“Azərbaycan hüquqi dövlətdir və onun əsas qanununda insan hüquq və azadlıqları ilə bağlı xüsusi fəsil var. Bu sahədə mövcud problemlər qanunvericilik çərçivəsində tənzimlənir, hüquqi dövlət quruculuğu istiqamətində müstəqilliyimizin ilk illərindən başlayaraq həyata keçirilən islahatlar bir qayda olaraq dövlət hakimiyyəti uçun prioritet əhəmiyyət kəsb edib”. Bunu “Səs” qəzetinə açıqlamasında MDHP sədr müavini, politoloq Elşən Manafov deyib.Onun sözlərinə görə, strateji konteksdə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Onun siyasi varisi Prezident İlham Əliyevin iqtidarı dövründə inkişaf etdirilmiş hüquqi, siyasi islahatlar nəticəsində ölkədə çoxpartiyalı sistem formalaşmış, azad mətbuat və KİV-ləri meydana gəlmişdir: “Müstəqil məhkəmə hakimiyyətinin qurulması istiqamətində ardıcıl islahatlar keçirilmiş, vətəndaşların iqtisadi fəaliyyəti azadlığına və azad sahibkarlığa ciddi əngəl olan korrupsiya və kölgə iqtisadiyyatına qarşı mübarizə təşkil olunmuşdur. Bundan əlavə Azərbaycan multikultural ənənələri olan dövlət kimi də tanınmış, ölkədə vətəndaşların dini etiqad azadlığı daim gözlənilmiş və etnik, dini zəmində ayrı seçkilik siyasətinə heç bir zaman yol verilməmişdir. Bununla belə iqtidarın etimad etdiyi ayrı-ayrı yüksək ranqlı dövlət məmurları tərəfindən vətəndaşlara və dövlətə aid olan əmlak və vəsaitlərin qeyri qanuni şəkildə mənimsənilməsi, hətta talan edilməsi faktları da mövcud olmuş və bu da haqlı olaraq vətəndaşlarda narazılıq doğurmuşdur. Lakin iqtidar bu hallara qarşı da dözülməz olmuş, bu kimi vətəndaşlar həm kadr siyasəti, həm də qanunvericiliyin nəzərdə tutduğu digər şəkillərdə tutduqları vəzifələrdən uzaqlaşdırılmış, cəzalandırılmışlar. Mətbuat və KİV-lərdə dövlətin bu sahədə olan siyasəti bir qayda olaraq geniş işıqlandırılmış, mövcud vəziyyət və onu doğuran hallar ictimaiyyətin nəzərinə çatdırılmış, müzakirə obyekti olmuşdur. Ölkədə bəzi QHT-lərin mövcud problemləri tamamilə fərli rakurs və konteksdə vermələrinə gəlincə bu bir qayda olaraq onları maliyyələşdirən Qərbdəki bəlli dairələrin sifariş və maraqları ilə əlaqədardır. Bu QHT-lərin bir qismi müxalifətin məlum kəsiyi ilə bağlı olduqlarından onların isə fəaliyyətində siyasi konyunktura olmamış deyil, hadisələrin işıqlandırılmasında subyektivizmə və ifrata varırlar. Cəmiyyətdə xüsusilə məmur özbaşınalığı hallarından narazı olan vətəndaşlarda hakimiyyətə qarşı qıcıq yaratmaq, ölkədə sosial, dini, etnik zəmində qarşıdurma yaratmaq üçün “5-ci kolon” sayıla biləcək bu elementlər vətən müharibəsində əldə olunmuş qələbədən sonra konsolidasiya olunmuş cəmiyyəti parçalamaq vəzifəsini həyata keçirməyə çalışırlar”.E.Manafov onu da bildirdi ki, Qərbin Azərbaycana münasibətdə mövqeyindəki ikili standartlar “5-ci kolon”da yer almış məkrli qüvvələrin maraqlarına cavab verir: “Qərb bir tərəfdən Azərbaycanın onun enerji təhlükəsizliyində oynadığı rola böyük önəm və dəyər verir, bu və digər sahələrdə onunla əməkdaşlığın zəruriliyinin mahiyyətinə varır, digər tərəfdən ölkə iqtidar Qərbin təzyiq və tələblərinə baxmayaraq Rusiyaya qarşı iqtisadi sanksiyalara qatılmaması ilə bu cür davranışları həzm edə bilməyən bəlli maliyyə mərkəzlərinin narazılığına səbəb olur. Bu sahədə problemlər əvvəllər də olmuşdur və bunlara yol verməmək uçun ölkə qanunvericiliyinə QHT-lərin bəlli mərkəzlər tərəfindən maliyyələşməsini yasaq edən əlavə və dəyişikliklər edilmişdir. Fəaliyyətlərində qanunvericiliyin nəzərdə tutduğu müstəvidən kənara çıxanlarla isə qanunların sərt dili danışmaq lazımdır”.
Müəllif: Gülyana