Siyasət

  • 2 153

Zəngilanın azad edilməsi - yeni perspektivlər - TƏHLİL

image

Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. Bu baxımdan, düz bir il bundan əvvəl Zəngilanın azad edilməsi və bununla bağlı 20 oktyabr tarixi də şanlı zəfər tariximizin silinməz salnamələrindəndir. Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə sözsüz ki, danılmazdır.Təbii ki, Zəngilanın timsalında işğal altında olan ərazilərimizin düşmən tapdağından, işaldan azad edilməsi ilk növbədə tarixi uğurumuzdur və tarixi əhəmiyyətlidir. Çünki, Zəngilanın 30 ilə yaxın müddətdə işğal altında olan əraziləri məhz bu gün, 20 oktyabr tarixində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qətiyyəti, uzaqgörənliyi, eləcə də Azərbaycan Ordusunun şücaəti, əzmi sayəsində, xalqımızın həmrəyliyi ilə düşmən tapdağından azad edildi və bu tarix heç zaman unudula bilməz. Eyni zamanda bu şanlı zəfər savaşında da şəhid olan həmvətənlərimizin xatirəsi xalqın qəlbində əbədi yaşayır, yaşayacaq və qazilərimizə hörmət, ehtiram, sayqı da sonsuzdur. Məhz bu baxımdan Zəngilanın işğaldan azad olunması tarixi hər zaman xatırlanacaq, təbii ki, hər il bu tarix ildönümü kimi qeyd olunacaq, ehtiramla yad ediləcək, qürur və fəxarət hissi ilə xatırlanacaq.Gələcək nəsillər üçün bu gün, digər zəfər tarixləri kimi vətənpərvərlik, cəsurluq, mərdlik nümunəsi tarixi olacaq. Bundan sonra illər ötsə də Azərbaycan xalqı bu şanlı zəfərlər barədə faktları, tarixi hadisələri nəsillərdən-nəsillərə ötürəcək, xatirəsini əbədiləşdirəcək. Heç şübhəsiz ki, bu tarix bir örnəyə çevriləcək. İşğal altında olan ərazilərimizin, eləcə də Zəngilan torpağının işğaldan azad edilməsində cəsurluq göstərən, döyüşən, əzm və iradə nümayiş etdirənlər hər bir Azərbaycan vətəndaşı, bu xalqın hər nümayəndəsi üçün bundan sonra nümunə sayılacaq və bu günün bir tarixi əhəmiyyəti də məhz bundan ibarətdir.Sözsüz ki, ərazilərimizin, eləcə də Zəngilan torpaqlarının işğaldan azad edilməsinin siyasi əhəmiyyəti də son dərəcə böyükdür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də, döyüşlərin 24-cü günü erməni işğalından azad edilib, hansıki, bu böyük uğur, ordumuzun düşmən tərəfindən, ermənilərin ordusundan dəfələrlə qüvvətli olduğunu təsdiqləyir.

Digər tərəfdən düşmənin ən qısa zamanda sıxışdırılaraq geri çəkilməyə məcbur edilməsi dırnaqarası, “yenilməz erməni ordusu” yalanlarının, mifinin darmadağın edilməsidir. Bu, illər boyu ermənilərin guya qüdrətli orduya malik olması barədə dünya ictimaiyyətini aldatmaq cəhdlərinin tamamilə puça dönməsi deməkdir ki, müasir texnologiyaların sayəsində bütün dünya bunu da müşahidə edə bilib. Artıq müşahidələrdən belə aydın idi ki, Azərbaycan qələbələrə doğru gedir və nəticə də bunu isbatladı. Bir sözlə, döyüşlərdə qələbələri ilə Azərbaycan öz üstünlüyü barədə bəyan edirdi.Bunu da nəzərə almaq lazımdır ki, düşmənin itgilərdən, eləcə də qorxudan başını itirərək digər ərazilərimizdə olduğu kimi, Zəngilan torpaqlarını da qoyub qaçması bir çox məqamlara aydınlıq gətirir. Azərbaycan əsgəri canını vətən yolunda, torpaqlarımız uğrunda qurban dediyi halda, döyüşlərdə canından keçsə də geri çəkilmədiyi halda, ermənilərin fərarilik etmələri, Zəngilanın timsalında döyüş zonalarını qoyub qaçmaları da təsdiq etdi ki, bu torpaqlar Azərbaycan torpaqlarıdır və ermənilərə heç aidiyyatı yoxdur. Çünki, torpaq uğrunda bu torpağın yalnız sahibləri belə vuruşa, mübarizə apara bilərlər və torpaqları qoyub qaçanlar ərazilərin sahibi ola bilməzlər. Bunu bütün dünya ictimaiyyəti də bir daha gördü və həqiqətlərin, reallıqların şahidi oldu. Şahidi oldu ki, həqiqətən də Zəngilanın timsalında, işğal altında olan torpaqların, ərazilərin sahibi azərbaycanlılardır, ermənilər deyil və məhz buna görə də Azərbaycan əsgəri canını fəda edərək döyüşlərdə iştirak edir, cəsurluq göstərir, bir qarış torpaqdan belə geri çəkilmir. Bu həm də ona işarədir ki, bundan sonra da Azərbaycan dövləti, Azərbaycan xalqı bir qarış torpağının belə əldən getməsinə izn verməyəcək və Azərbaycan öz torpaqlarını, ərazi bütövlüyünü qorumaq əzmindədir.Zəngilan ərazilərinin işğaldan azad edilməsinin iqtisadi baxımdan əhəmiyyətini isə sadalamaqla bitən deyil. Çünki, Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər əlbəttə ki, Zəngilan rayonunun şaxəli resurslara malik olması barədə ilkin təəssüratlar formalaşdırır. Rəsmi hesablamalara görə, işğaldan azad edilən iqtisadi rayonlarda, qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılar olmaqla, 155 müxtəlif növ mineral yataqlar mövcuddur.İki ölkə ilə qonşu dəhlizlərə malik olan Zəngilan rayonu xarici ticarət üçün unikal imkanlara sahibdir. Rayonun tranzit nöqteyi-nəzərdən xüsusi özəlliyi var ki, bu da ticarət münasibətlərinin daha da inkişafına töhfələr verə bilər. Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vecnəli” yatağı, ehtiyatları 6 milyon 618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6 milyon 24 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28 milyon 943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1 milyon 102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17 milyon 367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları da mövcuddur. Bir sözlə, Zəngilan zəngin ehtiyatlara malikdir və bu ərazilərin işğaldan azad edilməsi həmin ehtiyatların düşmən tərəfin istismarına son qoyulması, eləcə də həmin ehtiyatlarımızdan yararlanmağımız deməkdir ki, bunun da iqtisadiyyata müsbət təsiri gözləniləndir.Zəngilan rayonunun turizm potensialına malik olması bu rayonun coğrafi müxtəlifliyinin bariz nümunəsidir. Avropada misli-bərabəri olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar məhz bu zonada yerləşir. Yaşı 500-ə yaxın, uzunluğu 12 kilometrə çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır. Bəsitçay qoruğu 1974-cü ildə Bəsitçayın dərəsində, Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın qurbanına çüvrilib.Göründüyü kimi, Zəngilan rayonu mədən, tikinti sənayesi və turizm potensialı üçün əlverişli iqtisadi mühitə malikdir. Şübhəsiz ki, 30 ilə yaxın müddət ərzində istismar edilən təbii sərvətlər ölkəmizin resurslarına qarşı ermənilərin növbəti faşist siyasətinin nümunəsidir. Çünki, ermənilər həmin ərazilərimizdə bizə məxsus olan sərvətləri təkcə istismar etməyiblər, həm də bu əraziləri viran qoyublar.Heç şübhəsiz ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir edəcək. Daha doğrusu Zəngilanın işğaldan azad edilməsi bu ərazilərin resursları ilə ölkə iqtisadiyyatı daha da sürətləndiriləcək. Əvvəla, daxili tələbin qarşılanmasında Zəngilan rayon təbii sərvətləri əhəmiyyətli rol oynayacaq. Digər tərəfdən də son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda lider mövqelərdə təmsil olunur və bu baxımdan həmin sərvətlərin ixracı dövlət büdcəsi üçün böyük vəsaitlər deməkdir. Məsələn, qızıl ixracı həyata keçirən dövlət şirkətinin ixracı aylıq ortalama 10-18 milyon ABŞ dolları arasında dəyişir. Bu baxımdan, Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vecnəli” yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaq. Bunun da sözsüz ki, dövlətin iqtisadi inkişafına əhəmiyyətli dərəcədə müsbət təsiri gözləniləndir.Ümumiyyətlə, Zəngilanın iğaldan azad olunmasının əhəmiyyəti nə sadalamaqla bitən deyil, nə də danılan. İndi Zəngilanda da abadlıq-quruculuq işləri gedir və “Böyük Qayıdış” planları bu ərazilərimizdə də sürətlə reallaşır. Cənab Prezidentin apardığı uğurlu, məqsədyönlü, düşünülmüş və qətiyyətli siyasət sayəsində ölkəmizin nəinki ərazi bütövlüyü, suverenliyi təmin edilib, həmçinin inkişafa yeni pəncərələr açılıb. Məhz imkanlarını və ehtiyatlarını nəzərə alsaq, Zəngilanın işğaldan azad edilməsi ölkəmizin inkişafı üçün yeni perspektivlər vəd edir. Bu perspektivlər də öz növbəsində suverenliyimizin, müstəqilliyimizin, təhlükəsizliyimizin qorunmasını daha da gücləndirir, bunun üçün əsaslı zəmin yaradır.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər