Siyasət

  • 4 985

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin imkanlarını genişləndirir ŞƏRH

image

Bildiyimiz kimi, bu günlərdə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu konfransda iştirakı Azərbaycanın bütövlükdə Avropa və Asiya arasında əsas tranzit “hub”I kimi geniş potensialından xəbər verirdi. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə əhəmiyyətli töhfələr verib. Azərbaycanın strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi əsrlərboyu Azərbaycana xüsusi imkanlar tanımışdır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər əhəmiyyətli dərəcədə yeni devidenlər imkanı tanımışdır. Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud geosiyasi və iqtisadi reallıqları vaxtında və xüsusi dəqiqliklə dəyərləndirərək, ötən 29 ildə bundan həm yeni neft strategiyasının, həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 19 ildə neftdən gələn gəlirlərin də bir qismini cəlb etməklə, ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar, rabitə-informasiya texnologiyaları modernləşdirilmiş, yenidən qurulmuş, yaxud hazırda qurulur. Azərbaycanın regional və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizi qısa müddətdə Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevirmişdir. XX əsrin son onilliyində Avropa İttifaqının maliyyə yardımı, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi səyi ilə reallaşdırılan “İpək Yolu” (TRASEKA) layihəsinə əlavə dəstək olaraq, Azərbaycanın təşəbbüsü-liderliyi ilə inşa olunan və 2017-ci il oktyabrın 30-da istismara buraxılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirmiş, bununla da qədim İpək Yolunun polad magistrallar üzərində bərpası işi başa çatdırılmışdır. Məlumdur ki, TRASEKA layihəsinin də əsas təşəbbüskarlarından biri ümummilli lider Heydər Əliyev olmuşdur. Məhz onun təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş və yekunda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Bakı Bəyannaməsi və Çoxtərəfli Saziş” imzalanmış, TRASEKA-nın Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınmışdır.TRASEKA layihəsi işə düşəndən, xüsusən BTQ istifadəyə veriləndən sonra Çindən başlayaraq Orta Asiyaya, Cənubi Qafqaza, sonra da Türkiyə vasitəsilə Avropaya, o cümlədən geriyə daşınan yüklərin çatdırılması müddəti dəniz daşımalarına nisbətən iki dəfədən çox qısalmışdır. BTQ layihəsinin ölkəmiz üçün digər geosiyasi üstünlüklərindən biri də ondan ibarətdir ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu da müvafiq surətdə qardaş dövlətlər arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Digər məsələ bu layihənin yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikasına qədər uzadılmasıdır. Bu gün Zəngəzur dəhlizinin açılması Türk dünyasını birbaşa bağlamaq imkanı yaradacaq ki, bu da BTQ layihəsinin iki qat üstünlük tanımış olacaq.Azərbaycan Respublikası öz öhdəsinə düşən bütün infrastruktur layihələrini uğurla həyata keçirmiş və istismara qəbul etmişdir.

Mehman Musayev
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı,
AAYDA Magistral Yolların İstismarı və Təmiri Şöbəsinin rəisi

Digər xəbərlər