloji tədqiqat şirkəti Azərbaycan respondentləri arasında sorğu keçirərkən, insanlara belə bir sual ünvanladı: Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son bir ildə apardığı islahatları necə qiymətləndirirsiniz? Sorğuda iştirak edən hər 100 nəfərdən 90,5-i sualı müsbət cavablandırıb. Bu qiymətləndirmə üçün yetərincə arqument var. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə iqtisadiyyat 3,2 dəfədən çox artıb, qeyri-neft sektorunun ixracında 4 dəfədən çox artım baş verib. Valyuta ehtiyatlarımız 24 dəfə artaraq 44 milyard dolları ötüb. Ölkəmizə 230 milyard dollardan çox sərmayə yatırılıb. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyə görə 35-ci yerə layiq görüb. Biz inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf göstəricisinə görə isə üçüncü yerə yüksəlmişik. Budur, xalqın seçdiyi Prezidentin uğurları, tarixi nailiyyətləri!!! Eyni zamanda, sənaye və aqrar sahə modernləşdirilir, şəhər və rayonlarda sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları yaradılır, ölkəmizə ən müasir texnologiyalar gətirilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması ilə Azərbaycan özünü dünyada tranzit ölkə kimi təsdiqlədi. Azərbaycanın inkişaf edən güclü dövlət olduğunu və 44 günlük hərbi əməliyyatlar nəticəsində regionda yeni reallıqlar yaratdı. Bir sözlə, Azərbaycan nəinki Avropada, bütün dünyada öz sözü olan ölkə kimi qəbul edilir. Bütün bunlar, sözün əsl mənasında, tarixi hadisələrdir. Həmin layihələr bundan sonra onilliklər ərzində Azərbaycana həm siyasi, həm də iqtisadi və maliyyə dividentləri gətirəcək. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.

Prezident İlham Əliyev Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin uzaq görən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 18 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Düzgün siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər