Siyasət

  • 3 492

3 oktyabr 1993: Yeni tarixin başlanğıc dövrü

image

Bəhruz Quliyev,

“SƏS” Qəzetinin baş redaktoru,

Fəlsəfə üzrə fəlsəfə doktoru

Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi Liderə ehtiyacı var

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə tarixi günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 1993-cü ilin 3 oktyabr tarixinə təsadüf edir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində məhz xalqının çağırışı ilə onu xilas etməyə gələn Heydər Əliyev 98.84 faiz səslə Prezident seçilməklə ölkə vətəndaşlarının etimadını qazandı.

Mühüm tarixi faktlardan biri də budur ki, Ümummilli Lider Heydər Əliyevin seçkilərdə belə bir böyük qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik bacarığına olan dərin inamdan qaynaqlanırdı. Ən əsası isə Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi Liderə ehtiyacı var.

Fakt budur ki, hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işləri xalqımız unutmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Heydər Əliyevin müstəqil, gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.

Heydər Əliyevin beynəlxalq arenadakı şəxsi nüfuzu bütün tərəddüdlərə son qoydu

Ötən əsrin 90-cı illərinin əvvəllərindəki ağır dövrlərdə məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı yeganə çıxış yolunu Heydər Əliyevdə gördü və əminliklə öz Liderinə etimad göstərdi. İlk növbədə, hər bir azərbaycanlının gələcəyə ümidini itirməməsinə, daha dəqiq desək, inamlı baxışında öz təşəkkülünü tapmış oldu. Bu təşəkkül və təcəssüm hələ ilkin kövrək addımların başlanğıcı idi, qarşıda isə həmin addımları möhkəmləndirmək məsuliyyəti dayanırdı. Ancaq ən əsası, Heydər Əliyev faktoru Azərbaycançlıq məfkurəsinin təməlini qoymuşdu, dövlətimizin, xalqımızın xilasının da kökündə həmin reallıq dayanırdı.

Eyni zamanda, həmin vaxtlar ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan işğalçı Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Məhz həmin vaxtlarda ölkəmizi çətin vəziyyətdən çıxarmaq üçün mükəmməl addım atıldı, Heydər Əliyevin beynəlxalq arenadakı şəxsi nüfuzu bütün tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu tarixi saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Bu baxımdan, sözügedən proseslərin təhlilini apararkən həm də belə bir nəticə hasil etmək mümkündür: Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb!

İlk növbədə isə qarşıda dayanan məqsəd erməni işğalına son qoymaq üçün bu istiqamətdə ilkin strategiyanın müəyyən edilməsi oldu. Ümumiyyətlə, Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı.

Ulu Öndər Heydər Əliyev: “Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”

Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.

Ulu Öndərimiz Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.

İlkin strategiya müəyyən edildikdən sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan düha kimi qalıb

Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan düha kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.

Bu arada, mühüm və daim xatırlana bilinəcək nüansa toxunaraq istərdim ki, əgər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, ideyası, əsaslı şəkildə dərk olunmasaydı, bu gün biz Zəfər və Qələbə əzmimizdən danışa bilməzdik. Qarabağımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən 44 günlük Zəfər yolumuzun da təməlində məhz bu tarixi məfkurə, ideyaya sadiqlik, layiqli varislik dayanır. Və bu gün Prezident İlham Əliyev çıxışlarında bu kimi tarixi faktların qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlərini ifadə edərkən də xüsusi olaraq Ulu Öndər Heydər Əliyevin tarixi qərarlarından və bütövlükdə Azərbaycan xalqının ona olan böyük etimadından danışır, xatırlamalar edir, qərarlı addımlar atır, bunu millətin, dövlətin, xalqın iradəsinə xas olduğunu vurğulayır.

Ölkəmizdə hökm sürən xaotik və anarxist meyllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Heydər Əliyevin Liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda hakimiyyətdə olan səriştəsiz qüvvələr – AXC-Müsavat cütlüyü istər Naxçıvanda, istərsə də Bakıda korporativ maraqlar əsasında çıxış edərək sabitliyə və inkişafa mane olmaq yönündə xüsusi fəallıq göstərirdilər. Daha dəqiq desək, ölkəmizin o zamankı iqtidarının müstəqillik ideyalarına etinasız yanaşmalarının nəticəsi idi ki, şəraitdən istifadə edən təcavüzkar Ermənistan strateji baxımdan ən əlverişli ərazilərimizi işğal etdi və bu da son deyildi...

Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların zaman-zaman daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını, yenicə əldə etdiyi müstəqilliyini böyük sual altında qoymuşdu. Ölkədə tam bir anarxiya yaşanır, daxili çəkişmələrin ardı-arası kəsilmirdi. Hətta əlinə silah alan hər kəs dərhal hakimiyyəti ələ keçirməyə çalışırdı və eyni zamanda, çox təhlükəli separatçılıq amilləri meydana çıxmışdı. Belə bir acınacaqlı vəziyyət 1993-cü ilə, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Heydər Əliyevin Liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı.

Prezident İlham Əliyevin hələ 2003-cü ildə ölkə başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi

Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və səmərəli xarici siyasət kursunun həyata keçirilməsi müasir Azərbaycan dövlətinin gücünü artıran fundamental faktor kimi çıxış edir. 44 günlük Vətən müharibəsi və Zəfər reallığı isə bu fundamental faktorlara əlavə əhəmiyyətləri daxil etdi.

Prezident İlham Əliyevin hələ 2003-cü ildə ölkə başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun Ümummilli Lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir.

Hələ illər öncə İlham Əliyev dövlət xadimi olaraq Azərbaycanın Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını bəyan edir, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmayacağını vurğulayır, haqq və ədalət səsimizi çoxsaylı beynəlxalq sammit və konfranslarda bəyanatlarla ucaldırdı.

Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı. Bu, həm də belə bir qənaətdir ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev zamanında işğal altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü. Uzaqgörən və əbədi liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı. Həqiqətən də bu böyük, nəhəng bir tarixi hadisə oldu və bu hadisənin canlı şahidləri olaraq bizlər nə qədər şərəfli tarixi dövrü yaşamağımızdan hədsiz qürur hissi duymaqdayıq. Bu hiss ölçüyəgəlməz dərəcədə nəhəngdir!

Bu gün həyata keçirilən müstəqil daxili və xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Bu, Ulu Öndər Heydər Əliyev yolunun məntiqi davamı, xalqın birmənalı dəstək verdiyi siyasətin bariz nəticəsidir. Azərbaycan xalqını qarşıda hələ çox təntənəli, möhtəşəm və nəhəng zəfərlər, qələbələr gözləyir!

Beləliklə, Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.

Digər xəbərlər