Siyasət

  • 2 420

Ermənilərin Türküstan “politika”sı - TƏHLİL

image

İlk günlərini yaşadığımız yeni təqvim ilinin daha başlanğıcından qardaş Qazaxıstanda (şərti olaraq) “mavi qaz”la başlayan qanlı olaylar başladı. Qısa müddətdə qanlı toqquşmalara çevrilən bu olaylar zəminində “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”na (KTMT) üzv ölkələrin dövlət (hökumət) başçılarının onlayn toplantısından sonra, 70 erməni hərbçisinin də tərkibində olduğu KTMT “sülhməramlı qüvvələr”i Qazaxıstana daxil oldu. Olmaz olaydı. Niyə?

Qazaxıstanın özünün daxili imkanları, dövlətcanlı xalqının iradəsi imkan verirdi ki, olaylar dövlətçiliyə təhlükə ərz edəcək qədər inkişaf etməsin və qarşısı alınsın; Özəlliklə KTMT-nin indiki sədrinin Ermənistan olması və sözügedən onlayn toplantıya sədrliyi də başabəla (başıbəlalı) Baş nazir Paşinyanın aparması diqqətdən qaçmamalıdır. Ən azından ona görə ki, Ermənistan sözünün yanıbaşında sülh, sülhməramlı, müttəfiqlik kimi qavramlara yer yoxdur – bunu tarix dəfələrlə sübut edib; O necə sülhməramlı erməni qüvvələri ola bilər ki, işğalçılıq zehniyyət və təcrübəsi üzərində bərqarar olub? O necə asayiş təmin edəcək Ermənistan silahlı qüvvələri bölməsidir ki, daha ilyarım bundan öncə, Qazaxıstanın əbədi qardaşı tərəfindən haqlı olaraq başı əzilib. Və o necə inandırıcı ola bilər ki, Ermənistan boyundan hündür tullansın, məsləkinə, fəlsəfəsinə, tarixinə zidd olaraq nizam-intizamda, səliqə-səhmanda, dostluq və etibarda, təhlükə­sizlikdə, günahsız insanların qorunmasında... töhfəçi olsun? – O uğursuz dövlətdə sülh, etibar, dözümlülük, bigəyaşayış mədəniyyəti nə vaxt inkişaf etdi?!.

Ermənistanın (ermənilərin) keçmişsiz keçmişinə, gələcəksiz bugününə az-çox bələd olan istənilən adam onların səmimiliyinə, etibarına güvənə bilməz.

Gəlin Ermənistanın, ümumən ermənilərin Türküstan “poltika”sına bəzi adlar üzərindən bir göz atalım:

Levon Mirzoyan

(Լևոն Եսայիի Միրզոյան; 14.11.1897, Şuşa – 26.02.1939, Lefortovo, Moskva)

1933-cü ildə Qazaxstanın rəhbəri vəzifəsinə (o dövrdə KP-nin Qazaxıstan vilayəti 1-ci katibi, 1937-ci ildən Qazaxıstan KP MK-nin I katibi) təyinatı siyasi fəaliyyətində yeni mərhələ sayılan L.Mirzoyan bundan öncə Azərbaycan SSR KP I katibi (1926-1929) vəzifəsində yapacaqlarını yapmışdı zatən. Mirzoyan Azərbaycanda və Qazaxıstanda özünü, sözün əsl anlamında qaniçən cəllad kimi aparıb. İlhamını gizli milli mandat-missiyadan və Kremlə kök atmış Mikoyandan, bəlkə bir xeyli tayqulaq Andranikin “irs”indən alan Mirzoyan harda türkə düşmən kəsilmək imkanı olubsa, bacardığı pislikləri əsirgəməyib.

Haşiyə:

Anastas İvanoviç Mikoyan (Անաստաս Միկոյան;

25.11.1895, Sanahin, Borçalı – 21.10.1978, Moskva; 1923-cü ildən KP MK üzvü (1922-ci ildən namizəd), 1935-1966-cı illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü (1926-cı ildən namizəd; 1964-1965-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri; 1937-ci ildən deputat, 1955-1964-cü illərdə SSRİ Baş nazirinin 1-ci müavini; 1926-1955-ci illərdə (1949-1953-cü illər istisna olmaqla) ardıcıl olaraq bir sıra nazirlik (1946-cı ilə qədər Xalq Komissarlığı) vəzifələrində çalışıb;

Andranik Ozanyan (Անդրանիկ Թորոսի Օզանյան;

25.02.1865, Sivas, Osmanlı İmperiyası – 31.08.1927, Kaliforniya, ABŞ;

“Daşnaksutyun” yaranandan təşkilatın üzvü olub; Osmanlı ordusunda yetişsə də, türklərə xəyanətinə görə tezliklə imperiyadan qaçmaq məcburiyyətində qalıb; Türk ordusuna qarşı vuruşmaq imkanını I Dünya Müharibəsində də əldən verməyib, Rusiya ordusunda erməni hərbi dəstələri yaradıb və öldürdüyü türklərə görə çoxlu orden, medal alıb.

1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadığı kəndlərin dağıdılmasında, əhalisinin qırğınında onun başçılıq etdiyi dəstə böyük rol oynayıb.

Ermənistanın tayqulaq milli qəhrəmanı Andranik Ozanyanın quldurlarına ən böyük zərbəni 1918-ci ildə Zabux dərəsində Sultan Bəyin başçısılıq etdiyi dəstə vurub. – Onun ağıllı taktikası sayəsində Qaragöl ətrafında 600 erməni silahlı qulduru əsir alınıb; həmin əməliyyat zamanı xeyli kənd ermənilərdən təmizlənib və elə həmin döyüşlərin birində Sultan Bəyin əlinə keçən Andranikin qulağını kəsdiyi ehtimal olunur;

1919-cu ilin aprelində qruplaşmasından əsər-əlamət qalmayan Andranik öncə Fransaya, sonra ABŞ-a qaçıb, orada da cəhənnəmə vasil olub.

Əlbəttə, Mikoyan da, Mirzoyan da, irəlidə söhbətini edəcəyimiz Qdlyan və b. “yan”lar da rəsmi vəzifələr daşıyıb, onlara imperiyanın tapşırıqları verilib, lakin onlar illa da özfəaliyyətdən də qalmayıb, ən azı “+1” öz işlərini də görüb, gizli milli vəzifələrlə də yükümlü olublar... Cəmi bir neçə ad və olay üzərindən də aydın görünür ki, ermənilərin Orta Asiya “politika”ları ötəri olmayıb, məqsədli xaralter daşıyıb.

Yalan ustası erməni tarixçiləri Mirzoyanın Qazaxstana başçılıq etdiyi məşum dövrü tam tərsinə, müsbət göstəricilər dövrü kimi qələmə verməkçün dəridən-qabıqdan çıxıb, siyasi-ideoloji miflər yaratmağa cəhd göstərib. Hətta, bir neçə il öncəyədək qardaş ölkənin böyük şəhərləri Almatı və Astanada (indiki Nur-Sultan) Levon Mirzoyanın adını daşıyan prospektlər vardı. Mən Əməkdar jurnalist Azər Həsrətin bu mövzuda həyacanlı və tutarlı yazısını, qazax aydınlarına müraciətini xatırlayıram. Qardaş ölkəyə səfərlərimi, eləcə də, 2017-ci ilin dekabrında Dünya Gənc Türk Yazarlar Birliyinin xətti ilə respublikamıza dəvət etdiyimiz 20 qazax yeni nəsil yazarı ilə bu və bənzəri mövzularda apardığımız söhbətləri də yaxşı xatırlayıram. Xatırlayıram ki, bizim qardaş ölkədəki diasporumuz bu qaniçən cəlladın cinayətlərini əks etdirən arxiv materiallarını geniş surətdə faş edərək, adıyaman Mirzoyanın adının həmin prospektlərdən götürülməsinə nail oldu.

Bəli, faktdan başqa fakt yoxdu! – Mirzoyanın Qazaxstanda əldə etdiyi ən yüksək “müsbət göstərici” 1937-ci ildəki görünməmiş qanlı repressiya ilə bağlıdır. Əgər görkəmli dövlət xadimləri Dinmühəmməd Kunayevin və Nursultan Nazarbayevin uzun illər içində ustuf-ustuf Qazaxıstanda qazax xalqının sayını artırmaq siyasətləri olmasaydı, bəlkə də, qazaxlar hələ də öz doğma ölkələrində azlıqda qalardı. Niyə? – Çünki Mirzoyanlar, onun zehniyyətdə olanlar xalqın qəsdinə elə durmuş, elə qırğınlar, aclıqlar törətmiş, həyataı elə ağırlaşdırmışdılar, xalqın günahsız övladları aclıqdan, xəstəlikdən, ortamsızlıqdan ölmüş, yaxud başqa yerlərə köç etmişdilər. Qazaxıstan SSR keçmiş SSRİ respubliklaraı sırasında yerli xalqın öz ölkəsində azlıqda olduğu yeganə respublika idi...

Artıq “tamamilə məxfi” qrifti götürülmüş bir sıra arxiv sənədlərinə əsasən vurğulamaq olar ki, həmin dövrdə Mirzoyan birbaşa Stalinə (dəfələrlə!) yazılı müraciət edərək, “Repressiya planı”nın artırılmasını xahiş edib. Diqqət edin: xahiş və repressiya! Levonun bu xahişinin arxasında öz şəxsi, milli mənafeyi dururdu. (Əslində, bir milli mənafe belə ola bilərmi? – bu, artıq başqa söhbətin mövzusudur).

Qazaxstanda özünü yarımStalin kimi aparan Mirzoyan bu respublikada da Azərbaycanda olduğu kimi ən önəmli postlara öz adamlarını yerləşdirib. Yetərincə komfortlu yaşamı sevən görməmiş Levon, aclığın, yoxsulluğun hökm sürdüyü bir dövrdə öz harınlamış həyat tərzini nümayiş etdirməklə, qazaxlara (türklərə) mənəvi-psixoloji zərbə vurmaqdaydı.

Keçmiş SSRİ-nin ən yüksək – “Lenin” ordeni ilə təltif edilmiş Levon Mirzoyanın harınlığı, qudurmuşluğu, görmə­mişliyi o həddə çatıb ki, nəhayət, Stalin 1937-ci ildə mart plenumundakı çıxışında onu ciddi tənqid edərək, xəbərdarlıq edib: “Mirzoyan Bakıdan və Uraldan (o, Bakıdan sonra qısa bir müddət (1929-1933) Uralda Dairə Komitəsinin katibi, KP Ural Vilayət Komitəsinin 2-ci katibi olub – Ə.Q.) apardığı yaxın adamlarını başına yığıb, özü üçün ortam yaratmaqla məşğuldur. Mən, ümumiyyətlə, Mirzoyanın kadr siyasətini yarıtmaz hesab edirəm. Bu cür adamlar partiyanın qarşıya qoyduğu vəzifələri arxa plana çəkir, özünə sərfəli olan işləri həyata keçirir”... Diqqət edin: “yaxın adamlarını başına yığıb”, “özünə sərfəli olan işləri” deyilib. – Bir erməninin başına yığdıqlarının kimlər ola biləcəyi, eləcə də, özünə sərfəli işləri çox aydın məsələdir...

Nəhayət, Stalinin teleqramı ilə Moskvaya çağırılan Levon, mənzil başına çatmamış, elə yoldaykən, qatardan endirilib, haqq etdiyi yerə - Lefortovo həbsxanasına aparılıb. Az sonra o, burada (keçmiş) SSRİ Ali Məhkəməsinin çıxardığı hökmlə güllələnib. 41 yaşındaykən güllələnən Levon, o yaşadək türkə düşmənçilik baxımından nə edə bilərdisə, artıqlaması ilə yerinə yetirmişdi...

Telman Qdlyan (Telman Xorenoviç Qdlyan; Թելման Խորենի Գդլյան;

20.12.1940, Böyük Samsar, Axalkalaki, Gürcüstan; hazırda Rusiya vətəndaşıdır, 82 yaşındadır) – keçmiş SSRİ-nin və Rusiyanın ictimai xadimi sayılır, Rusiya Xalq Partiyasının (həmçinin “Qdlyan Partiyası” kimi tanınır; Народная Партия России, 1991) lideri. (RXP öncə radikal demokratik istiqamətli populist partiya olub, 1994-cü ildən sonra oriyentasiyasını mərkəzçiliyə dəyişdiyini elan edib).

Bəs Qdlyan nə etmişdi?

O, “Pambıq işi” (“Paxta ishi”; “Хлопковое дело”) və ya “Özbək işi” (“O'zbek ishi”, “Узбекское дело”) adlandırılan məşhur və bekara işin istintaqını aparan məşum istintaq qrupunun rəhbəri olub. Bu işin istintaqı Telman Qdlyana 1982-ci ildə verilib.

İş nəydi? – Bununla, ünlü partiya və dövlət xadimi, yazıçı, 1959-1983-cü illərdə Özbəkistan KP MK-nın I katibi olmuş Şərəf Rəşidovun (Sharof Rashidovich Rashidov; 06.11.1917, Cizak (Jizzakh) – 31.10.1983, Daşkənd) başçılıq etdiyi Özbəkistanda 70-ci illərin axırı – 80-ci illərdə araşdırılan korrupsiya və iqtisadi sui-istifadələrlə bağlı bir sıra cinayət işləri nəzərdə tutulurdu. O, Şərəf Rəşidov ki, bir çox yüksək orden, medal, fəxri adlarla yanaşı, (keçmiş SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən yüksək fəxri ad) “Sosialist Əməyi Qəhrəmanı” adına 2 dəfə, keçmiş SSRİ-nin ən yüksək mükafatı sayılan “Lenin ordeni”nə 10 dəfə layiq görülmüşdü (və bu ordeni ən çox alan 5 nəfərdən biri idi)!

İndi görün erməni Qdlyan hansı gizli milli mandat-missiya ilə orda olub və nə qanunsuzluqlar törədib ki, hətta keçmiş SSRİ Ali Məhkəməsinin Plenumu T.X.Qdlyanın başçılığı altında olan SSRİ Prokurorluğunun istintaqçı briqadasının yol verdiyi qanun pozuntuları haqqında qərar qəbul edib (aprel, 1989). Həmin ilin mayında isə SSRİ Prokurorluğu Telman Qdlyan (və Nikolay İvanova) qarşı “Özbəkistanda apardıqları istintaq zamanı qanun pozuntuları haqqında” cinayət işi açıb. 1990-cı ildə Qdlyan Prokurorluqdakı işindən və Sov.İKP-dən çıxarılıb.

1991-ci ilin dekabr ayında müstəqil Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov respublika ərazisində pambıq işinə görə tutulanların hamısı üçün Əfv Fərmanı verib. Bununla da, Qdlyanın (və İvanovun) timsalında aparılan istintaqla Özbəkistanın, özbək xalqının “oğru”, “təbii rüşvətxor” kimi tanıdılmasına son verilib. Özlərini “dünyanın ən qədim, ən mədəni xalqı” sayan ermənilərin tipik nümayəndəsi, özündən müştəbeh Telman Qdlyan özbək qardaşlarımızı “geridə qalmaqda” ittiham edən zehniyyətin önündə gələnlərdən biri olaraq, Əmir Teymur nəvələrinin milli kimliyinə mənfi, dağıdıcı təsir göstərməyə çalışıb. Yəqin Qdlyan da “erməniləri qıran vəhşi türklər” nağılları ilə böyümüş, mərət beşiyi başında türkə nifrət “layla”ları çalınmışdı...

Bu yerdə, bir çox səfərlərdə ermənilərin çoxsaylı xəyanətləri ilə üzləşən Əmir Teymurun səfərlərdən birində söylədiyi məşhur sözlər yada düşür: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq ya da lənət yağdıracaqlar”... Mən dünya cahangirinə qətiyyən lənət yağdırmayanlardanam, təbii; alqışlarım da erməni konteksindən daha yuxarı mövzular, başqa kateqoriyalarla bağlıdır. Ruhu şad olsun, haqq dünyasında olan bütün əcdadlarımız kimi, onun da nə günahı varsa, Tanrı özü bağışlasın!

Və bu yerdə yadıma düşən bir olayı da oxucularla bölüşmək istəyirəm.

Oğlu ABŞ-da yaşayan bir dost özbək ailəsi var, onların yanında ermənilərin vandallıqları haqqında danışdıqca, uhulət-suhulətlə “daha bu qədər də olmaz” kimi bir sərzəniş oxuyurdum üz-gözlərindən... Gün gəldi, özləri məni aradı: “Əkbər bəy, biz ermənilərin iç üzünü tanıdıq”! – Nəymiş, əfəndim? – Həmin o, ABŞ-da yaşayan tək oğulları elə bir erməni iqtisadi fitnəsinə, elə bir erməni oyununa düşüb ki, ailə məgər erməni mövzusunu yerli-yataqlı araşdırıb və nə mal olduqlarını yəqinləşdirib... “Keçmiş olsun!” dedim...

Bununla da bitmir, təəssüf...

Təəssüf ki, Daşkənddə, Özbəkistanın başqa şəhər və rayonlarında yaşayan müəyyən imkanlı, vəzifəli ermənilər özbək mediasında Azərbaycan həqiqətləri ilə bağlı bir işıqlı material tirajlanınca, həmən işə düşür, şivən qoparırdılar. Təsəvvür edin: özbək dostlar yayınlamaqçün məndən bir neçə yeni nəsil Azərbaycan şairinin şeirini istədi; mən də bilərəkdən, işğal altında olan torpaqlarımızda doğulmuş şair dostumun təqdimatı ilə başladım. Orada belə bir cümlə vardı: “Doğulduğu Kəlbəcər hazırda Ermənistanın işğalı altındadır”... baxdım ki, o cümləni çıxardıblar. Səbəbini soruşdum, bəlli oldu ki, buna bənzər mövzuda acı təcrübəyə malikdirlər və əlavə söz-söhbət istəmirlər.

Əlbəttə, bu olaylar artıq önəmli ölçüdə geridə qalıb. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan dostları Şöhrət Barlas, Xasiyyət Rüstəm kimi parlaq yaradıcılığa malik aydınların sayəsində önəmli məsafə qət edilib, önəmli kitablar gün üzü görüb; lakin ermənilər erməniliklərindən imtina edib də deyə bilmərik. Onların əllərinə düşən hər fürsətdə bir hoqqa çıxarmaq, öz gizli, məkrli planlarını işə salmaq kimi şakərləri vardır. 1989-cu ilin 1-5 iyun tarixlərindəki məşum Fərqanə olaylarının, müxtəlif vaxtlardakı özbək-qırğız (Oş) toqquşmalarının, tacik-qırğız qarşıdurmalarının, hələ bugünlərdə Qırğız Respublikasının ünlü musiqiçi Vikram Ruzaxunovun Qazaxıstanda təqibə, təzyiqə məruz qalmasının arxasından bir erməninin adı çıxsa heç təəccüblənmərəm. Çün, bunların çirkli özkeçmişinə bələdik. Bir dəfə deyil – təsadüf deyək, iki dəfə deyil – tendenisiya deyək, 3, 13, 33, 103... dəfədir ki, erməni barmağı, erməni hiyləsi, erməni oyunu və yalanlarını görürük, bilirik və nadürüstlüyü, məkri, necə deyərlər, “erməni qanunauyğunluğu” sayırıq. (Siz istərsiz “erməni xəstəliyi”nin əlamətləri deyin).

***

Yuxarıda da adını çəkdiyim dəyərli dost-qardaş Şöhrət Barlasın (Salamov) “Türküstan və Güney Qafqaz XIX-XX yüzillərdə” (Daşkənd, “Yangi asr avlodi” NPB, 2015) kitabına müraciət etmək istəyirəm. Kitab bir daha təsdiq edir ki, qardaş xalqlarımızın taleyi, bir də çox dramatik tarixi faktları bənzərlik təşkil edir. – Çar Rusiyasında və bundan artıq dərəcədə keçmiş SSRİ dövründə də...

Şöhrət bəy kimi aydınların sayəsində qardaş ölkədə, ümumən Türküstan ellərində əsl tarix gün üzünə çıxır, tirajlanır. Bəlli olur ki, “müttəfiq respublika” deyilən Ermənistan “beynəlmiləl”, “sosialist” libaslı qəvi düşmənmiş... Ş.Barlas təkzibedilməz faktlara sübut edir ki, Rusiya imperiyasının Türküstanı işğalı zamanı Fərqanə vadisində günahsız dinc əhalinin kütləvi surətdə qətl edilməsində (1918) can-fəşanlıq edən əsas rol ifaçıları daşnaklar (ermənilər) olub...

Türküstan deyərkən, Özbəkistan, Qırğız Respublikası, Türkmənistan, qismən Qazaxıstanın ərazisini əhatə edən, türklərin ata yurdu sayılan Mərkəzi Asiyanın geniş əraziləri nəzərdə tutulur. Hazırda qardaş Qazaxıstanın Türküstan adlanan (və Türk dünyasının ruhaniyyət mərkəzi sayılan) şəhər və vilayəti bu böyük coğrafiyanın yalnız bir parçasıdır.

Çar Rusiyasının Türküstana hərbi ekspedisiyalarından söz açan, bu adıyaman ekspedisiyaların başçısı olan soysuzların soyadlarını verən Şöhrət Barlas, o dövrün qəzet-jurnal qaynaqlarından sitatlar gətirir, çarizmin əsl planlarının, işğal siyasətinin gerçək məzmununu ortaya qoyur. Əlbəttə, yadellilərin bütün hərbi əməliyyatları yerli əhalinin şiddətli dirənişi ilə qarşılaşırdı. Qədim Kokand, Səmərqənd, Buxara ayağa qalxıb, müqavimət göstərirdi. Axaltəkə mahalındakı Göy Təpə qalası isə təpədən-dırnağadək silahlanmış yadelli orduya qarşı 6 ay dirənməyi bacarıb. Sonra qala qeyri-bərabər döyüşdə süqut edincə, yadellilər sağ qalanları işgəncələrlə öldürüb, bütün çevrəni viran qoyub. Görün vandallıq nə həddə olub ki, “qabaqcıl Rusiya aydınları, o cümlədən, böyük rus yazıçısı, “Hərb və sülh” romanının yazarı Lev Tolstoy general Skobelevin başçılığı ilə rus ordusunun Göy Təpə qalasının müdafiəçilərinə etdiyi vəhşilikdən nifrət və ikrah hissi ilə yazırdı” (Ş.Barlas)...

“Keçmiş insanlara yalan danışmır” (Z.Yaqub). – Ağsaçlı tarix öz yaddaşında saxladıqları ilə bugünümüzə ismarıclar verməkdədir. Türkmən qardaşlarımız hər ilin 12 yanvarında 1881-ci ilin o, məşum hadisələrini xatırlayır. 12 yanvarda rəsmi Milli Yaddaş Gününü qeyd edən qardaşlarımız, şəhidləri ehtiramla anır. Torpaqlarında bir vaxtlar Göy Təpə qalası yüksələn türkmən qardaşlarımız qala şəhidlərinin xatirəsinə abidə qoyub, möhtəşəm məscid tikib. Nə təvafüqdür ki, mən də bu sətirləri o hadisələrin 141-ci ildönümü günlərində yazıram...

Türk dünyasının bütün dövrlərdəki şəhidlərinin ruhu şad olsun!

Yaddaşımız korşalmasın!

***

Şöhrət Barlas sözügedən əsərində daşnakların Türküstanda qanlı izlərinə xüsusi yer ayırıb. Bəli, daşnaklar (ermənilər) yalnız Bakıda, Qubada, Lənkəranda, Göyçayda, Qarabağda, Zəngəzurda... deyil, əlləri çatan hər yerdə türklərə, müsəlmanlara qarşı qətliamlar törədib.

Daşnaklar 1918-ci ildə Bakıda soyqırım aktından bir ay öncə, bir elə soyqırım aktı da Kokandda, Kokandətrafı kəndlərdə, Fərqanə vadisinin bir çox yaşayış məntəqəsində həyata keçirib. Həmin qanlı olayların tanıqlarından Turar Rıskulovun ermənilərin Türküstanda törətdiyi vandallıqlar haqqında ətraflı hesabatı Şöhrət Barlas kimi yeni nəsil tarixçiləri üçün qiymətli qaynaqdır.

Bəli, bolşeviklər Türküstan muxtariyyatı hökumətindən silahı yerə qoymağı, yetkilərindən əl çəkərək sovet hakimiyyətini tanımağı tələb edib; hökumət bu qanunsuz tələbləri cavabsız qoyunca yaxud qəbul etməyincə, bolşeviklər haqsız və qanlı cəza metodlarına keçib: özü də, əsasən dinc əhalini qırmaqla kütləvi qorxu, böyük xof yaratmağı məqsədəuyğun sayıblar. Və burada əsas cəza funksiyalarını, “Daşnaksutyun”un silahlı dəstələri, daha geniş anlamda ermənilər üstənib. Daşnaklar (ermənilər) qədim Kokand şəhərini başdan-ayağa yaxıb-yandıraraq, “ölülər şəhəri”nə çevirib!.. Cinsinə, yaşına baxmadan, hamını öldürüblər... Öldürülən günahsız yerli əhalinin bütün qiymətli əşyaları isə alçaqcasına “hərbi qənimət” adı ilə dəmir yolu vağzalına daşınıb, oradan da Qafqaza, daşnakların əsas yuvalandığı ünvana sövq edilib... Sövq edilib ki, daşnaklar özbəklərin Qafqazdakı qardaşlarını da qanına qəltan etməkçün həvəslənsin...

Qardaş ölkə tarixçilərinin özləri etiraf edir ki, bu məşum mövzuda hələ bütün arxivlər tədqiqata cəlb olunmayıb – daşnakların əliylə həlak olanların dəqiq sayı bugün əldə olan rəqəmlərdən qat-qat çoxdur. Qardaş ölkənin rəsmi qaynaqlarında Fərqanə vadisində dinc əhali qurbanlarının sayı 35 min göstərilir. Ş.Barlasın kitabı ilə elmi-ictimai fikir dövriyyəsinə çıxarılan faktlardan da göründüyü kimi, Türküstanın bolşeviklər tərəfindən işğalı ümumən 2 milyon (!) günahsız insanın öldürülməsi, abidələrin, ev-eşiklərin viran edilməsi ilə sonuclanıb.

Görünməmiş bolşevik-daşnak terroruna qarşı dirəniş göstərən Orta Asiyalı qardaşlarımız milli azadlıq mübarizəsi ruhundan əl çəkməyib, üsyanlar törədib. Sovet tarixində bu, 1918-dən 1935-ci ilədək davam edən “Basmaçı Hərəkatı” kimi keçir.

Doğrudur, özbək (ümumən Türküstanlı) qardaşlarımız əllərindən, tarixi yaddaşlarından gəldiyincə dirəniş göstərib, onların dirənişi daha illərlə davam edib, lakin bu, Türküstan muxtariyyatının ləğvinin qarşısını ala bilməyib.

Və antitürk zehniyyəti 1918-ci ildə Fərqanədə törətdikləri qanlı olaylardan təqribən 71 il keçdikdən sonra, bu dəfə “Pambıq işi” ilə, eləcə də, “Fərqanə olayları” ilə (orada məskunlaşdırılmış axıskalılarla özbəkləri toqquşdurmaqla) Fərqanəyə zülm etdi, türk qanı axıdıldı...

Bəs bu gün?

KTMT-nin 2022-ci il yanvarın 6-da onlayn toplantıda qəbul etdiyi qərara uyğun olaraq, bu qurumun üzvü olan Qazaxıstanda durumu sabitləşdirmək, normallaşdırmaq üçün KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri Qazaxıstana göndərildi. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğız Respublikasının silahlı qüvvələrinin bölmələri daxil oldu.

Doğrudur, KTMT qüvvələrinin mərhələli şəkildə qardaş ölkəni artıq tərk etdiyinə dair xəbərlər yayılıb – olsun; lakin sabah-birisigün oradakı o, 70 erməni hərbçisinin hansısa anti-sülh, anti-insan, anti-hüquq olayında iştirakı etiraf olunsa, bu yazını bir də oxumanızı rica edirəm...

Ermənilər KTMT xətti ilə Qazaxıstana ən ilk gedənlərdən olmşdu – görünür Orta Asiyada təqribən 100-103 il, habelə 32 il öncələrdə törətdikləri vandallıqlar, oynadıqları qanlı rollar yadlarına düşüb, iştahları açılıb... Ermənistanın 44 günlük müharibə vaxtı müdafiə naziri olmuş məğlub generalı David Tonoyan (David Edqari Tonoyan; Դավիթ Էդգարի Տոնոյան; 27.12.1967, Öskemen) Qazaxıstanda doğulmuşdu. Görəsən, erməni əsgərlərdən keçmiş Qazaxıstanlı erməni generalı soruşan olubmu?.. Yaxud keçmiş SSRİ silahlı qüvvələri sıralarında Qarabağda vaxtı ilə qulluq etmiş və qazax (türk) olduğu üçün ermənilərin zülmünə uğramış, sağlamlığı əlindən alınmış (1991) qazax əsgəri Baurıjan Doskalievin indiki ahıl həyatı iləmi maraqlanıb “sülhməramlı erməni”lər? Yoxsa, erməni “sülhməramlıları”, vaxtilə tərkibində xüsusi təyinatlı ermənilərin də olduğu (yenə) keçmiş SSRİ silahlı qüvvələrinin 20 yanvar 1990-cı ildə Bakıda qırğın törədərkən (yenə) azərbaycanlılara güllə atmayan, buna görə təzyiqlərə məruz qalan qazax bavurumuz (ötən il vəfat edən) Qəni İsxakovun doğmalarından (32 il sonra) heyf çıxmaq imkanınımı düşünüblər? Bəlkə Paşinyan, onun ağaları, yarımağaları Qazaxıstanın Türk Dövlətləri Təşkilatlının (TDT), digər ortaq türk qurumlarının qurucu üzvü olmasını əfv edə bilmirlər? Paşinyan, onun ağaları, yarımağaları TDT üzv ölkə rəhbərlərinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Təşkilatın Yüksək Ordenini verərək, 44 günlük müharibədəki Zəfərə görə təbriklərini sinirə bilmirlər, yoxsa?

Uzun sözün qısası, Ermənistan belə sülh yaradansa, nə əcəb, o sülhü ilk növbədə öz evində, öz bölgəsində yaratmır? Qazaxıstana hərbi bölmə göndərməmişdən az öncə və sonra Kəlbəcər istiqamətində atəşkəsi pozan Ermənistan deyilmi? Hər dəfə artıqlaması ilə cavabını alsa da, hələ də sülhə gəlməyən, qol qoyduğu sənədləri də pozan Ermənistan deyil də, bəs hansı ölkədir? Bəlkə, bu uğursuz dövlətin hansısa rəhbəri “Xocalı Soyqırımı”na görə üzr istəyib?

Bu, ermənidir, qardaşım: ideoloji libası dəyişər, şəxsiyyətsizliyi, xaraktersizliyi, etibarsızlığı dəyişməz: demokratı, liberalı, sosialisti, dindarı, ateisti – hamısı bir xəmirdən yoğrulub. O xəmirin balatısı isə (necəki südlərinin çalasısı) çoxdan qıjqırıb...

DÖVLƏTİMİZ VƏ QARDAŞLARIMIZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Digər xəbərlər