Bu gün xalqımızın ən qürurlu, ən möhtəşəm tarixini – 8 Noyabr Zəfər Gününü böyük fəxr və sevinc hissi ilə qeyd edirik. Bu gün xalqımızın qəhrəmanlıq ruhunun, milli birliyinin və yenilməz iradəsinin təntənəsidir.
XIX əsrin əvvəllərində çar Rusiyası Araz çayından şimalda yerləşən Azərbaycan xanlıqlarını işğal etdikdən sonra bölgənin etnik mənzərəsini dəyişdirib öz dayaqlarını möhkəmləndirmək üçün İrandan və Türkiyədən 1 milyondan çox ermənini Cənubi Qafqaza köçürmüşdür. XIX əsrin sonlarına yaxın erməni şovinistləri dənizdən-dənizə “Böyük Ermənistan” mifi ilə bağlı ideyanın həyata keçirilməsinə silahlı mübarizə və terror yolu ilə zəmin hazırlamağa başlamışlar. 1905–1907-ci illərdə, habelə 1918-ci ildə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Göyçədə və digər yerlərdə azərbaycanlılara kütləvi şəkildə divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıqla öldürmüşlər.
Azərbaycanlılara qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdir.
Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı öz doğma yurd yuvalarından didərgin salınmışdır.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
2020-ci il noyabr ayının 8-də 28 illik həsrətdən sonra xalqımız üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatdır. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Ermənistan 2020-ci il noyabr ayının 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi. İmzalanmış müqaviləyə əsasən Ermənistan müəyyən edilmiş təqvim əsasında işğal altında olan digər torpaqlarımızdan çıxmağı öz öhdəsinə götürmüş oldu. Məhz 10 noyabr Bəyanatına əsasən işğal altında olan Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmağa məcbur edildi. Tariximizə Zəfər Günü kimi daxil olmuş bu əlamətdar hadisədən sonra işğal altındakı torpaqlarımız işğaldan azad edilməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən ordumuz sentyabr ayının 19-da başlanan və cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatı zamanı növbəti dəfə gücümüzü bütün dünyaya nümayiş etdirdi.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərə separatçılardan təmizləndi. İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması isə dövlətimizin qüdrətini və şəhidlərimizin qanının yerdə qalmadığını bir daha nümayiş etdirdi. Beləliklə, tarixi ədalət Azərbaycanın gücü və dəmir iradəsi ilə tam bərqərar olundu.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın milli qürurunun təntənəsinə çevrilən, gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabr ayın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilir. Həmçinin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradıldı.
Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini məlumatlandırırdı. Belə ki, Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur, Beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Müsahibələr ardıcıl şəkildə dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibə dövründə də dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Nəticə etibarı ilə müharibənin gedişində müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali Baş Komandan İlham Əliyev beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. “Zəfər Günü” Azərbaycan xalqı üçün yeni bir dövrün başlanğıcı oldu. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası və inkişafı üçün genişmiqyaslı işlər görülür. Eyni zamanda, ölkəmizin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan Ordusu təkcə düşməni məğlub etmədi, həm də milli iradənin, birliyin və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli siyasəti, strateji planlaması və şəxsi nümunəsi xalqımız üçün ilham mənbəyi oldu. Onun rəhbərliyi altında Ordumuz hər bir döyüş tapşırığını şərəflə yerinə yetirdi, azad olunmuş şəhərlərdə dövlət bayrağımız ucaldıldı, milli-mədəni irsimiz qorundu və bərpa edildi.
Azərbaycan xalqı hər il bu günü böyük təntənə ilə qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini yad edir. Zəfər Günü göstərir ki, milli birlik və əzmkar iradə ilə heç bir çətinlik Azərbaycan xalqını dayandıra bilməz.
Bu gün biz azad, qalib və müstəqil Azərbaycanın övladları olaraq daha məsuliyyətli, daha əzmkar olmalıyıq. Qazanılan bu Zəfəri qorumaq, onu yaşatmaq və gələcək nəsillərə ötürmək bizim borcumuzdur.
Ayaz Quliyev
YAP Xızı rayon təşkilatının sədri