Siyasət

  • 1 207

Böyük siyasətçinin uzaqgörənliyi - ŞƏRH

image

Xalqımızın tarixində silinməz və danılmaz yeri olan böyük simalar , müdrik insanlar çoxdur. XX əsrdə Azərbaycan tarixində yeni bir dövrə imza atan şəxsiyyət isə Ümummilli Lider Heydər Əliyev oldu . Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Mükəmməl təhsilə yiyələnən Heydər Əliyev SSRİ-dövründə müxtəlif vəzifələrdə çalışmışdır. Ancaq buna baxmayaraq şan-şöhrət , onu heç vaxt cəlb etməmişdi. Onun üçün ən böyük qiymət xalqın məhəbbəti olmuşdur. O, daima siyasi aləmdə nüfuzundan istifadə edərək doğma vətəni Azərbaycan üçün böyük işlər görmüşdür. Sovet dönəmində Azərbaycanda bir sıra sənaye müəssisələri onun sayəsində tikilmiş, istifadəyə verilmişdi. Onun ən böyük töhfəsi ilə Mingəçevir su Elektrik Stansiyası tikildi.

Böyük siyasətçinin uzaqgörənliyi sayəsində ölkəmiz hal-hazırda elektrik enerjisinin çox faizini özhesabına əldə edir. Heydər Əliyev incəsənət , mədəniyyət aləmdə istedadlı insanlara arxa-dayaq olmuş onların sənətinin inkişafı üçün şərait yaratmışdır. Ulu Öndər Heydər Əliyev mədəniyyətə böyük qiymət verərək demişdir “Yüksək mədəniyyətə malik olan xalq irəli gedəcək, həmişə yaşayacaq , həmişə inkişaf edəcəkdir” Heydər Əliyev Sovet rəhbərliyinin etdiyi haqsızlıqlara dözməyərək 1987-ci ildə katib M.Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa verir.1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə onu çox sarsıdır.

Əsl vətənpərvər kimi bu hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək 20 yanvar hadisəsinə öz etirazını bildirərək qeyd edib ki, Azərbaycan xalqı bu qətliyamla heç zaman barışmayacaq, öz oğul və qızlarının qanını yerdə qoynayacaqdır.

1993-cü ildə may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşdiyi bir dövrdə böyük, uzaqgörən siyasətçi kimi hərəkət edir və Azərbaycanda vətəndaş müharibəsinin, qardaş qanının tökülməsinin qarşısını alır.

1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilir. Heydər Əliyev xalqın tərkidi ilə hakimiyyətə qaytarılması nəticəsində Respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə və separatçı meyllərə son qoyulmuşdur.

Heydər Əliyev Prezidentliyi dövründə ikinci böyük addımı atır Qarabağ müharibəsinin sülh yolu ilə həll olunması üçün şərait yaradır. Onun qətiyyətliliyi, əzmkarlığı və uzaqgörənliliyi nəticəsində 1994-cü il may ayının 12-də qarşı tərəflə atəşkəs haqqında razılıq əldə olunur.

“Azadlıq və istiqlaliyyət hər xalqın milli sərvətidir” deyən Ulu Öndər Heydər Əliyev daxili və xarici siyasəti ilə Azərbaycanın nüfuzunu artırmış hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdi.Müstəqil Azərbaycan Dövlətinin qurucusu kimi xalqın məhəbbətini qazanan Heydər Əliyevin hakimiyyəti dövründə güclü Azərbaycan ordusu yaradıldı. “Əsrin müqaviləsi” imzalandı. Təhsilimiz dünya təhsil sisteminə inteqrasiya olundu. Müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olundu. Üçrəngli bayrağımızın başımızın üstündə daha əzmlə dalğalandı.

Heydər Əliyev təkcə görkəmli dövlət xadimi deyil, həm də dünya miqyaslı siyasətçi olmuşdur. O, nadir seçilən siyasətçi idi. Bu bacarıq onda fitrən mövcud idi. Heydər Əliyevin sözü təkcə yaxın regionlarda deyil, həm də Qərb miqyasında keçərli idi. O, professional olaraq beynəlxalq səviyyədə düşüncəyə və təhlillər aparmağı bacarırdı.

Onun gələcəyi görmək qabiliyyəti çox güclü idi. Heydər Əliyev təhliledici düşünmə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə , dünya mədəniyyətinə bələdliyi və yüksək intellekti ilə hamını heyrətləndirirdi. Xeyirxahlıq və alicənab, inam və etibar, təmkin və səmimiyyət, zəka, savad Heydər Əliyev xas xüsusiyyətdən idi.

Təsadüfi deyil ki, dünyanın bir çox siyasi xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgələrimizdə sülh naminə fövqəladə xidmət göstərən Heydər Əliyevin həyat və fəaliyyəti biz gənclərə bir örnəkdir. Ulu Öndərimiz gənc nəslin yararlanması üçün bir məktəb “Heydər Əliyev yolu” qoymuşdur. Bu şərəfli yolun ən uğurlu davamçısı isə böyük dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevdir.

Çox təəssüf ki, insan həyatı çox qısadır. Bu acı həqiqətlə xalqımız 2003-cü il 12 dekabr tarixində bir daha razılaşmalı oldu. Bu tarixdə biz dahi şəxsiyyət Ulu Öndərimiz Heydər Əliyevi fiziki cəhətdən itirdik. Təsəllimiz isə onun unudulmaz xatirəsi oldu. Lakin onun yeri qədirbilən Azərbaycan xalqının qəlbindədir, ürəyindədir. Bu dahi insanın Fəxri Xiyabanda yerləşən məzarı əbədi məbəddir. Nə qədər ki, Azərbaycan xalqı var bu məbəd onun ziyarətgahı olacaqdır.

Ümman Rüstəmli

Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədr müavini

Digər xəbərlər