Siyasət

  • 2 282

Ölkəmizin Avrasiya məkanında artan nüfuzunun daha bir göstəricisi

image

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edib və ölkəmizin artan beynəlxalq nüfuzunu, yeni reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırıb. Özbəkistan Prezidentinin dövlətimizin başçısına sammitdə fəxri qonaq qismində iştirak etmək üçün dəvət göndərməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsini sübut edir. Ölkəmiz dünyanın nüfuzlu təşkilatlarından olan Şanxay Əməkdaşlıq Təşkilatının üzü olmasa da, bu qurumun üzvləri və təşkilatla sıx təmasda olan dövlətlərlə (Ermənistan istisna olmaqla) yüksək siyasi, iqtisadi və diplomatik münasibətlərə malikdir. Hazırda ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. Qeyd etmək lazımdır ki, 2016-cı ildə Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb və əməkdaşlıq istiqamətləri terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədi üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindən öncə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Pakistanın Baş naziri Şahbaz Şərif, Çin Xalq Respublikasının sədri Si Cinpinlə yüksək səviyyəli görüşləri oldu. Görüşlərin hər birində əməkdaşlığın daha yüksələn xətt üzrə davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. Nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün xüsusi maraq doğurur. Çünki ölkəmizin tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir və biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə öz töhfəmizi veririk. Prezident İlham Əliyev Sammitdə çıxışı zamanı bildirib ki: “Hazırda biz 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikik və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb”. Son 20 ilə nəzər salsaq, görərik ki, Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonar biz işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkirik. Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat və kommunikasiya layihələrinin inkişafı üçün də yeni imkanlar yaradıb. Heç şübhəsiz ki, Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaqdır.
Prezident İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanmasına hazır olmasından, sentyabrın 13-də Ermənistanın genişmiqyaslı hərbi təxribat törətməsindən geniş söhbət açaraq, bildirdi ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti bir sıra tarixi məqamlarla və ölkəmizin Avrasiya məkanında artan nüfuzunun daha bir göstəricisi kimi yadda qaldı.

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri

Digər xəbərlər