Siyasət

  • 951

Çoxvektorlu praqmatik siyasət, təhlükəsizliyimizin və inkişafımızın guşə daşıdır

image

Azərbaycan, təməli hələ 90-cı illərin əvvəllərində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilən çoxvektorlu müstəqil xarici siyasətini uğurla həyata keçirir. Bu siyasəti şərtləndirən əsas amillər, regionumuzun geosiyasi maraqların kəsişdiyi son dərəcə mürəkkəb və strateji coğrafiyada, regional güclər və fərqli mental dəyərlərə malik mədəniyyətlərin qovşağında yerləşməsi, postsovet respublikası olmağın reallıqları və çətinlikləri, habelə, artıq həm Cənubi Qafqaz, həm də bütövlükdə postsovet məkanı üçün beynəlxalq səviyyədə tanınmış ərazilərin işğalı ilə müşaiyət edilən lokal və qlobal konfliktlər, yaranmış yeni reallıqlar, antaqonizm və kataklizmlər fonunda iqtisadi və siyasi münasibətlərin vektorlarının genişlənməsi və balanslaşdırılması zərurətidir.

Problemlərin, bütün mənfi nəticələrlə yanaşı, həm də yeni perspektivlər, yeni imkanlar yaratdığı gerçəyi nəzərə alınarsa, regional və xarici oyunçuların rəqabət edən maraqları arasında tarazlığı təmin edən praqmatik xarici siyasət yürütməklə fenomenal nəticələrə nail olmaq məharəti, artıq dövlətimizin markasına çevrilib və Azərbaycanın balanslı və çoxvektorlu xarici siyasət yürütməklə bağlı seçiminin müstəqil dövlət quruculuğu prosesinin uğurlarından biri olduğu, həm dost, həm də düşmən tərəfindən etiraf edilir. Azərbaycanın bir tərəfdən Türkiyə və Pakistan, digər tərəfdən bu iki ölkə ilə kifayət qədər gərgin münasibətlərə malik olan, diametral əks qütbdə yer alan İsraillə qurduğu münasibətlər və balanslaşmış siyasətin 44 günlük Vətən Savaşında bizə verdiyi üstünlüklər dediklərimizin ən bariz nümunəsidir.
Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın 18-də ölkəmizə rəsmi səfəri, bu səfər çərçivəsində Azərbaycan-Litva Biznes Forumunun keçirilməsi, ölkə başçılarımızın bu forumda iştirakı, ölkələrimiz arasındakı mövcud olan strateji tərəfdaşlarıq və fəal siyasi dialoqu yeni bir müstəvidə daha da gücləndirmək üçün zəmin formalaşdırdı.
Ərazi və əhali sayına görə Litva kiçik dövlət sayılsa da, həm Avropa məkanında, həm də dünya siyasətində son dərəcə fəal rol oynayan, zəngin tarixi keçmişə malik olan dövlətdir. Böyük Litva Knyazlığı XIII əsrin ortalarından XVIII əsrin sonunadək beş əsr ərzində bu günkü Belorusun ərazisini (tam şəkildə), Ukraynanın əksər hissəsini, Rusiyanın cənub-qərb ərazilərini, Polşa, Latviya, Estoniya və Moldova dövlətlərinin ərazilərini özündə ehtiva edən nəhəng bir dövlət olub.
Azərbaycanda investorlar üçün əlverişli biznes mühiti formalaşdırılıb və ölkə Rəhbərimizin də qeyd etdiyi kimi, “iqtisadiyyatımıza 10 milyardlarla birbaşa xarici investisiya qoyulub”. Bununla belə, xarici şirkətlərin sərmayə portfilinin ilkin vaxtlarında olduğu kimi - neft-qaz sektorundan, iqtisadiyyatın başqa sahələrinə - qeyri-neft sektoruna yönəldilməsi, şaxələndirilməsi prioritetlərdən biridir.
Dünya Bankının hesabatına görə Litva biznesin asanlığı indeksinə görə dünyada 14-cü yerdədir və Litvaya qoyulmuş investisiya sərmayəsinin 95%-i Avropa İttifaqının payına düşür. Litvanın ənənəvi olaraq əsas ticarət və investisiya tərəfdaşları Skandinaviya ölkələridir və Azərbaycanın Litva ilə əlaqələrinin inkişafı, eyni zamanda bu ölkələrlə də iqtisadi və mədəni-siyasi əlaqələrin inkişafında model ola bilər.
“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı”nın məlumatına görə, Litva bu təşkilatda orta (ali) təhsildən sonrakı təhsil səviyyəsinə görə ilk beşliyə düşən ölkələrdəndir və son illərdə ixtisaslı əmək qüvvəsi hesabına, xüsusilə İT sahəsinə, çoxlu investisiya cəlb edə bilib. Prezident Nausedanın da verdiyi məlumata görə, gənclərin 56 %-i ali təhsilə malikdir və bu göstəriciyə görə Litva Avropa İttifaqında lider mövqeyindədir. Bu ölkə, ərzaq və kənd təsərrüfatı sahəsində də önəmli inkişaf yolu keçmişdir və 150-dən artıq ölkəyə ərzaq məhsulları ixrac edir. Litva prezidentinin ölkəmizin işgüzar dairələrini Litvanın ekosistemindən Avropa İttifaqı bazarına giriş nöqtə kimi istifadə etməyə çağırması hər iki ölkə üçün biznes əməkdaşlığı sahəsində yeni dönüş nöqtəsi ola bilər.
Ölkələrimiz və müvafiq hökumət strukturları arasında imzalanmış Birgə Bəyannamədə və sazişlərdə ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyinin xüsusi vurğulanması, iqtisadi əməkdaşlığın ölkələrimizin potensialına uyğun inkişaf etdirilməsininin vacibliyinin qeyd edilməsi, iki ölkə arasında ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun həcminin artırılmasının qərara alınması da bu sahələrdə qarşılıqlı əməkdaşlığın və faydalı mübadilənin təməlini təşkil edir.
Litva 1990-cı ildə Sovet İttifaqından ayrılan ilk dövlət kimi mərkəzləşmiş planlı iqtisadiyyatdan sürətlə bazar iqtisadiyyatına keçid edən və çoxsaylı islahatlar aparmış, 2004-cü ildə Avropa İttifaqına daxil olduqdan sonra yüksək iqtisadi inkişaf tempinə görə digər Baltik ölkələri ilə birlikdə “Baltik pələngləri” adlanan dövlətlərdəndir.
Öz növbəsində Azərbaycan da Cənubi Qafqazın həm iqtisadi, həm hərbi potensialına, ərazi və əhali sayına görə ən böyük və yüksək iqtisadi inkişaf tempinə malik dövlətidir. Ona görə bu gün Litva həm postsovet ölkəsi olaraq Avroatlantik məkana inteqrasiya, həm də bir ictimai-siyasi formasiyadan digərinə keçid prosesindəki təcrübəsinə, bu təcrübədən əldə etdiyi dərslər və uğurlarına, eləcə də Baltik respublikaları arasında ən güclü iqtisadiyyata malik dövlət olması kontekstində bizim üçün maraq kəsb etdiyi kimi, Azərbaycan da eyni səbəblərdən Litva üçün önəmlidir.
Bu ölkədə adambaşına ÜDM həcmi 42.09 ABŞ dolları təşkil edir ki, bu da üç Baltik dövləti arasında ən yüksək göstəricidir. Litva Avropa İttifaqının, Dünya Ticarət Təşkilatının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvüdür. İnsan potensialı çox böyük olan, yüksək gəlirli ölkələr qrupuna daxildir və Litva iqtisadiyyatı Avropa İttifaqının ən sürətlə inkişaf edən iqtisadiyyatlarındandır. Bununla belə, Litvanın xarici borcu ümum daxili məhsulun 45 % - ni təşkil etdiyi halda, Azərbaycan daha yaxşı durumdadır və xarici borcumuz ümum daxili məhsulun 12,5 %-i həcmindədir. İxrac məhsullarında 85 %, qeyri-neft məhsulları ixracında isə 40 %-ə yaxın artımın müşahidə edilməsi, ölkəmizin dayanıqlı inkişafını göstəricisidir. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımız olduğu və Avropa İttifaqının üzvləri ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb etdiyi üçün, Litva prezidentinin səfəri də təkcə ikitərəfli əlaqələrin deyil, çoxtərəfli əlaqələrin də inkişafına stimul verən hadisədir.
Ona görə də Prezidentimizin də vurğuladığı kimi, “ölkələrimizin nümayəndə heyətlərinin müzakirə edəcəyi məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji, təhsil ilə bağlı kifayət qədər geniş məsələlər vardır”. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir və ölkəmizin nəqliyyat və kommunikasiya xabına çevrilməsi də ölkələrimiz arasında əməkdaşlıq üçün yeni üfüqlər və perspektivlər yaradır.
Litvanın əsas enerji sektorunun günəş və külək enerji parklarından ibarət olması və bu ölkənin Baltik dənizində ilk dəfə olaraq külək enerji parkı yaratmaq niyyəti də, bəpa edilən və yaşıl enerji sahəsində hədəfləri olan ölkəmiz üçün əməkdaşlıq perspektivləri yaradır.
Litva prezidentinin Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycanın qlobal ticarətdə ən mühüm rollardan birini oynayan və oynayacaq dövlət olduğunu xatırlatması, Azərbaycanın qlobal iqtisadiyyatda artan rolunu, ölkəmizin çoxsaylı nailiyyətlərə imza atmasını xüsusi qeyd etməsi, iki ölkə arasındakı əlaqələrin gələcəyinə hədəflənən pozitiv mesajlar olmaqla, eyni zamanda da ölkəmizə olan marağın və rəğbətin təcəllisidir desəm, zənnimcə yanılmaram.
Litva Respublikası Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləməklə, Avropa İttifaqı ölkələri arasında ölkəmizin ən mühüm tərəfdaşlarından olduğunu sübut edib ki, səfər zamanı bu dost ölkənin ədalətli mövqeyi və xeyirxah münasibəti bir daha qabarıq şəkildə təzahür etdi.
Litva həmçinin Şimali Atlantika (NATO) hərbi blokunun üzvü olan dövlətdir. Azərbaycan “Qoşulmama Hərəkatı”nın üzvü olsa da, xarici siyasətini bütün siyasi və hərbi bloklardan və inteqrasiya təşəbbüslərindən məsafəli, balanslı yürütməyi hədəf alsa da, regional dövlətlərlə mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyi və tərəfdaşları ilə qarşılıqlı münasibətlərdə tarazlığı təmin etməyi prioritet siyasət xəttinə çevirsə də, regionda və dünyada təhlükəsizliyin təminatı naminə, həm Avropa İttifaqı, həm də NATO ilə faydalı əməkdaşlıq və praqmatik tərəfdaşlığı davam etdirir ki, bu prizmadan da Litva bizim üçün əhəmiyyət kəsb edir.
Litva prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə, hər iki ölkənin iqtisadi inkişafının, rifahının və təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş addımdır və keçirilən görüşlər, aparılan müzakirələr ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmlənməsinə, genişlənməsinə zəmin yaradacaq.

Mirsüleyman Mirxaslı
YAP Cəlilabad Rayon Təşkilatının sədri

Digər xəbərlər